adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2014 16:01
3396
MƏMLƏKƏT
A- A+

DİN jurnalistləri məsuliyyətsizlikdə qınadı

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşı Fərəc Əzizovun işdən qovulması ilə bağlı rəsmi açıqlama verib. Adalet.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov həmin polis əməkdaşının işdən çıxarılmasını təsdiqləyib: "Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Şəki Apellasiya Məhkəməsində keçirilən proses barədə xəbər dərc olunub. Prosesdə şahid qismində iştirak edən sabiq polis nəfəri Fərəc Əzizovun guya uydurma bəhanə ilə işdən qovulduğu xəbərdə iddia edilir. Tamamilə əsassız və qərəzli olan bu iddia ilə bağlı deməliyəm ki, ümumiyyətlə, indiki zamanda dövlət qurumlarından, o cümlədən daxili işlər orqanlarından heç bir əməkdaş "uydurma bəhanə” ilə işindən kənarlaşdırılmır. Orqandan xaric olunmanın konkret səbəbləri olur və buna uyğun olaraq qanuna müvafiq də qərar qəbul olunur. Məlumatda adı keçən İsmayıllı Rayon Polis Şöbəsinin sabiq əməkdaşı Fərəc Əzizovun da xaric edilməsinin əsaslı və konkret səbəbləri olub. Belə ki, o, rayondakı ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin satılmasında vasitəçilik etdiyinə, xidməti vəzifəsinə laqeyd və məsuliyyətsiz yanaşdığına, bununla da polis əməkdaşı adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə daxili işlər orqanlarından xaric edilib. Belə bir sıravi polis nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "DİO-da Xidmətkeçmə haqqında” Əsasnməyə uyğun işdən kənarlaşdırılmasını əsassız və qərəzli olaraq siyasiləşdirmək, ona siyasi çalar vermək, ən azından məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır”. 

Qeyd edək ki, bu gün bir sıra KİV-lərdə "İsmayıllı işi”nin iştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün polis əməkdaşı Fərəc Əzizovun işdən qovulması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, sentyabrın 17-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı iğtişaşları işi üzrə prosesdə İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib.