adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

VƏTƏN MƏNƏ OğUL DESƏ...

VAHİD ƏLİFOĞLU
26319 | 2007-09-29 07:54
... Qara Tofiqi (Bəhram Nəsibovun kiçik qardaşıdı - V.Ə) Məmməd kişinin arvadı güleyşənin yasında gördüm. On beş il idi ki, görüşmürdük. Söhbətimiz heç on beş ilin ayrılığına oxşamadı. Beş dəqiqə olardı-olmazdı ordan-burdan danışıb susduq.
   
   ...Qara Tofiq söz vermişdi ki, Bəhrama aid nəsə bəzi materialları göndərəcək, mən də yazı hazırlayacağam... Amma göndərmədi... Elə materialların gəlib çıxmamağı ilə Bəhramın taleyi, qisməti arasında bir bağlılıq da var bəlkə də... Neçə il yaşadısa elə-belə yaşadı... Haqqı çatan nə vardısa ona göndərilmədi, göndərilən də çatmadı... Mahnılarını xalq mahnıları adı ilə təqdim etdiyimiz bu yüksək istedad sahibi olan bəstəkarı (həm də şairi - V.Ə.) fiziki ölümündən çox-çox qabaq dəfn etdik laqeydliyimizin qədim qəbiristanlığında... Heç başdaşı da qoymadıq ki, birdən kimsə oxuyar, ya tanıyar, ya da kimliyi ilə maraqlanar... Özgəni ağlayanın gözü tez tutular, Bəhram! Elə sənin kimi...
   
   ... Vətən sal qayadan, sal qayanın üstündəki mamırdan, milyon ildi axıb gedən Arazdan, Həkəridən ibarət deyil...
   
   ... O sal qayanın birinin üstündə daşdan yonulmuş daş Məmməd Araz bitirəcəkmi, bu millət?...
   
   ...Məndən sənə bir əbədi xatirə,
   
   Səndən mənə nə qalacaq, nə bilim?
   
   ... Vətən həm də ətli sifətdi, piyli qarındı, çin-çin puldu, xarici maşındı, futbol meydançası boyda kabinetdi, arvadın boynunda, qulağında, qolunda boyunbağıdı, sırğadı, qolbağıdı...
   
   ...Səninçün boz qayadı, yaşıl mamırdı, dədə...
   
   ... Bir araba təkəri, sarı samovar, Qarabağ gəbəsi, bir də qollu-budaqlı ağac kölgəsi... Şairlər, xanəndələr, sazəndələr... Nə fərqi var. Ya Ağdamın işğal günüdü, ya Füzulinin, ya da Şuşanın...
   
   ... Şair german Tanrıdan acizanə xahiş etdi ki, Qarağacı qəbiristanlığında yatan anasına salamını yetirsin... Şair çox, xanəndə çox... İşğal olunmuş rayonlar da ki...
   
   ...Yenə Şükürbəylinin üstündən boylandım Füzuliyə tərəf... Elə ordaca bir şer qaraladım... "Burdan Füzuliyə tay nə qalır ki"...
   
   ... Lap Tanrı mənim salamımı Seyidəhmədli qəbiristanlığındakı anama, atama çatdırsa da inanmıram ki, o salamı alan ola... Sən də inanma, əzizim german...
   
   ...Aqil Abbasın "Batmanqılınc" romanında belə bir epizod var. (Yaddaşımın gücü ilə yazıram. Səhvlərimə görə müəllifdən üzr istəyirəm - V.Ə.)
   
   - Qacar atını sürür Qarağacı qəbiristanlığına. Molla çıxır şahın qabağına və deyir:
   
   - Qibleyi-aləm Qarağacı qəbiristanlığına xoş gəlmisən!...
   
   ... Mən bilmirəm Ağdam həsrəti şerləri ilə niskilli könülləri ağladan şair qardaşlarımdan kimsə Qarağacı qəbiristanlığında erməni dığasına qəbiristanlığa "xoş gəlmisən" deyib, yoxsa yox... Bəlkə də deyib və əgər deyibsə Tanrıdan anasına salam göndərməyə haqqı çatır...
   
