adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Sentyabr 2014 12:40
5459
MƏMLƏKƏT
A- A+

“Əsrin müqaviləsi”nin 20 illiyi Vaşinqtonda qeyd olunub

Müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli enerji siyasətinin başlanğıc nöqtəsi kimi qəbul edilən "Əsrin müqaviləsi”nin 20 illiyi Vaşinqtonun möhtəşəm mədəniyyət ocağı olan Kennedi Mərkəzində qeyd olunub.

Ölkəmizin ABŞ-dakı səfirliyi, bp şirkəti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Departamenti və Enerji Departamentinin yüksək rütbəli rəsmiləri, Konqres üzvləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər "Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti, onun yol açdığı digər əməkdaşlıq layihələri və əldə olunmuş nailiyyətlər barədə danışıblar. Səfir Elin Süleymanov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq bazara çıxış imkanı qazanması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Məlumat verib ki, yaxın günlərdə Bakıda daha bir tarixi hadisə yaşanacaq. Sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçiriləcək və bununla da bütün region və iştirakçı dövlətlər üçün yeni bir eranın başlanğıcı qoyulacaq.

ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, sabiq konqresmen Bil Delahant (Bill Delahunt) və icraçı direktor Süsən Sadıqova "Əsrin müqaviləsi”, onun Azərbaycan və regionumuzun inkişafına verdiyi töhfə barədə fikirlərini səsləndiriblər.

Daha sonra ABŞ Konqresinin üzvləri Cim Moran (Jim Moran), Ruben Inoxoza (Ruben Hinojosa), Andre Karson (Andre Carson), Henri Kuellar (Henry Cuellar) və Donald Peyn (Donald Payne) ABŞ-Azərbaycan münasibətlərinin inkişafına dəstəklərini ifadə edərək ölkəmizin regiondakı lider rolunu vurğulayıb və Azərbaycan xalqını "Əsrin müqaviləsi” nəticəsində əldə olunmuş uğura görə təbrik ediblər. İlk dəfə Azərbaycanda 20 il əvvəl, "Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində olduğunu xatırladan Cim Moran bu müddət ərzində ölkəmizin inanılmaz inkişaf yolu keçdiyini bildirib, hər kəsi Azərbaycana səfər etməyə çağırıb. Ruben Hinoyoza Azərbaycan Prezidentinin "qara qızılı insan kapitalına” çevirmək devizi altında həyata keçirilən fəaliyyətləri təqdir edib. Andre Karson Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. Bundan əlavə, Pit Qaleqo (Pete Gallego), Mayk Fitçpatrik (Mike Fitzpatrick) və Stiv Stokman (Steve Stockman) kimi konqresmenlər tədbirə qatılmaqla, Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Tədbirin təşkilatçılarından biri olan bp şirkətinin nümayəndəsi, Cənub Qaz Dəhlizinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə vitse-prezidenti Co Mörfi (Joe Murphy) və Trans-Adriatik qaz kəmərinin (TAP) xarici işlər üzrə direktoru Maykl Hofman (Michael Hoffman) vaxtilə "Əsrin müqaviləsi” haqqında səsləndirilmiş pessimist proqnozlara baxmayaraq, onun uğurla icra edildiyini bildirib və yaxın günlərdə təməli atılacaq Cənub Qaz Dəhlizinin də eyni uğur qazanacağına inamlarını diqqətə çatdırıblar.

ABŞ Administrasiyası adından çıxış edən Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn (Amos J Hochstein), enerji nazirinin köməkçisi Conatan Elkaynd (Jonathan Elkind) və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin (Eric Rubin) öz növbələrində "Əsrin müqaviləsi”nin imzalanmasına və həyata keçirilməsinə ABŞ-ın verdiyi həlledici və davamlı dəstəyi xatırladıb və bu layihənin iki ölkə arasında möhkəm əməkdaşlığa dəlalət etdiyini söyləyiblər. "Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi münasibətilə Bakıda keçiriləcək tədbirə qatılacaq Amos Hokştayn və 20 il öncə Bakıda tarixi mərasimin iştirakçısı olmuş Conatan Elkaynd Cənub Qaz Dəhlizi layihəsinin geniş perspektivlərini qeyd ediblər. Erik Rubin isə öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti vurğulayaraq, bu münasibətlərin konstruktiv tərəfdaşlıq və qarşılıqlı hörmət, anlaşma və dəstək üzərində qurulduğunu bildirib.

Tədbir Azərbaycanın istedadlı caz pianoçusu Emil Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri və "İpək Yolu" rəqs qrupunun ifasında milli rəqslərimizlə davam edib.(AzərTAc)