ƏBƏDi üNVAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
33265 | 2007-10-06 04:07
Səhərin yuxulu gözləri yenicə açılıb. Payız havası bu boz-bulanıq səhərdə günəşə bir tələbat oyadır. İstər-istəməz adam bir az qalın paltara meyl göstərir. Necə deyərlər, vaxt, vədə öz sözünü deyir. Heç nəyə, heç kimə baxmadan...
   
   Şəhərimizdə müqəddəs bir ünvan var. Nədənsə həmişə o yer məni özünə çəkir və həmişə istəyirəm ki, orada tək olum. Yanımda, ətrafımda tanış-bilişdən heç kim olmasın. Baş-başa qalım burdakı şəkillərlə, başdaşlarıyla. Amma düzünü deyəcəm, qorxmuşam ordan. Lap dəqiq desəm, ora getməkdən qorxmuşam, çünki...
   
   Şəhidlər Xiyabanı... Bir xalqın, bir millətin And yeri, İnanc yeri... Bir xalqın, bir millətin üz ağlığı, baş ucalığı... Bir xalqın, bir millətin qürur yeri, güvənc ünvanı...
   
   Zaman o zaman olmasa da məkan həmin məkandı. Biz də elə az-çox həmin insanlarıq. Bir-birimizə qarşı soyuq, laqeyd, bir-birimizi üzdə anlayıb daxildə etinasızcasına unudanlar. Bəlkə başqa adımız da var, bilmirəm. Amma mən çox gözəl anlayıram ki, zaman o zaman olmasa da həmin bu məkanda biz özümüz oluruq. Biz kimliyimizi, kimlər üçün yaşadığımızı, kimlər üçün döyüşdüyümüzü, kimlər üçün şəhidliyin zirvəsinə ucaldığımızı burda xatırlayırıq. Tanrı günahımdan keçsin. Mən burda hər kəsi ayaq üstə öz işinin, öz sənətinin başında görürəm. Əsgəri səngərdə, məktəblini sinif otağında, fəhləni dəzgah arxasında, alimi öz laboratoriyasında...
   
   Hər dəfə Şəhidlər Xiyabanına üz tutanda dediyim həmin o qorxu ilk anda alır məni qoynuna. Bu qorxu onlarla bir sırada ola bilməməyin, onlarla bir səngərdə dayanıb həmin keçilən yolu aşa bilməməyin qorxusudu. Bəlkə də bu, utancdı. Bəli, həqiqətən utancdı. Biz, söhbət şəxsən məndən gedir, onlara layiq ola bilmişikmi? Deyəcəksiniz ki, hər kəsin öz yanaşması, öz baxış bucağı var. Razıyam, amma...

TƏQVİM / ARXİV