adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Sentyabr 2014 20:46
5825
MƏMLƏKƏT
A- A+

Azərbaycanlı alim Avstriyanın fəxri ordeni ilə təltif olunub

Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyevi Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edib.

Xatırladaq ki, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi də 2013-cü ildə V. Hacıyevə Frans Kafkanın "Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə "Tərcümə mükafatı” verib. Yeri gəlmişkən, "Məhkəmə” romanı son iki ilin ən yaxşı tərcüməsi kimi 2013-cü ildə AYB-nın "Abbas Səhhət” mükafatına da layiq görülüb.  

Qeyd edək ki, Vilayət Hacıyev Azərbaycan müasir tərcüməçilik məktəbinin yaradıcılarından biridir. Uzun illərdən bəridir ki, onun ölkəmizdə almandilli ədəbiyyatın Azərbaycan oxucularına çatdırılmasında tərcüməçi kimi böyük xidmətləri var. Klassik və müasir alman ədəbiyyatının nümayəndələri olan H. Hesse, H. Böll, Z. Lents və digərlərinin əsərlərini almancadan Azərbaycan dilinə uğurla tərcümə edib. Vilayət Hacıyev bu ordenə layiq görülən ilk azərbaycanlı alim-tərcüməçidir.