adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Qoca əkinçinin ölümü

TURAL SAHAB
26676 | 2014-09-18 01:47
(Hekayə)

Günəş yavaş- yavaş batır, dağlarla göy üzünün birləşdiyi yerdə buludlar öz qırmızı rəngiylə xəzan çağı yarpaqlarına bənzəyirdi. Otların qoxusu, cırcırama səsləri, yaxındakı çaydan gələn qurbağaların nəğməsi sanki birləşib günəşə ismarıc göndərirdi. Qoca əkinçinin alnındakı təri silirdi külək öz sərin nəfəsi ilə. Çətin keçən bir həyatdan sonra romantik bir ölüm bəxş edirdi Tanrı ona. Bəli, qoca ölürdü. Bu gün də tarladakı işlərini bitirib, istirahət üçün lap uşaqlıqdan əkdiyi bir ağacın kölgəsində əyləşdi, sərin bulaq suyundan bir az içdikdən sonra ayağa qalxmağa çalışsa da bacarmadı. İllərlə onu daşıyan ayaqlarının bu dəfə ona gücü çatmırdı. O, da anladı daha sonun gəldiyini, bir daha günəşin doğuşunu seyr edə bilməyəcəyini. Onun üçün doya-doya seyr etmək istədi günün batmağını. Deyilənə görə insan ölüm anında bütün həyatını xatırlayır və onun canını almağa gələn ölüm mələyi ən sevdiyi insanın cildində gəlir. Ölümün gəldiyini görən qoca həyacanlanmağa başladı. Qorxduğu üçün deyil, ən sevdiyini görə biləcəyi üçün. İnanclı biri idi, ölümün son deyil də, yeni bir başlanğıc olduğunu çox gözəl bildiyindən ölümdən qorxmurdu. Yavaşca yerə uzandı. İndi sadəcə gözlərinə hökm edə bilirdi, hər şeyə hökmü çatan Tanrıya sığındı. Qəribədir Günəş tam batacaqkən dayanmış göy üzündə sanki onu gözləyirdi. Yaxınlıqdakı bulağın səsi susuzluqdan çatlayan dodaqlarını nəmləndirir, ona həyat təravəti bəxş edirdi...
Keçmişə qayıtdı qoca əkinçi, bir kəpənəyin qanadlarında. Düz uşaqlığına. İndi həyətlərində idi. Anası, atası bütün yaxınları orada bir süfrənin ətrafına yığılmışdı. Özünü də gördü. O, da əyləşmişdi. Anasının hazırladığı yeməklərdən yeyirdi. Zəngin deyildilər, ancaq xöşbəxtdilər. Anası atasını çox sevirdi, atası da anası üçün yaşayırdı. Sabahdan axşamacan günün altında işləyir, alın təri ilə qazandığı çörəyi ailəsinə gətirirdi. Anası qoşulub qaçmışdı atası ilə. Kasıb olduğundan ona vermək istəməmişdi ailəsi, ancaq o sevdiyi ilə qaçmışdı. Atası da ona söz deməsinlər, qaçdığı üçün peşiman olmasın deyə əlindən gələni elədi bir ömür boyu. Onlar hər zaman dua edirdilər ki, uşaqlarını böyüdüb, əllərini çörəyə çatdırdıqdan sonra Allah onların canını birlikdə alsın. Bu dua qəbul olmuşdu. Qoca indi ata, anasının cənazəsində idi. Ağlamırdı, xöşbəxtdi, çünki onları ölüm belə ayıra bilməmişdi. Çox şeyləri gördü keçmişində - yenidən güldü, ağladı, həyacanlandı. Ən çox sevdiyi qızı xatırladı, ən çox onda acıdı canı. Niyə getmişdi ki, görəsən, niyə cəsarəti çatmamışdı onunla qaçmağa. O zaman anasının nə qədər böyük olduğunu, onun etdiyini hər kəsin edə bilməyəcəyini anlamışdı. Onun da bir arzusu vardı, öldüyü zaman sevdiyinin cildində gəlməsin ölüm mələyi, elə canını almaq üçün sevdiyinin özü gəlsin. Ona illərdir beynində dolaşan sualları vermək istəyir, ölüm anında onun gözlərinə baxaraq sonsuzluğa qaçmaq istəyirdi.
Bir an vardı ki, çoxdan gözləyirdi və o an indi gəlmişdi. Və o, o anı yaşamalıydı. Diz çökdü sinəsi üstə sevdiyi qadın, bəmbəyaz gəlinliyi ilə.
- Getmək vaxtıdı, sevgilim, hazırsanmı? - deyə soruşdu
Qocanın gözləri gülürdü, sadəcə: "Sən mənim suallarıma cavab verməyə hazırsanmı?" deyə keçirə bildi içindən
Ölüm mələyi olan sevdiyi düşünmədən cavab verdi,
