adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Sentyabr 2014 13:01
36871
MÜSAHİBƏ
A- A+

Cəmiyyət ədəbiyyata minnətdar olmalıdı...

Bu günkü müsahibim tənqidçi Elnarə Akimovadır.

-Elnarə xanım, bu gün ədəbi mühütdəki tənqidin vəziyyəti sizi qane edirmi?

- Əslində tənqidin missiyası şərh etməkdirsə, tənqidçinin də birinci missiyası buna yönəlməlidir. Mən bir dəfə bu fikri demişəm, yenə də bu fikirdəyəm ki, tənqid ədəbiyyatın kollektiv zəkası kimi üzdə olmayınca onun varlığından söhbət getməyəcək.

Təəssüf ki, bu günkü prosesdə tənqidin davamlı deyil, daha çox epizodik iştirakından söhbət gedə bilər. Deyək, ki, bu missiyanı müəyyən qədər "oxu zalı” öz üzərinə götürüb. Hər ay bir əsər müzakirəyə çıxarılır, həmin əsərə bir neçə tənqidçi öz münasibətini bildirir. Müəyyən fikir mübadiləsi, mübahisələr olur, müəllif öz fikirlərini, iradlarını bildirir. O başqa məsələ ki, burada ədəbi dəyələr necə qorunur, hansı təsəvvürlərdən, hansı estetikanın prinsiplərindən çıxış edilir. Nəticədə əsərlə bağlı eyni məqamda rəy müxtəlifliyi yarananda proses də canlı görünür, tənqidin özü də. Amma başqa yanaşmalar da var təbii. Kimsə xoşuna gələn bir əsəri götürüb oxuyur, onun haqqında yazmağa ehtiyac hiss edir və s. Yaxud tənqid düşüncə ərazilərini genişləndirir, əsərdə nədənsə təsirlənib, hansı məqamdansa tutunub özünün düşüncələrini, yanaşmasını sərgiləyir. Esse janrında məsələn. Tənqidçi ədəbiyyat müstəvisi üzərində özünün sənət və həyat haqqında konsepsiyasını qoyur ortaya. Bütün bunlar həm tənqidi, həm də ədəbi prosesi öz içində ehtiva eləyən bir hərəkatın göstəricisi olmaqla bahəm, tənqidi sovet dövründə ona yüklənmiş əsərlərin qoşqusu olmaq missiyasından uzaqlaşdırır.

O ki, qaldı digər məsələyə. Vəziyyət sizi qane edirmi deyirsən, əzizim Samirə! Tənqidin inkişaf mexanizmini stimullaşdıran müəyyən amillər olmalıdır. Bilirsinizmi, təbii ki, ədəbiyyat ilk növbədə əsərlər deməkdi. Bəs tənqid nə üçündür? Tənqid də həmin əsərləri cəmiyyətə, oxucuya təqdim edən, onun məziyyətlərini, sənətkarlıq xüsusiyyətlərini açan, yəni başqa bir dil ilə oxucuya yaxınlaşan elmdir. Amma bu gün bunu stimullaşdıran bir mexanizm olmadığından tənqidçilərimiz də dolanışıq ucbatından tənqidlə yox, pedaqoji fəaliyyətlə, nə bilim cəmiyyət problemləri içrə gəzişməklə məşğuldurlar, bir qismi ədəbiyyat tarixi məsələləri ilə ilğilənir, digər qismi bir yazıçı, yaxud şair haqqında bütöv kitab yazmaqla görünməyi məqbul hesab edir.

-Sizcə nələr etmək lazımdır ki, tənqidin vəziyyəti istənilən səviyyədə olsun?