   ... Mən Seyidəhmədli kəndinin qəbiristanlığında erməniyə "xoş gəldin" eləməmişəm, elə bu səbəbdən də Şükürbəylidə yazdığım "Burdan Füzuliyə tay nə qalır ki..." şerini cırıb verdim Kirsdən əsən küləyə...
   
   ... Birtəhər arvad-uşaqdan imkan edib kanalı dəyişdim birinci kanala. (O biri kanallarda "Aşka sürgün", "Belissima", "Böyük yalan", "Klon" teleserialları gedirdi. Qəsəbədə hamı bu seriallara baxır - V.Ə.). Ekranda tanış sifətlər. Aqil Abbas, Mustafa Çəmənli, Əbülfət Mədətoğlu və Nərgiz Cabbarlı... Qarabağ müharibəsi haqqında yazılanlar... Çox danışdılar, çox mətləblərə aydınlıq gətirməyə çalışdılar... Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğulmaz"ı, Mustafa Çəmənlinin "Fred Asif"i, Əbülfət Mədətoğlunun "Şerləri"... Azdı, çoxdu?... Bəs "Orda açan qan çiçəyi", "Qiyamət gecəsi"... Nə bilim, vallah...
   
   ... Mən də çox söhbət elədim Kərim Kərimli ilə... Qayıdış qəsəbəsindəki 195 nömrəli evin həyətində... Çay, siqaret, çay, siqaret... Cücəni kəsməyə qoymadı... O Şuşadan danışdı, mən Füzulidən... gedəndə kitablarımı bağışladım qaynı Allahverdiyə... Yekə çıxmasın, mənim kitablarım da Qarabağ faciəsindəndi...
   
   ... İndi kitablar ən yaxşı halda min nüsxə ilə çap olunur...
   
   ... görəsən, Leninə, Stalinə, sovet kolxoz quruluşuna həsr olunmuş əsərlərin latına çevrilməsi üçün 25 minlik tirajdan kəsib Qarabağa aid yazıları təkrar nəşr etsək nə olar?...
   
   ... Əflatun Amaşovun sifətinin gülümsər cizgiləri məndə Murov dağları boyda ümidlər yaratmışdı. Mətbuat günü münasibəti ilə verilmiş siyahını səbrsizliklə gözləyirdim... Tez də "əlimi yudum"... Bir şey olsa Əbülfət çoxdan zəng eləmişdi... Amma pis səslənmir ey: "Əməkdar jurnalist Vahid Əlifoğlu"... "Xalq şair"liyin ala bilmədik barı... Anar müəllimin sifətinin açıldığın, gülümsədiyin görməmişəm... Yenə Əflatun müəllim xeyli gülərüzdü... Nə isə... Bu ildən də keçdi...
   
   ... Avqust ayı Füzulinin işğal günüdü.
   
   ... Bilmirəm hansı xanəndə oxuyacaq, hansı şair şer oxuyacaq?...
   
   ... Amma yüz faiz bilirəm ki, mən o məclisə dəvət olunmayacağam. Olunsam da getməyəcəyəm...
   
   ... Vətən mənə oğul demədi, heç mən də Vətənə oğul olmadım...
   
   ... Borclarım var, qazancıma qənimdi,
   
   Nə qədər ki, tapmamışam yerimi.
   
   Vəl dolanan xırmanların mənimdi,
   
   Bir buğdacan görməmisən xeyrimi.
   
   Qoşulmadım kotanına, xışına -
   
   Vətən, məni bağışla...
   
   Sən anamsan, öyrənmişəm payına,
   
   Boş əllərlə sovqat almaq çətinmiş.
   
   gecikdiyim anlar olub hayına,
   
   Oğul dedin, oğul olmaq çətinmiş...
   
   Haqqım yoxdu, torpağına qarışam-
   
   Vətən, məni bağışla...
   
   ... Qarabağlıların qarışmalı olduğu torpaqlar onsuz da yoxdu, hələ...Vətəndən üzr diləməyə dəyməz, yenə də hələ...
   
   ... O qədər haqqı çatmayanlar torpağını hektarlarla udur, hektarlarla torpağına qarışır, əriyir, itir... Heç bağışla demir, Vətən!
   
   ... Hər qayanın yanında mişar daşı doğrayan maşın... Mən də ki, qayanın gündöyənindəki qupquru qurumuş boz mamır tozu...
   
   

TƏQVİM / ARXİV