adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Sentyabr 2014 14:12
9884
GÜNDƏM
A- A+

Adil Əliyev, tıxac yollarda deyil, beynimizdədi

Saytlarda şəhərimizdəki tıxaclarla bağlı millət vəkili Adil Əliyevin maraqlı və çox ciddi açıqlamaları yayılıb. Həqiqətən də tıxaclar camaatı boğaza yığıb. Nə qədər tədbir görürlərsə də qarşısını almaq mümkün olmur. Qısa bir zaman kəsiyində şəhərin müxtəlif səmtlərində dünya standartlarına uyğun bir neçə avtomobil dayanacaqları inşa edilib. Amma yenə baxıb görürsən ki, özündənrazılar və ya özündən razı olmayanlar avtomobillərini həmin dayanacaqlarda deyil, yasaq bölgələrdə saxlayırlar. Yaxud yolun hər iki səmtindən dayanacaq kimi istifadə edirlər. Nəticədə ən geniş küçələrdə belə avtomobillərin keçidi çətinləşir və sair və ilaxır.

Millət vəkili bir çox məsələlərə aydınlıq gətirib. Yenidən onun fikirlərini təkrar etmək istəmirəm.

Bakıda bir belə yeni yollar çəkilir, küçələr abadlaşdırılır, genişləndirilir, körpülər inşa edilir, yol ötürücüləri tikilir və sair və ilaxır, amma yenə tıxac.

Hörmətli millət vəkili, Bakıda hər bir küçənin üstündən yeni bir körpü-küçə salsaq da biz bu tıxaclardan xilas ola bilməyəcəyik. Çünki tıxaclara səbəb nə yollardı, nə də avtomobillərin sayının çoxluğu.

Dostum, tıxac bizim beynimizdədi. Nə qədər ki, beynimizdən o tıxacı çıxara bilmirik, elə tıxaclarda can verəcəyik, tıxaclarda doğacağıq, tıxaclarda öləcəyik, tıxaclarda çərləyəcəyik.

Sonda. Brüsselin küçələri bizim Bakının küçələrindən iki dəfə dardı, hələ tramvaylar da işləyir. Amma tıxaca rast gələ bilməzsən. Ona görə ki, onların beyinlərində tıxac yoxdu.