adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Sentyabr 2014 14:17
4078
MƏMLƏKƏT
A- A+

5 dərsliyin elektron versiyası hazırlanır - Yenilik

Bu il Azərbaycanda elektron dərsliklərin hazırlanması istiqamətində yeniliklər həyata keçiriləcək. 

Adalet.az-ın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, artıq ölkədə VI siniflər üçün bütün əsas dərsliklərin elektron versiyaları hazırlanıb və şagirdlərin, müəllimlərin istifadəsinə veriləcək. Onun sözlərinə görə, hər bir kəs istənilən yerdə-həm məktəbdə, həm evdə, həm məktəb kitabxanasında internet qoşulması ilə elektron dərsliyi yükləyə və oxuya bilər. Bundan əlavə, dayanıqlı internet bağlantısı olanların dərsliklərdən onlayn vasitəsilə istifadə edə biləcəyini deyən nazir müavini qeyd edib ki, bu ilin dekabr ayına kimi VII siniflər üçün əsas dərsliklərin hamısının elektron versiyaları, II və III siniflərin hər biri üzrə isə 5 dərsliyin elektron versiyası hazırlanacaq: "Əlavə olaraq şagirdlərin özlərini qiymətləndirmə üsullarının elektron versiyaları, "Coğrafiya” və "Tarix” fənləri üzrə əlavə tədris resursları hazırlanır. Bunların hazırı dekabr ayına kimi istifadə olunacaq. Beynəlxalq və respublika fənn olimpiadalarına hazırlıq üçün xüsusi elektron platforma, müəllimlər üçün şagirdlərin qiymətləndirməsi platforması yaradılır. Bütün bu və digər resurslar ölkədə bütün məktəblilərin planşetlə təmin olunması planının tərkib hissəsidir”.

C.Bayramov əlavə edib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında strateji xətt olaraq şagirdlərin planşetlərlə informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadəsi ilə bağlı hədəf var. Onun sözlərinə görə, hazırda strategiyanın tətbiq olunması ilə bağlı Fəaliyyət Planı hazırlanıb və hökumətə təqdim edilib: "Həmin Fəaliyyət Planı təsdiq olunduqdan sonra artıq müxtəlif dövlət proqramları ilə strategiyanın icrasına başlanılacaq. Əvvəlki illər ərzində də bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilib, icra olunub. Əgər 10 il bundan öncə Azərbaycanda şagird-kompüter nisbəti 1/1000 idisə, bu gün 1/18 nisbətindən danışırıq. Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi çox vacib və önəmli məqamdır. Amma burada digər məqam da var ki, bu da məzmunun yaradılmasıdır”.