adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Sentyabr 2014 19:11
8250
ƏDƏBİYYAT
A- A+

Cəfər Cabbarlının 115 illiyi qeyd olundu

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli dramaturq, teatr və kino xadimi  Cəfər Cabbarlının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Cəfər Cabbarlı irsini araşdıran alim Asif Rüstəmli dramaturqun Azərbaycan ədəbiyyatındakı, mədəniyyətindəki müstəsna xidmətlərindən danışdı. Ötən gün Bakının erməni işğalından azad olunmasının 96-cı ildönümünü xatırladan A.Rüstəmli qeyd etdi ki, türk-İslam ordusu və Nuru paşanın qəhrəmanlığı Cabbarlının yaradıcılığında qırmızı xətlə keçib. Belə ki, dramaturqun "Trablis” və "Bakı müharibəsi” adlı əsərlərində Nuru paşanın şücaəti və komandanlığından rəğbətlə bəhs olunur.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin sədri Anar vurğuladı ki, bir yazıçı üçün ən böyük hədiyyə və hörmət onun kitablarının nəşr edilməsidir. Qurumun sədri diqqətə çatdırdı ki, Cabbarlının ildönümü ilə bağlı 2 kitab nəşr edilib. Bunlardan biri dramaturqun tərcümələri, digəri isə öz əsərlərindən ibarət kitabıdır.

AYB-nin katibi İlqar Fəhmi isə çıxışında bu günə qədər Cabbarlı yaradıcılığında geniş oxucu kütləsinin xəbərsiz olduğu əsərlərin araşdırılıb ortaya çıxarıldığı və nəşr edildiyi üçün tədqiqatçılara təşəkkürünü bildirdi.   

Türkiyənin Firat Universitetinin dosenti Süleyman Kaan Yalçın qeyd etdi ki, Cəfər Cabbarlı 35 yaşında vəfat etməsinə baxmayaraq, bu gün onun 115 illiyinin qeyd olunması dramaturqun Azərbaycan xalqı və ədəbiyyatı üçün əbədiyaşar bir şəxsiyyət olmasını göstərir: "Əslində Cabbarlının bu anım mərasiminə ehtiyacı yoxdur, bizim onu anmağımıza ehtiyacımız var. Çünki o, əbədilik qazanıb, amma biz – türk xalqları bu böyük türkoloq yazarı, eləcə də Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə və digər türkçülüyü yaşatmış dahiləri anmaqla bir-birimizə dəstək olmaq istiqamətində daha sıx birləşmiş olarıq”.

Yubiley mərasimində Cabbarlı yaradıcılığını dəfələrlə səhnələşdirmiş rejissor Ağakişi Kazımov, Bakı şəhəri Mədəniyyət və Turizm idarəsinin sektor müdiri Gülnarə Seyidova, aktyorlar –Məleykə Əsədova, Səidə Quliyeva, Hacı İsmayılov və başqaları çıxış edərək  Cəfər Cabbarlının yaradıcılığı, teatr, kino sahəsindəki fəaliyyəti  haqqında danışıblar.