adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"SƏN GƏRƏKDi ŞADLANASAN, GüLƏSƏN"

OQTAY SALAMOV
23934 | 2007-10-05 05:59
Səhər-səhər ulduz falımda dedilər ki, bu gün sevinəcəksən. Elə xəbəri eşidəndə sevindim və özümü köklədim sevinmək dalğasına. Bir su vuran xalamız var, gündə 2 saat verilməli suyumuzun "qnofqa"sını basır. Deyəsən, ərinin adı Yezid olub, ailə ənənəsini davam eləyir. Bu səhər də suyu düz 25 dəqiqə verdi. Amma mən sevindim, verməsəydi neynəyəcəkdim ki?... "Sliviçni" adı ilə aldığım yağ özünü bir az yaxşı aparmadı, soyuducunun aşağı gözündə də donmuşdu. Çətinliklə qopardığım "kusok" bir az marqarin, bir az da tamam başqa bir dad verdi. Köhnə bir mahnıdan "Fərhad qaya çapanda yadına Şirin düşər" sətirlərini mızıldadım ki, ürəyim qalxmasın, sevincə xələl gələ bilərdi.
   
   Blokumuzun Fələstinin Qəzza bölgəsini xatırlatdığına növbəti dəfə diqqət yetirəndə istədim sevinc qazını bir az azaldım, amma etmədim. Çünki prezidentimiz dünən sərəncam imzalayıb, inşallah, bir-iki ilə vəsait olar, düzəldərlər. Deyəsən, bu "T" hərfi uğursuz hərfdir axı. 247-ci marşrut gül kimi işləyir. Bizimkinin yanına bir "T" də qoyublar, düşüb tərsə. Amma heç bu da sevincimi poza bilməzdi. Metroda təzə bir dəb düşüb, cavan oğlanlar paçalarını aralayıb otururlar. Başa düşmürlər ki, metro ilə gedənə lotuluq qətiyyən yaraşmır, onda "Xammer"də gəzənlər gərək şpaqat açsınlar. Hə, bir də metroda cavanlara elə bil yuxu dərmanı verirlər, hamısı oturub gözlərini yumurlar. Adama elə gəlir ki, yaşlılara yer verməmək üçün belə eləyirlər, amma bu gün mən elə fikirləşmədim, sevincimin dozası azala bilərdi.
   
   İşdə qəzetləri oxuyanda bir-iki xəbərə o qədər sevindim ki, qıraqdan baxanlar dəli olduğumu güman eləyərdi. Mən paxıl adam döyüləm, bəzilərini yazım siz də sevinin. Həm də deyrilər ki, dünyada yeganə şey sevincdir ki, böləndə çoxalır.
   
   Bir-iki gün öncə bir yazı getmişdi ki, Macarıstanda ermənini öldürməkdə təqsirli bilinən Ramil Səfərovun nənəsini yaşadığı evdən küçəyə atıblar. Bu gün məlumat getdi ki, sən demə, küçəyə atılan Ramilin nənəsi deyilmiş. Küçəyə atılan qadın Ramilin anasının ögey xalasıdır. Ayə, nə qədər sevindim, nə təhər sevindim!.. Deyirəm axı, bizimkilər Ramilin nənəsini küçəyə atmazlar. Anasının ögey xalasından ziyan yoxdur...
   
   Prezidentimizin sərəncamı ilə Yazıçılar Birliyinin 70 üzvünə təqaüd veriləcək. 50 nəfər yaşlı yazıçıya ayda 300 manat, 20 nəfər cavan yazıçıya ayda 200 manat verəcəklər. Siyahı üstündə qırğın-qiyamət gedir. Bir yön tapıb razılaşacaqlar. Məni avans olaraq sevindirən odur ki, indiyəcən cins geyinib özünü cavan kimi göstərənlər adları 300 manatlaq siyahıya düşsün deyən bəlkə də çəliklə gəzməyə başlayacaqlar. Yazıçını belə ağırtaxtalı, müdrik, kübar görəndə necə sevinməyəsən axı. Elə o 200 alanlar da sevinəcək. Təkcə ona görə yox ki, təqaüd alırlar, həm də hələ onları gənc saydıqlarına görə sevinəcəklər. Hələ "qoy qocalaq, 300 alan vaxtımız da olacaq" deyənlər də tapılacaq.
   