- Tənqidçilər bir orqan ətrafında birləşsinlər, ayrıca bir qurumları olsun. Hal-hazırda bizdə ədəbi-tənqid şöbəsi yaradılıb. Ümid edək ki, uğurlu missiyalar həyata keçiriləcək. Yaxşı olardı ki, tənqid assosiasiyası da yaradılsın. Biri var bunu hansısa sosial şəbəkədə yaratmaq, biri də var daha qlobal, daha məqsədyönümlü şəkildə yanaşma sərgiləmək. Ancaq indiki şəraitdə hələ ki, belə fikirləri həyata keçirmək irreal görünür. Bunu ölkənin yeganə tənqid orqanı olan "Tənqid net”ə münasibətdən də görürük. Hər dəfə jurnalın nəşri ilə bağlı müəyyən instansiyalardan sponsorluq xahiş etməklə hara qədər yürümək olar ki? Jurnalla bağlı simvolik olaraq yuxarı dairələrə məktub da ünvanlandı. Nəticə oldumu? Bu, ümumən cəmiyyətin ədəbiyyata ayırdığı diqqətin nəticəsi idi.

Biz məsələyə qlobal yanaşmaqdan daha öncə onun öz içimizdən nəşət edən problemlərini çözməliyik bəlkə də. Hamı deyir ki, tənqid yoxdu, amma hamı tənqiddən umur. Bəs yazıçı-tənqidçi münasibətlərində nə qədər kübar, mədəni, anlaşıqlı davrana bilirik? Bu gün bir yazıçının tənqidçiyə verdiyi qiymət həmin tənqidçinin yazıçıya verdiyi qiymətlə ölçülür. Tutaq ki, tənqidçi hansısa bir yazıçı haqqında xoş söz deyirsə, o da həmin yazıçını ən yaxşı tənqidçi hesab edir. Yox, əgər tənqidçi işdi-şayəd çaşıb yazıçının əsərindəki hansısa məqamlara tənqidi yanaşırsa, münasibətlər üz yüz altmış dərəcə dəyişir. Təbii ki, mövqeyi olan tənqidçi üçün belə cahil yanaşmaların önəmi olmamalıdır. O cümlədən, özünə, sözünə, istedadına arxayın olan yazıçı tənqiddən qorxmaz, qorxmamalıdır hər halda...

-Sizcə yazıçı tənqidə nə dərəcədə əhəmiyyət verməlidi? Və yaxud da mövqeyi necə olmalıdır?

-Yazıçının tənqidə verdiyi qiymət onun özünün öz yaradıcılığına hörmətidir. Bir vaxtlar dəbdə olan bir söz vardı, elə indi də həmin ifadəni işlədirlər ki, mən tənqidçi üçün yox, oxucu üçün yazıram. Əvvəla, qələmimizdən çıxan hər şey elə oxucu, daha doğrusu oxucusu üçün yazılır. Üstəlik, tənqidçi də elə oxucudu, amma müəyyən biliyə sahiblənmiş, mütaliəsi olan, zövqü formalaşmış oxucu. Meydana qoyulan mətn bir də peşəkar süzgəçindən, elmi-nəzəri düşüncədən keçsə əhəmiyyətli olmazmı? Bu baxımdan mən düşünürəm ki, hər bir yazıçıya tənqidçi fikri maraqlı olmalıdı. Əgər kimsə deyirsə ki, maraqlı deyil, mən onun səmimiliyinə inanmıram. Və bunun da xeyli nümunələrini görmüşəm.

-Bir tənqidçi kimi bu günkü ədəbi mühit kənardan sizə necə görsənir?

-Bu gün çox istedadlı imzalar var. Bunu müəyyənləşdirmək üçün yazarın lap kiçik bir köşə yazısı belə kifayət edir. Misal üçün, Şərif Ağayarın köşə yazısını oxuyanda belə mən zövq alıram. Amma eyni zamanda acıyıram. İstedadın cəmiyyət xırdalıqları içrə paylanması səbəbinə. İçərisində o qədər enerji olan insana imkan yaratmaq lazımdır ki, ədəbiyyatla məşğul ola bilsin. "Haramı”nı yazan qələmdən daha mükəmməl əsərlər sıza bilsin. Yaxud da Seymur Baycanın, Qan Turalının, Mirmehdinin, Şəhriyarın, Fəridin keçib gəldiyimiz zamanı – onun faciələri, keçid dövrünün ortaya çıxardığı çətinlikləri, həmin illərdə gəncliyə vurulan zərbələri öz mətnlərinə hopdurmaq istedadı var ki, nəsrin diriliyini təmin edən strategiyanı hazırlaya bilərlər.

