adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
18 Sentyabr 2014 18:02
3086
GÜNDƏM
A- A+

XİN-dən Avropa Parlamentinə etiraz

"Avropa Parlamentinin 18 sentyabr tarixində Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə tamamilə əsassız və qeyri-obyektivdir”. Adalet.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Avropa Parlamentinin 18 sentyabr tarixində Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamə ilə bağlı verdiyi şərhdə bildirilir.

Açıqlamada qeyd olunur ki, Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub: "Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə edilmir. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır”.

E. Abdullayev qeyd edib ki, sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan "Cənub Qaz Dəhlizinin genişləndirilməsi” və Trans-Anadolu layihəsinin təməlqoyma mərasimi ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir: "Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir. Özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən bu kimi dairələrin ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına bilərəkdən göz yummaları onların əsl niyyətindən və ikili standartlara xidmət etmələrindən xəbər verir”.