adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QOCALAR PENSiYAYA, FƏRASƏTLiLƏR MiLLi MƏCLiSƏ

OQTAY SALAMOV
20978 | 2007-10-02 05:25
Traktor tarlaya, kətmən muzeyə
   
   
   
   C.Cabbarlı
   
   
   
   Tofiq Abdin gəlmişdi. Ustad məsləhəti verdi ki, bir yazıda bir neçə mövzunu tərpədirsən, yaxşıdır, amma onların hərəsindən ayrıca bir yazı yazmaq olar. Mən belə başa düşdüm ki, acgözlük edirəm, hər mövzudan bir az "qoparıram" olur yarımçıq, heç kim də onu davam elətdirmir və mövzu qalır şikəst. Ustad deyirsə, deməli, nə dediyini bilir. Amma vallah, alınmır. Bəlkə də qəzetin səhifələri çoxalanda başqa cür olacaq. Amma indiki halda adamı qıcıqlandıran mövzudan heç olmazsa bir-iki kəlmə yazmasan, elə bilərlər ki, görən, bilən yoxdu. Dostum bir erməninin internetdən müsahibəsini göndərib. Bu gün həmin mövzunu işləyəcəkdim. Amma qəzetlərdə rast gəldiyim iki mövzu ayağını bir başmağa dirədi ki, biz Həsən ağanın qohumlarıyıq, qabağa düşməliyik. Düşdülər də. İndi siz öz insafınız, deyin görək erməni vacibdir, yoxsa bu "cüt sonalar"?..
   
   Daxili İşlər Nazirliyində bir neçə yaşlı, yüksək çinli polis işçisinin təqaüdə göndərilməsi əməlli-başlı müzakirələrə səbəb olub. "Nə olub, nə imiş "fağırın" suçu?". Nədi, pensiyaya çıxmaq niyə faciə, biabır olmaq həddinə qaldırılıb? Sizə elə gəlmirmi ki, bundan böyük anormallıq olmaz? Deməli, bizdə hörmət, ağsaqqallıq, nüfuz, avtoritet, sayqı... ancaq vəzifədə olanda, əldə səlahiyyət olan vaxtda olurmuş? Məni o qədər də sadəlövh saymayın, bunun belə olduğunu əzbərdən bilirəm. Amma dövlət məmurunun, yüksək vəzifəlinin pensiyaya çıxmasının nazirliklər kluarlarında, mətbuatda belə müzakirələrə çıxarılması, yaşın məmura az qala mənfi bir əməl kimi sayılması adamda ikrah hissi yaradır.
   
   Bəlkə pensiyaların belə "dilənçi payı" səviyyəsində olması ağsaqqallara qürrələnməyə imkan vermədiyindən belə olur, hə? Yox, bu, adi müəllim, mühəndis, fəhlə pensiyaya göndəriləndə belə olur. İdarə rəisləri, ulduzu böyük pensiyaya göndərilənlərin böyük əksəriyyəti həmin "dilənçi payı"na möhtac olmurlar. Onları ağrıdan səlahiyyətdən düşmələridir. Və öz təcrübələrindən bilirlər ki, bu gün qabaqlarında boyun əyənlər sabah ən yaxşı halda "bağışlayın, sizi görmədim" üzrxahlığı edəcək, birisigün isə heç salam da verməyəcək... Və "ağsaqqal" öz canında, öz dərisində hiss edəcək ki, onun kreslosu, möhürü, poqonu ağlından, yaşından, cəmdəyindən dəfələrlə qiymətli sayılırmış.
   
   Çingiz Qənizadə deyir ki, köhnə partnomenkulaturadan qurtarmaq lazımdır. Risqli sözdür. İnciyən, kefinə dəyən olar. Axı hələ çoxları ən azından iki partiya bileti saxlayır ki, onun biri "KPSS"ə aiddir. Yaş da ki, maşallah, Azərbaycan uzunömürlülər diyarıdır axı. Vəzifədə olanda can da sağlam olur. Ona görə də Çingiz müəllimin "istər yaxşı, istərsə pis işləməsindən asılı olmayaraq təqaüd yaşına çatmış insanların hörmətlə təqaüdə göndərilməsi bütün sivil ölkələrdə müsbət qarşılandığı kimi, bizdə də yaxşı qarşılanmalıdır" tezisi bizdə işləmir və hələ uzun müddət də işləməyəcək. Ona görə yox ki, biz sivil ölkə deyilik, ona görə ki, biz hörmət anlayışını onların dediyi mənada dərk etmirik.
   
   Əslində müraciət elədiyim ikinci mövzu da bir növ birincinin davamıdır. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisdə deputat yerlərinin sayının artırılmasını təklif edir. Təklifini də belə əsaslandırır ki, Azərbaycan əhalisinin ümumi sayı baxımından hazırki tərkib kiçikdir və millət vəkillərinin sayının artırılması işin keyfiyyətinə müsbət təsir göstərər. Mən də sizlərdən biriniz olduğum üçün Sərdar bəyin bu təklifinin özünə və başqa həvəskarlara şans artırmaq üçün bir vasitə olduğunu düşünürəm. Yaşımı, iştahımı nəzərə alaraq və burada tərkibin kiçikliyindən, işin keyfiyyətindən başqa perspektivdə digər maraqlı məqamların da olduğunu görərək deputatların sayının artmasına heç də pis baxmıram. Amma gəlin əvvəlcə kontr-arqumentlərə baxaq.
   
   Artıq millət vəkili olan Zahid Oruc (çox xahiş edirəm ki, birdən bu yazını rus dilinə tərcümə etmək istəyən olsa "artıq"ı "lişniy" yox, "uje" kimi tərcümə eləsin?), millət vəkili olmaq istəyən Sərdar bəyin təklifinə qarşı çıxır. Deyir, sayın heç bir xeyiri yoxdur: 60 milyonluq Türkiyədə 550 deputat var, 140 milyonluq Rusiyada 450. Əsas keyfiyyətdir, Kəmiyyəti artırmaqla iş düzələn döyül. Zahid müəllim fikrini əsaslandırmağa da çalışıb: "Sovet dövründə iki iş üslubu vardı. Ekstensiv və intensiv. Birincisi kəmiyyəti artırmaqla, ikincisi isə keyfiyyəti artırmaqla daha yüksək uğurlara nail olmaq. Bunlardan sonuncu daha uğurlu iş üslubu idi və təcrübədə hər zaman özünü doğruldurdu". Adam elə istəyir soruşsun ki, axırı nooldu?
   
    Mən də deputatların sayının artmasının tərəfdarıyam. Keyfiyyətin dəyişib-dəyişməyəcəyi əsas deyil. Əsas odur ki, tutaq ki, 100 nəfər deputat artırılırsa, bu 100 yüksəkmaaşlı yeni iş yeri, hərəsinin ən azı 1 köməkçisi hesabından daha 100 orta maaşlı iş yeri, sürücü, bu da əlavə 100 iş yeri, cangüdənlər, seçki məntəqələri, müşahidəçilər, vəkillər, ofis, qarovulçu, referent, katibə... Xeyir göz qabağındadır. Özü də bu hələ görünən tərəfidir.

TƏQVİM / ARXİV