Bilirsinizmi, adətən, 80-ciləri itirilmiş nəsil adlandırırlar. 90-cıların da bədbəxtçiliyi ondadır ki, onlar oxunmadıqları bir dövrə gəlib çıxdılar. Bir çoxları onları oxumayaraq deyir ki, yaza bilmirlər, istedadları yoxdur, əvvəl yazsınlar, sonra inqilabi ədada bulunsunlar. Amma bu gün onları kim oxuyur?! Mən müxtəlif ədəbiyyat dairələrini bölüşürəm. Yeni nəsil ədəbiyyatından məlumatsızlığın şahidi oluram. Ədəbi yekunlarla bağlı məruzələrimizdən sonra çox alimlərin belə tanımadığı gəncin əsərinə göstərilən diqqəti ironiya ilə qarşıladıqlarını görürəm. 90-cı illərdən sonra dayanıbmı proses, yeni zaman ardınca yeni imzalar gətirməli deyilmi? Mənə belə gəlir ki, bu gün ədəbiyyat inkişafda və hərəkətdədir. Gözlənilən nəsr əsəri də, şeir nümunələri də bu günkü istedadlı insanların qələmindən çıxacaq.

Bu fikri indi daha inamla deməyimdə əsas var. 90-cılarla bağlı müəyyən araşdırmalar üzərində işləyirəm. Bu dövr poeziyasının bir nəsr qədər çəkisi, ağrı yükü var. Yalnız nəsr əsəri zamanı, dövrü ilə bağlı gələcəyə mesaj ötürmür ki... 90-dan üzü bəri formalaşan poeziya nümunələri göstərir ki, yeri gələndə bu missiyanı poeziya daha naturfəlsəfi boyalarla ədəbiyyata gətirməklə realizə edə bilər.

-Bu gün yazılan nəsr əsərlərində, romanlarımızda nə çatışmır?

-İlk növbədə, gerçəkliyin təqdimi və bununla yanaşı qoyulacaq sirr, mətnin məhculluq qatı. Mətnin daxili strukturunun əsasında məhz, bu iki amil dayanır. Bir də dil amili təbii ki.

-Sizcə yazarlarımız mətnlərində səmimidirlər?

-Məsələ burasındadı ki, hədsiz səmimidirlər. Burda səmimillik sözü yazarın içinin şəffaflığından daha çox yazı texnologiyasındakı bicliyin yoxa çıxması mənasında qavranmalıdır. Heç bir mətləb axtarışına meyl etməmək, etalonsuzluq – yəni, düşündüklərini bir mövzunun içinə daxil edib tələm-tələsik təqdim etmək mərəzi əsəri estetik bütövlükdən məhrum edir.

-Dosxanıncı illərdən üzü bəri cəmiyyət olaraq çox ağır günlər yaşadıq. Bununla yanaşı vəziyyəti əks etdirə biləcək, xüsusilə də Qarabağ müharibəsinə aid yetərli ciddi ədəbiyyat nümunələri yaranmadı. Siz nə düşünürsünüz bu barədə. Nə səbəb oldu buna? Əgər istedadlı nəsil var idisə, niyə həmin əsərlər yaranmadı?

