adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

GÖZüNüZ AMANATI

ƏBÜLFƏT MƏDƏTOĞLU
32118 | 2007-09-29 07:54
Gəlin belə danışaq, belə deyəndə ki, səmimi və açıq. O mənada səmimi və açıq deyirəm ki, çalışaq bir-birimizi düzgün başa düşək və dediyimiz sözlərin altında (bunu arxasında da oxumaq olar) ayrı heç nə axtarmayaq. Fikri, sözü ilk mənasında, ifadə olunduğu formada qəbul edək. Çünki son zamanlar o qədər külü eşib içindən qor axtaranlar peyda olub ki, adam indi ocaq yandırmağa da qorxur. Qorxur ki, ocağın tüstüsü onu kor edər. İndiki vaxtda da kor olmaq, hər iki mənada, bu işıqlı dünyada cəhənnəmi dirigözlü görmək kimi bir şeydi.
   
   Hə, bu günlərdə qəzetlərin hansındasa diqqətimi bir yazı çəkdi. Söhbət gəlirdən-çıxardan, qazancdan-itkidən, bir sözlə, maddi durumdan gedirdi. Deyəsən, hökumət qəzeti idi, səmimi deyəcəm, əvvəl qəzetin adına baxdım, yazının imzasına baxdım və xeyli təəccübləndim. Açığı belə bir "partizanlıq" gözləmirdim. Amma, necə deyərlər, artıq olan olmuşdu... Bunu elə-belə xatırlatmıram, çünki bəzən mütləq partizanlığa, qətiyyətə, lap elə yumşaq ifadə eləsəm, məqamı gələndə dəliliyə də ehtiyac var. Özünü tərif çıxmasın, şerlərimin birində yazmışam ki:
   
   Heyf deyil adamın
   
   dəli damarı ola,
   
   Özün vura dəliliyə
   
   və
   
   sürünə-sürünə gedib çıxa
   
   Şuşaya!
   
   İndi həqiqətən də yaxşı mənada dəliliyin də, partizanlığın da yeri görünür. Amma təəssüf ki, bu bəzən doğru qarşılanmır, doğru anlaşılmır, doğru yozulmur. Ona görə ki, bunun səbəbi hər kəsin içində özü boyda xıltın olmasıdır. İnsanın da ki, içərisində xılt oldu, xəbislik oldu, nə bilim yaramazlıq oldu, ondan nə desən gözləmək olar, ağı da qara görəcək, yağı da şor...
   
   Həyatın indiki anında bu sadaladıqlarım özü-özlüyündə hər kəsə bəllidir. Sadəcə insanın həmin o dediyim daxili çirkabları üzə vurub çıxanda istər-istəməz etdiyin yoldaşlıq, kəsdiyin çörək, uzatdığın əl və sair və ilaxır, bir anlıq həmin o murdar, iyrənc məqamlara bürünür, elə bil onun içindən keçib gəlir. Əlinə baxıb iyrənirsən, özünə baxıb iyrənirsən. İraq-iraq, Allah keçsin günahımdan, hətta onunla kəsdiyin çörəkdən də iyrənib diksinirsən...
   
   Bütün bunlar təsadüf deyil, həyat həqiqətidi. Özü də ən böyük, ən dürüst, ən rahat, ən halal həyat həqiqəti. Elə bil, həqiqət ki, onu görməmək, onu vecə almamaq, onu saymamaq, onun yanından ötüb keçmək qeyri-mümkündü. Hətta özünü zorlasan da alınan iş deyil. Bilirsiniz niyə?..
   
   Hər şeyin kökündə məram və məqsəd dayanır. Bax elə o məqsəd, o məram da insanı yönəldir, stimullaşdırır. Mənim əvvəldə dediklərimin hamısı da həmin o məram və məqsədə söykənir. Yəni dəlilik də, partizanlıq da o vaxt edilir ki, orda məram və məqsəd var. Nəyəsə çatmaq, nəyəsə qovuşmaq istəyi var. Nəyisə özününküləşdirmək, nəyəsə sahib çıxmaq təmənnası var. Bax, bu saydıqlarım hamı üçündürsə, yəni nəticə hamıya şamildirsə, partizanlığı da, dəliliyi də ən azı hörmətlə qarşılayırlar. Hələ mən alqışlanmağı demirəm. Ancaq fərdə, şəxsin özünə aiddirsə, onda nəticə heç kəsdə təəccüb doğurmur, əksinə, hamı deyir ki, kişinin oğlu (və yaxud da qızı) özü üçün əziyyət çəkib bəhrəsini də dərir.
   
   Sonuncu cümlədən çoxlu mənalar çıxarmaq mümkündür, amma şərti unutmayaq. Kül altında qor axtarmayaq. Elə ilkin mənada qalsın hər şey. Təkcə bir andan, bir yozumdan başqa, o da bilirsiniz nədi? O da paxıllıq, o da xəbislik, o da gözü götürməməkdi! Bunlar mütləq və mütləq mənada təsirsiz ötmür. Çünki "bəs mən" ifadəsi var. Hər kəs o qazanılan, o dərilən bəhrəni görəndə "halal xoş" deyə bilmirsə, deməli, mütləq o deyə bilməyənin içində "bəs mən" sualı baş qaldırır. Özünüz də bilirsiniz də el arasında deyirlər, özünü yaman gözdən qoru. Çünki nə dağdağan, nə üzərlik, nə də nəmənələr hər gözə təsir etmir. Gözünüz amanatı!
   
   P.S. Bu yazıda bəlkə də bir-birinə qarışan çoxlu məqamlar var, ancaq... Ancaq bilirsiniz Oqtay Salamovla söhbət edirdik. Söhbət hərlənib-fırlanıb Qarabağdan düşdü və qəflətən Oqtay qayıtdı ki, mənə "Qarabağ" lazım deyil, torpaq lazımdı. Sonra ikimiz də susduq. O da bildi ki, nə deyir və mən də bildim ki, o daşı hara atır. Axı Bakının yarısı "Qarabağ"dı. Hələ bütöv Azərbaycandakı "Qarabağ"ları demirəm...
   
   

TƏQVİM / ARXİV