   Bir xəbəri oxuyanda sevincimdən az qala huşumu itirəcəkdim. Deyir, Qarabağ Azadlıq Təşkilatı daha radikal addımlar atacaq, Bakıya gələn erməniləri girov götürəcək. Amma nə kef olacaq: təsəvvür eləyin, samolyot, qatar dayanır, ermənilər əlləri göydə gəlirlər, arxalarınca onu qarşılayan bacıoğulları veşlərini gətirilər. Erməni oturur QAT-ın maşınına, bacoğullar minir "Mercedes"lərə. Biri naməlum istiqamətə gedir, o birilər çox məlum ünvanlara. Deyirəm, yaxşı ki, QAT təlimlər keçirib Bakıda olan erməniləri girov götürməklə məşq etmirlər. Yoxsa mütləq bihuş olardım, yəqin məni və mənimkimiləri düşünüblər, çox sağ olsunlar......
   
   Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin verdiyi bir xəbərə də babat, özü də xeyli babat sevindim. Aydın müəllim deyir ki, son günlərdə yerli istehlakçılar satdıqları toyuq və yumurtanın qiymətini ucuzlaşdırıblar. Deyəsən, bizim naşükürlüyümüz istehlakçıların xoşuna gəlməyib, Aydın müəllim deyir ki, ucuzlaşma bitdi, innən belə bahalaşma gedəcək. Məni sevindirən bahalaşma deyil, Aydın müəllimin bahalaşmanın səbəblərini izah eləməsidir. Yem bahalaşır, istifadə olunan avadanlığa görə 18 faiz ƏDV alınır, hökumət də hələ Quşçuların müraciətinə baxmayıb. Bəs bu qiymət qalxmasın, neynəsin? Ən çox ona sevindim ki, xoruzlar zabastovka eləməyiblər. Onlar da "otkaz" eləsə, toyuğu qoyun qiymətinə satacaqlar, qoyunu buğa qiymətinə. Bilmirsiniz, filin qiyməti neçəyə olar?..
   
   Srağagün qəzetlərin hansındasa oxumuşdum ki, həbs olunmuş jurnalistlərimiz çox pis şəraitdə, havasız kameralarda saxlanılır. Yaman dilxor olmuşdum ki, bu nə ayrı-seçkilikdir. Bu gün bu dilxorçuluğa da son qoyuldu. Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov açıqlama verdi ki, bizim həbsxanalarda fərqli kameralar yoxdur, hamı eyni şəraitdə saxlanılır: "O həbsxananın binası çar Rusiyası dövründə tikildiyi üçün bir qədər problemlər var". Deyirəm axı, jurnalistlərlə nə düşmənçilik var ki,onların havasını kəssinlər?..
   
   Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin iki üzvü piyada Məkkəyə yola düşüblər. Mən ölüm, qanadlarımı kəsməyin, uçacam. Başa düşürsünüz bu nə boyda sevincdir? Əgər veteranlar piyada bu yolu gedə bilirlərsə, pulu olmayan, amma hacı olmaq arzusunda olanlar gedib ayaqqabı sifariş verə bilərlər. Bu il bizə ayrılan 6 minlik kvota da batmaz. Amma pullu olsa daha yaxşıdır, dini idarəmiz də müflis olmaz...
   
   Avropa Məhkəməsinə onların tələblərinə cavab verə biləcək hakim tapılmadığını, Xaçmazda məktəbli uşaqlara canavarların hücum elədiyini, Rəqsanənin düşmənlərini Allaha tapşırdığını... yazıb sevincinizə haram qatmaq istəmirəm. Di sağ olun, mən getdim sevinməyə...
   
   

TƏQVİM / ARXİV