ÇÖRƏK SEXLƏRİNDƏ ÖZBAŞINALIQ

FAİQ QİSMƏTOĞLU
70775 | 2014-09-19 01:07
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün ölkəmizdə hər cür şərait yaradılıb və onlara "yaşıl işıq" yandırılıb. Bu işlə məşğul olan heç kəs deyə bilməz ki, onların fəaliyyətinə hansısa dövlət qurumu maneçilik törədir. Əksinə, dövlət və dövlət qurumları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar üçün hər bir şərait yaradılıb.
Təəssüflə qeyd etməliyik ki, bəzi dırnaqarası iş adamları bu şəraitdən öz maraqları üçün istifadə etməyə çalışırlar. Bir çox halda onlar mövcud qaydaları pozur, keyfiyyətli məhsul istehsal etmir və sanitar-gigiyenik qaydalara barmaqarası yanaşırlar. Əlbəttə, bu da son nəticədə məhsul istehsalında özünü büruzə verir.
Bu gün ölkəmizdə çörək istehsalı ilə məşğul olan çoxlu sayda sahibkarlar var. Onların bəzilərinin iş metodları hər cür tələblərə cavab verir, yeni texnikalar və texnologiyaları istehsalata gətirməklə keyfiyyətli məhsul istehsal edirlər. Aydındır ki, keyfiyyətli çörək istehsalı üçün bir çox zəruri tələblərə ciddi əməl edilməlidir. Ən azından çörəyin istehsalı, saxlanılması və qablaşdırılması zamanı bir çox ciddi addımlar atılmalıdır. Mövcud qaydalara görə, istehsalat sahələrində hazırlanan çörək məmulatları soyuyandan sonra satış mərkəzlərinə göndərilməlidir.
Ancaq buna baxan kimdir? Əksər çörək sexləri çörək bişən kimi səliqə-sahmana və gigiyenik qaydalara məhəl qoymadan taxta qablara yığılır və ordan da çörək buğlana-buğlana mağazalara göndərilir. Çörək daşıyan bəzi maşınların bu iş üçün əlverişsiz olduğu aşkar edilib. Bir də görürsən ki, hansısa minik maşınının arxa oturacağına yığılmış çoxlu sayda isti çörəklər mağazaya gətirilir və həmin anda da satışa çıxarılır.
Hələ bunlar azmış kimi çörəyin bişirilməsi prosesində də texnoloji qaydalara riayət edilmir. Qəribə də olsa qeyd etməliyik ki, bəzi çörək sexlərində istehsalat avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəlib. Üstəlik də müasir texnikadan istifadə edilmədiyi üçün bir çox işlər insan əməyi ilə gerçəkləşdirilir.
Elə çörək sexləri də var ki, sanitar və gigiyenik baxımından çox qüsurludur. Orada unun saxlanılmasından tutmuş xəmirin yoğurulmasına qədər böyük nöqsanlara və qanun pozuntularına yol verilir. Məhz bunun nəticəsidir ki, çörək mağazalarından çörək alarkən onun içindən tük, şüşə, taxta qırıntıları çıxır. Bu isə bilavasitə həmin çörək sexlərində normativ qaydaların tələblərə uyğun gəlmədiyinə dəlalət edir. Hələ biz onu demirik ki, çörək sexlərində çalışan insanların əksəriyyəti sağlam olmalıdır. Başqa sözlə demiş olsaq, həmin adamlar üç aydan bir tibbi müayinədən keçməli və sağlamlıqları haqqında həkim arayışı olmalıdır.
Əgər əksər çörək sexlərinə aidiyyəti qurumlar qəfil reydlər keçirsə, onda görün nə qədər qanun pozuntuları aşkarlanar. Təbii ki, bu cür reydlər Bakıdakı çörək sexlərinin bir çoxunda dediyimiz qurumlar tərəfindən həyata keçirilib. Həmin reydlər zamanı da kobud qayda pozuntuları aşkarlanıb. Bəzi çörək sexlərində istifadə olunan duzlar emal olunmayıb. Yəni həmin duzların tərkibindəki zəhərli və zərərli maddələr emal prosesi zamanı çıxarılmayıb.
Çörəkçilikdən və istehsalatdan xəbəri olmayanlar isə pul qazanmaq naminə nəyə desən əl atırlar. Qorxulusu odur ki, bu adamlar nəzarətsizlik olduğunu hiss edəndə daha da çərçivəni aşırlar.
Əlbəttə, Bakıda və eləcə də regionlarda standartlara cavab verən kifayət qədər çörək sexləri fəaliyyət göstərir. Amma onların arasında bu gözəl nemətə qarşı cinayət edən və insanları pis vəziyyətə salan dırnaqarası çörəkçilər də var. Bax, belələrinin qarşısı aidiyyəti qurumlar tərəfindən alınmalı, onların istehsalat sahələrinə ciddi diqqət yetirməli, texnoloji tələblərə və yeni qaydalara cavab verməyən çörək sexlərinin fəaliyyəti dayandırılmalıdır. Bu addımı atmaqla aidiyyəti qurumlar böyük bir təhlükənin qarşısını almış olacaq.


TƏQVİM / ARXİV