adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2014 18:03
2959
GÜNDƏM
A- A+

Zakir Həsənov Türkiyədən gəlmiş hərbçilərlə görüşüb

müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər. Müdafiə Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Z.Həsənov təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb. Sonra Azərbaycan HHQ-nin nümayəndəsi polkovnik Elçin Axundov və Türkiyə HHQ-nin nümayəndəsi, polkovnik Nihat Çırakoğlu təlimlərdə iştirak edən heyətin hazırlığı, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinqlə çıxış ediblər. Təlimlərin əhəmiyyətini vurğulayan müdafiə naziri bunun tarixi bir hadisə olduğunu qeyd edib və ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamını bir daha xatırlayaraq Azərbaycan ilə Türkiyə dostluğunun əbədi olduğunu diqqətə çatdırıb. Müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə təlimlərin keçirilməsinə dəstək olduqlarını qeyd edərək dövlət başçılarına minnətdarlığını bildirib: "Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır”. Sonra təlim iştirakçılarına və müdafiə nazirliyinin rəhbərliyinə xatirə hədiyyələri təqdim edilib. Sonda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurla davam etdirilməsi şərəfinə ənənəyə uyğun olaraq qurban kəsilib.