- Bağışla, sevgilim, mən güclü deyildim, getməliydim. Məndən başqa düşünəcək doğmalarım vardı.
- Bəs deyirdin, sənə bir şey olsa mən yox olaram, bitib- tükənərəm, mən bu acıları çəkərkən canın heç yandımı, deyirdin evlənməyəcəm, sən ilk sevgimsən, səni ölənə qədər gözləyəcəm.
- Mənim romantik sevgilim, yadındamı Tahir və Zöhrənin nağlını danışardın həmişə mənə
- Yadımdadır, səninlə bağlı heç nəyi unutmamışam. Niyə suallarıma cavab vermirsən?
- Sən məni heç gördünmü, heç məndən xəbər aldınmı, sonuncu görüşdən sonra?
- Yox, sən evlənmiş olardın, başqasının arvadını necə görəydim.
- Mənim uşaq qəlbli qocam, sən heç böyümədin, sən heç özünü mənim yerimə qoyub, acılarımı bilmədin. Elə bilirdin sadəcə acı çəkən sənsən.
- Acı çəkən gələrdi...
- Ya gələ bilməyəcək bir yerdəsə?
- Məsələn harda?
- Məsələn ölə bilməzdimi? Elə bilirsən təkcə sənmi sevdin, sənmi acı çəkdin. Bir ömrü sən canını almağa gəlim deyə məni gözlərkən, mən hər zaman sənin yanındaydım, sevgilim. Sən Günəşin altında işləyib tərlərkən, alnına bir soyuq rüzigar olub dəyən məndim. Sən dözə bilməyib mənsizliyə ağlarkən, nə qədər ağlasan da göz yaşların yanaqlarına düşməzdi, xatırlayırsanmı?
- Bəli, elə bilirdim Yaşı quruyub gözlərimin.
- Yox, sevgilim. Nə zaman ağlasan, nə zaman gözlərindən yaş axsa, yanaqlarına düşməzdi. O yaşlar gözlərindən mənim ürəyimə damclayardı.
Qoca ağlayırdı yenə, yanlış düşündüyü üçün özündən utandı, hər zaman yanında imiş məgərsə sevgilisi.
- Sevgilim, yadındamı sənə hər zaman deyərdim əsas olan bədənlərin qovuşması deyil, ruhların qovuşmasıdı, sən məni ilk öpdüyün gündən mən sənin qadının olmuşdum, ruhlarımız, ürəklərimiz qovuşmuşdu, biz heç ayrılmadıq, sevgilim, heç bir zaman!
- Mənə Tahir və Zöhrənin hekayəsini bu dəfə sən danış sevgilim, o hekayəni danışmağa sən məndən daha çox layiqsən.
- Başını qaldır və ətrafa bax, sevgilim!
Qoca gözlərini səmaya çevirdi. Göy üzündən bir buludun üzərində iki nəfər enirdi.
- Bax, onlar Tahir və Zöhrədir sevgilim, sənin üçün gəlirlər. İkimizin sevgisini alqışlamaq üçün. Biz göy üzündə aşiqlərlə birlikdə olacağıq, onların mərtəbəsində.
Tahir yaxınlaşıb əlini qocanın çiyninə qoydu: " Qardaşım, təbrik edirəm, sən bu qısa həyatında ehtirası, dünyanı deyil də, eşqi seçdin".
- Mənə gülürdülər, mən sevgi deyəndə, eşq deyəndə. Unudacaqsan, o qədər qız var ki, biri ilə evlənərəsən, deyirdilər.
- Qardaşım, onlar sevgini bədəndən ibarət görənlərdir, tən üçün fərqi yoxdu kimin olursa olsun. Onlar heç vaxt anlaya bilməyəcəklər aşiqi və eşqi, hər kəs anlaya bilsəydi, kitablar sevgi dastanları ilə dolardı.
Zöhrə də onlara yaxınlaşıb, gülümsədi. İndi qoca əkinçinin sevgilisi onun üçün ən gözəl hekayəni danışırdı.....
- İndi gedək, sevgilim, ən sevgiliyə doğru. İndi qovuşmaq zamanıdır.
Onlar üçün də bir bulud endi göylərdən, qoca gözlərini açdı. Bəli, yummadı açdı. Ölüm gözlərin açılması idi, yumulması deyil. Göy üzünə doğru yüksələrkən hər ikisi bir az daha acı çəkmədikləri üçün heyifsilənirdilər. Aşiqlərin dərəcəsi, onların cənnəti dünyada çəkdikləri acılar, göz yaşlarıdır.
Onlar göy üzünə qalxanda artıq günəş batırdı...
Səhər qocanın cəsədini tapıb dəfn etdilər. Adamlar "övladı olmadı, kimsəsiz öldü"- deyib qeybət edir, öz aləmlərində qocaya acıyırdılar. Qoca isə göy üzündən onlara baxıb gülümsəyirdi.

TƏQVİM / ARXİV