adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Sentyabr 2014 17:39
3230
MƏMLƏKƏT
A- A+

Səhiyyə naziri üzü yanmış azyaşlıyla bağlı xüsusi tapşırıq verdi

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlar üçün qəbul keçirib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının sakinləri iştirak ediblər.


Qəbul zamanı sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı, ümumilikdə, 50 nəfərin müraciəti dinlənilib, səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılıb.


Qəbulda qonşu ölkələrə, əsasən də, İran İslam Respublikasına müalicə üçün üz tutmuş, sonradan daha da kəskinləşmiş vəziyyətdə yerli mütəxəssislərimizdən tibbi yardım istəyən vətəndaşların sayı üstünlük təşkil edib. Artıq ölkəmizdə daha keyfiyyətli tibbi yardım alacaqlarına əmin olan vətəndaşların hər biri nazir tərəfindən diqqətlə dinlənmişdir və onlara dair müvafiq göndərişlər müəyyən edilib. Müraciətləri üstünlük təşkil etmiş sakinlərin digər bir qismi əsasən Qarabağ uğrunda gedən döyüşlərdə əlil və ya şəhid ailəsi olmuş vətəndaşlar idi ki, onların da istək və xahişləri məmnuniyyətlə yerinə yetirilib və hər biri razılıqla səhiyyə nazirinə öz minnətdarlıqlarını bildiriblər.

 

Üz nahiyəsi tamamilə yanmış azyaşlı uşaq xüsusi tapşırıqla Respublika Yanıq Mərkəzinə, avtomobil qəzasından sonra ağır fəsadlaşmış travmaları olan şəxs Respublika Travmatologiya və Ortopediya İnstitutuna, görmə qabiliyyətini itirmiş vətəndaş Göz Xəstəlikləri İnstitutuna və s. bu kimi əksər müraciətlər yerindəcə həll olunmuşdur. Ümumilikdə qəbula gəlmiş vətəndaşların qaldırdıqları məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların əksəriyyəti yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.