"BüLBüLLƏR" DAR QƏFƏSDƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29398 | 2007-10-03 07:34
Bir vaxtlar keçmiş Sovetlər Birliyində, eləcə də onun hüdudlarından kənarda əməlli-başlı sevgi qazanıb, fəxri fərmanlar, təşəkkürlər, alqışlar sahibi olan və hər kəsin də adını həqiqətən ürək dolusu çəkdiyi "Qarabağ bülbülləri" bu gün Bakıda gözdən, könüldən iraq bir dar guşədə özünə sığınacaq tapıb. Elə bu sığınacağın könül bulandıran və son dərəcə böyük təəssüf hissi doğuran, lakin həm də bülbül avazı ilə cilalanan qoynunda ansamblın yaradıcısı, Yaradıcılıq Birliyinin direktoru Murad Rzayevlə həmsöhbət oldum. Danışdıq, dərdləşdik və bir də gördüm ki, bütün bunların hamısı artıq qəzet səhifəsinə köçürülür. Həmin o söhbətin nəfəsini oxucu ilə üzbəüz buraxdım:
   
   - Murad müəllim, Azərbaycanda bir "Qarabağ bülbülləri" var idi - sözün həqiqi mənasnda bülbüllər... Necə oldu o bülbüllər?
   
   - Bu gün də o bülbüllər var. Cəh-cəh vurur, düz 37 ildi onun səsi, avazı eşidilir.
   
   - 37 yaşlı "Qarabağ bülbülləri" kimləri pərvazlandırıb, kimləri qanadlandırıb?
   
   - Çox-çox böyük sənətkarları, xalq artistlərini, əməkdar artistləri, incəsənət xadimlərini - məsələn, Aygün Bayramova, Nəzakət Teymurova, Feyruz Səxavət, Cabir Abdullayev, Teymur Əmrah, Tacir Şahmalıoğlu, İlhamiz Paşayev, rəhmətlik Sədi Məmmədovu, Sevil Sarıyevanı və daha bir çoxlarını. Kəsəsi, ekranda, efirdə görünənlərin böyük əksəriyyəti "Qarabağ bülbülləri" məktəbini keçibdir.
   
   - Yaxşı, bunları xatırladıq, bəs bunların ardınca kimlər gəlir?
   
   - Onların davamçıları da çox gözəl səs sahibləridi - məsələn Əsgər, Mənsur, Leyla, Humay, balaca Arzu, Pərviz. Maşallah, çoxdu. Bizim bülbüllərin avazı bitib tükənən deyil, bundan qorxumuz yoxdur...
   
   - Murad müəllim, bu dediyiniz və demədiyiniz səs sahiblərini Tanrı qorusun, amma bunlar harada məşq edirlər, bəlkə bu barədə də bir-iki kəlmə deyəsiniz?
   
   - Bax, bu gördüyünüz balaca bir otaqda. Bu otaq da Şuşa Əlillər və Veteranlar Birliyinə məxsusdu, onlar özləri də kirəkeş yaşayırlar, bina isə əslində balıqçılıq nazirliyinə məxsusdur. Bizə verilən bu otaq həm idarə otağıdır, yəni həm kabinetdi, həm də məşq otağıdı, hətta çörəyi də burada yeyirik.
   
   - Heç bu qapını döyən olub?
   
   - Nə barədə?
   
   - Yəni gəlib vəziyyətinizi görüb, halınızdan xəbərdar olmaq istəyənlər olub?
   
   - Heç kim. İnanın ki respublikada elə bir qəzet, televiziya qalmayıb ki, oraya üz tutmayım, gileyimi çatdırmayım. Bu "Qarabağ bülbülləri" qaçqın, şəhid, kasıb uşaqlardı. Əvvəllər Ağdam yerində olanda bizim rayonun uşaqları gəlirdilər bülbüllərin sırasına - məşq etməyə, amma indi bütün qaçqın rayonlardan - Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın... bir sözlə, hamısından uşaqlarımız var. Hətta Xocalıdan da uşaqlarımız var. Amma heç kim, inanın ki, Əbülfət müəllim, konsert məsələsi ortaya çıxanda məni fikir götürür. Fikirləşirəm ki, ay Allah, mən necə edim, bu uşaqları necə geyindirim ki, heç olmasa ikisinin geyimi bir-birinə uyğun gəlsin. Səhnəyə çıxanda gülüş doğurmasın, birinin köynəyi yamaqlı, birinin ayaqqabısı didilmiş, başqasının qara şalvarı ağ sapla tikilmiş və sairə... İndi özün təsəvvür elə də mənim vəziyyətimi. Bu qədər sponsorlara, iş adamlarına üz tutmuşam ki, o mini yupka geyinənlərə, göbəyini göstərənlərə xərclədiklərinizdən beşcə manat da bu uşaqların geyiminə xərcləyin. Amma səsimizə səs verən yoxdu.
   
   - Murad müəllim, mən əvvəldə sizin pərvazlandırdığınız tanınmış sənətkarların adlarını elə-belə soruşmadım. Siz də bəzilərinin adlarını çəkdiniz. Yaxşı, bəs onlar niyə bu qapını döymürlər. Axı, sağlıqlarına qismət hamısının yaxşı imkanları var, bura onların yuvası olub.
   
   - Yox. Bilirsən, təbiətdə də quşların etibarlısı, etibarsızı var. Elə ki qanadlandı çıxıb gedir, bir də yuvaya qayıtmır. Bir az pis məna verməsin, bizim həmin bülbüllər bir az sərçəyə bənzədilər. Bunu açıq deyirəm - uçdular və yuvalarını unutdular. Maşallah, lələk, qanad düzüblər. Düzdü, bəziləri üz-üzə gələndə axtarıb halımı soruşublar. Məsələn, Murad Aslanov - bizim ansamblda qarmon çalan olub. O cümlədən Bəhram Məmmədov, ancaq qalanları axtarmır.
   
   - Axı onların yaxşı imkanları var. Heç olmasa hərəsi bir uşağı himayəyə götürə bilər...
   
   - Çox gözəl fikirdi, onlar əgər gəlib bu uşaqları görsələr, inan Allaha elə öz uşaqlıqlarını görmüş olacaqlar, hətta mən bu uşaqları çox vaxtı onların uşaqlıqları ilə eyniləşdirirəm. Əksəriyyəti yaman oxşayır onların uşaqlıqlarına. Hərə öz oxşarını himayəyə götürsə, həm savab olar, həm də problemimiz ortadan qalxar. Uzağı 15-20 manatlıq bir kostyumdur da, nə bahalı, nə çətin şeydi bunu almaq. Bu gün bizim ansamblda olan istedadlar, ümumiyyətlə, belə bir ansambl ölkənin başqa heç bir yerində yoxdu. Digər tərəfdən respublikada elə bir ansambl yoxdur ki, onun 37 il ömrü olsun və bu gün də öz yolunu fasiləsiz davam etdirsin.
   
   - Murad müəllim, bir söz soruşum, amma xətrinizə dəyməsin. Bu gözəl bülbülləri niyə Bakıda, asfaltın üstündə "məhv edirsiniz", niyə aparmırsınız Ağdama?
   
   - Açıq deyəcəm, "Qarabağ bülbülləri"nin üzvləri ancaq Ağdam uşaqlarından ibarət olsaydı, bu dəqiqə yığışıb gedərdim Ağdama, özü də bu mənim ən böyük arzumdu.

TƏQVİM / ARXİV