FƏRQLİ QİYMƏTLƏR

FAİQ QİSMƏTOĞLU
28740 | 2014-09-18 01:43
Elə məsələlər var bizim özümüzdən asılı deyil. Yəni xəstələnib dərman almaq istəyəndə mütləq apteklərə üz tutmalıyıq. Həkimlərə də Allah insaf versin, bir də görürsən ki, reseptdə o qədər dava-dərman yazır ki, pasiyentin gözü kəlləsinə çıxır. Gözü kəlləsinə çıxan xəstə qalır odla su arasında. Çünki o yazılan dərmanları almalı və özünü müalicə elətdirməlidir.
Təbii ki, hər hansı pasiyent borc-xərc olsa da o pulu tapacaq və dava-dərmanı alacaq. Amma sadəcə məsələnin qaranlıq bir tərəfi var ki, çox həkimlər onu görmək istəmirlər. Bu qaranlıq tərəf də bayaq dediyimiz kimi, bəzi insanların maddi durumunun mürəkkəb olması ilə bağlıdır. Əgər bir xəstə çox yox, üç-dörd ay müalicə olunsa , onun dava-dərmanına bir ətək pul lazımdır. Biz hələ başqa xəstələri demirik ha. Onda görün xəstə və onun qohum-əqrəbası hansı çətinliklər içində yaşayır.
Bəzi həkimlərin dərman firmaları ilə əlbir olması vəziyyəti bir qədər də qəlizləşdirir. Deyilənlərə görə, bəzi həkimlər ona görə pasiyentlərə çoxlu dava-dərman yazır ki, o həkim yazdığı dava-dərmanın fazini firmalardan alır. Hətta bəzi xəstələr həkimin yanına müayinəyə və müalicəyə gedəndə yalvarıb-yaxarırlar ki, mənə firma dərmanları yazmayın. Ancaq buna məhəl qoyan kimdir? Həkim istədiyini edir və firmadan da o, faizini alır. Elə bir çox firmalar da onlarla çalışan həkimləri hətta xarici ölkələrə simpoziumlara və digər tədbirlərə göndərirlər. Başqa sözlə demiş olsaq, o həkimlərə himayədarlıq edirlər. Yəni bütün gediş-gəliş xərcini, otellərdə qalmalarını, yeyib-içməklərini həmin firmalar ödəyir. Belə yağın-balın içində kim firmalarla işləməz.
İndi qayıdaq yenidən apteklər məsələsinə. Bakı şəhərində , eləcə də əyalətlərdə minlərlə apteklər fəaliyyət göstərir. Bu apteklərin eləsi var ki, onların lisenziya müddəti başa çatıb. Səhiyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində istər Bakıda, istərsə də əyalətlərdə qanunsuz fəaliyyət göstərən və lisenziya müddəti başa çatan xeyli aptek bağlanıb. Əlbəttə, bu cür kəskin addımların atılması istər-istəməz səhiyyə sistemində baş verən özbaşınalıqların qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edir.
Bəzən əyalətlərdə elə apteklər var ki, onların şəraiti çox pisdir. Zirzəmidə və digər yararsız yerlərdə fəaliyyət göstərən apteklər gigiyenik və sanitar baxımından çox təhlükəlidir. Hətta həmin apteklərdə isti yay günlərində soyuducu belə yoxdur. Elə dərman pereparatları var ki, onlar müəyyən temperaturda və isti günlərdə soyuducularda saxlanılmalıdır. Təəssüf ki, əyalətlərdə buna məhəl qoyulmur, dərmanlar lazımi şəraitdə saxlanılmır. Bu da bu və ya digər dərcədə müxtəlif problemlər yaradır.
Dərmanların qiymətləri də müxtəlifdir. Məsələn, Bakıda "Elmlər Akademiyası" stansiyasının çıxışındakı aptekdə 5 faizlik bissaqammanın 10 ədədini 1 manata satırlar. Amma Yeni Günəşlidəki aptekdə həmin dərmanı 90 qəpiyə təklif edirlər. Bir başqa aptekdə isə bu dərmanın qiyməti 1 manat 10 qəpikdir. Hələ bu dərmanların qiyməti bir o qədər də yüksək deyil. Bahalı dərmanların qiyməti isə apteklərdə daha yüksəkdir. Yəni ən aşağısı fərq iki -üç manata çatır. Təbii ki, bu cür qanun pozuntularını görən pasiyentlər çaş-baş qalır və bilmirlər ki, hansı aptekə üz tutsunlar. Hələ biz həmin dərmanların keyfiyyətindən danışmırıq. Çünki sirr deyil ki, Hindistanda və eləcə də bəzi ölkələrdə istehsal olunan dərmanların keyfiyyəti daha aşağıdır.
Səhiyyə Nazirliyindən də bildirirlər ki, apteklərdə satılan dərmanların qiymətinə onların müdaxilə etmək hüququ yoxdur. Hər şey qalır aptek sahiblərinin insafına. Hələ ki, onlar da insafla yox, tamahla iş görürlər. Yəni tamah onlara güc gəldiyi üçün bir-birilə bəhsə girir və qiymətləri qaldırırlar. Amma biz inanırırq ki, adiyyəti qurumlar nə vaxtsa bu qiymətləri endirməyə nail olacaqlar.

TƏQVİM / ARXİV