-Məncə, cəmiyyət müharibə mövzusunda az-çox elə ədəbiyyata minnətdar olmalıdı. Çünki, onun özünün unutduğu məqamlarda ədəbiyyat bu mövzulara daha həssas yanaşdı. Müharibə mövzusunda xeyli nəsr nümunələri yarandı. Ola bilsin ki, dünya ədəbiyyatına maraqlı ola biləcək səviyyədə əsər ortaya qoyulmadı. Yəni Azərbaycanın hüdudlarını yarıb dünya hüdudlarına çıxası əsərlər yazan olmadı. Bunun üçün daha əhatəli, daha bütöv yanaşmaya ehtiyac var. Bilirsinizmi, roman müəllifi bəlkə də əsərdə Allah səviyyəsində olmalıdır ki, hadisələrin pik nöqtəsindən, zirvə məqamından baxış sərgiləyə bilsin. İnanaq ki, bir gün Qarabağ haqqında gözlədiyimiz həmin əsər yazılacaq. Belə əsər yazılacaqsa, elə bunu 90-cı illərin içərisindən keçən yazarlar yazacaq. Çünki, içlərində müəyyən qədər həmin ağrını yaşamış, bişirmiş insanlar bu hadisələri daha dərindən hiss edə bilirlər. Nə qədər yuxarı qalxsalar da aşağıları seyr eləmək onlara çətin olmayacaq. Həmin ağrılarına, şüuraltında ilişib qalan zərbələrin yaddaşına sığınıb yaza biləcəklər. Ümumiyyətlə, vaxt ötdükcə Qarabağ mövzusuna daha mühafizəkar yanaşıram. Elə bilirəm ki, illər keçdikcə, daha çox yaddaşsızlaşmaya doğru gedirik. Qarabağsız bir nəsil böyüyür. Mən övladıma erməni xisləti ilə bağlı müəyyən informasiya ötirə bilərəm, Qarabağın gözəlliyini tərənnüm edən onlarla şeir öyrədə bilərəm. Amma mən ona torpaq itkisinin necə əzablı bir şey olduğunu tam dərinliyi ilə yaşada bilmərəm. Barikkonun "Yeni əsr” əsərində bütün həyatını gəmidə keçirən pianoçu tək bircə dəfə sahilə çıxmaq qərarına gəlir və limana düşməmiş geri qayıdır. "Sən orda nə gördün ki, qayıtdın” sualına cavabı belə olur: iş bundadır ki, mən orda heç nə görmədim. Bəlkə də müqayisə qüsurludur. Amma müəyyən dərəcədə həqiqəti əks etdirir. Gözünü açıb torpağı yad əllərdə görən uşaq sabah onu qaytarmağa hansı əzmlə atılacaq ki... Ona görə razıyam ki, səfərbərlik elan olunsa mənim qardaşım da, yoldaşım da müharibəyə getsinlər, döyüşsünlər. Məsələ çözülsün və gələcək nəsillərə ötürülməsin.

-Elnarə xanım, bəs bu gündən boylananda XX əsr Azərbaycan ədəbiyyatı sizə necə görsənir?

-Ümumiyyətlə, XX əsr ədəbiyyatı dedikdə daha çox 60-cılar yada düşür. Yaxud əsrə tarixi-tipoloji vahid kimi yanaşmayıb, eləcə sovet dövrü ədəbiyyatını təhlil etməklə məşğuluq. Halbuki, XX əsrin birinci yarısında yaranan ədəbiyyat əsrin xüsusiyyətlərinin açılmasında daha çox kodları, şifrələri nişan verir. Yəni tarixə bütöv yanaşmaq lazımdı, qırıq-qırıq yanaşanda, elə yanaşmanın özü də dağınıq olur. Məsələn, son zamanlar Səməd Vurğun yaradıcılığı dəfələrlə olduğu kimi, yenidən ittiham predmetinə çevrilib. Profan düşüncə meydan sulayır. Eyni səxavətlə, gərək Müşfiqi də ədəbiyyat yaddaşımızdan silək ki, "yenə o bağ olaydı”nı yazan şair niyə təbini zorlayıb "Buruqlar arasında” poemasını yazırdı, yaxud Cavidi qınayıb küskünləşək ki, "İblis”i yazan bir qələmdən niyə "İblisin intiqamı” zühur edirdi... Niyələrin sayını istənilən qədər artıqmaq olar. Əsas olan cavabdı ki, onu da zaman verir. Öz mürəkkəbliyi, faciəsi, təzadları ilə...

-Elnarə Akimova imzası son zamanlar az görünür. Bu nə ilə bağlıdı?

-Hal-hazırda doktorluq işimlə bağlı araşdırmalar aparıram. Bu üzdən, bir müddət prosesdən çəkilməyə, elmi işimə köklənməyə qərar vermişəm. Amma müasir ədəbiyyat həmişə mənim daxilimdədi, inşaallah çox çəkməz qayıdaram.