adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ŞAiRLƏR ƏSRi

15229 | 2007-09-29 07:53
Gözəl şairimiz Əli Kərimin ölümündən bir neçə gün əvvəl yazdığı "Vəsiyyət" adlı şeirində belə bir misra var: "Şeirlə musiqinin vəhdətindən dirilməyə dəli bir ümidim var". Şeirlə musiqinin, yəni sözlə səsin birləşdiyi məqamda dirilmək ehtimalını düşünür. Şair vəsiyyət edir ki, onu dəfn eləyəndə ağlamasınlar. Əksinə, musiqi çaldırsınlar və şeir desinlər. Bax, bu təmasdan dirilib dünyaya qayıtmağa dəli bir ümid bəsləyir. İlk baxışda elə görünə bilər ki, uğurlu deyimdən, poetik tapıntıdan başqa heç bir fikir dayanmır bunun arxasında. Amma dayanır. Sadəcə biz diriliyin harda olduğunu, hansı məqamlarda və nələrdə gizləndiyini bilmirik.
   
   Əslində burda heç gizlidən də söhbət getməməlidir. Dirilik gün kimi aydın şəkildə özünü göstərir, amma biz onu görmürük. Çünki gözümüz tutulub, bunu unutmuşuq, bunu tapdalayıb, yox eləyib yerində idbar, bahalı və ölü, daş və dəmirdən ölü bir həyat qurmuşuq özümüzə. Ruhumuzu daş və dəmirə dəyişmişik. Biz dünyadan köçən əzizlərimizin xatirəsini həyatda yaşatmaq əvəzinə onları mərmər abidələrdə dondurmuşuq. Bütpərəstə çevrilmişik. Həyatı bahalı mərmər məzarıstana döndərmişik.
   
   Bax, buna görə şair dirilməyə ümidini "dəlilik" adlandırır. Yəni bunun mümkün olmadığını bilir. Bununla belə bu ifadədə "ümid" kəlməsi var. Deməli, hələ ki mümkündür. Hələ ki bu dirilikdən xəbər verən sözlə musiqinin vəhdətini hardasa eşidə bilərik.
   
   Harda? Televizoru, radionu açıb ordamı eşidə bilərik? Yox! Orda sözlə musiqinin vəhdətindən ən yaxşı halda müəyyən xatirələr içimizdə baş qaldıra bilər. Və yaxud sözlə musiqinin birləşdiyi o nədirsə, sümüyümüzə düşə bilər, bir az da kefimizə düşsə, durub rəqs edə bilərik. Pis halda isə bizim bahalı ölü həyatımızın sanki lirik-poetik, yaxud epik-patetik təsdiqinə, himninə çevrilə bilər. Bəs harda eşitmək olar?
   
   Buna cavabdan əvvəl haşiyə çıxıb bildirmək istəyirəm ki, "eşitmək" sözünün üstündə belə israrla dayanmağım təsadüfi deyil. Mən alman filosofu Haydeggerin həqiqəti görmək yox, dinləmək olar fikrini bütün varlığımla qəbul edirəm. Çünki görüntülər bizi aldadır. Bu gün çalışmaq lazımdır ki, toy-şənlik məclislərində videoya çəkilməyək. Çünki biz öləndən sonra həmin təsvirlər hələ müəyyən müddətə qalacaq. Amma onlar bizi öləndən sonra ikinci dəfə öldürəcək. Çünki həmin görüntülərdə biz özümüzün ölmüş, qəlibə salınmış həyatımızı yaşayırıq. Orda heç həyatdan əsər-əlamət yoxdur. Orda bizim kimliyimiz, kimliyimizin məğzi görünməyəcək. O görüntüyə bizə ruhumuz gəlməyəcək. Elə o səslər də bizim kimliyimizə yaddır. Çalışmalıyıq ki, az şəkil çəkdirək. Heç olmasa, yaxşı fotoqrafa çəkdirək şəklimizi. Doğrudur, donmuş halın, yəni dondurulmuş bir anın üzərinə azca da olsa, həqiqət işığının düşməsinə ümid var. Amma bu anı hər şəkilçəkən tuta bilmir. Sözlərimin təsdiqi üçün elə misal gətirdiyim videogörüntülərdə, yaxud bekara çəkilən fotoşəkillərdə artıq dünyada olmayan yaxınlarınıza baxın. Görün onları tanıdığınız kimi, əgər doğrudan da tanıyırdınızsa, görəcəksinizmi? Görməyəcəksiniz. Əgər o görüntülərə hətta səslər də düşübsə, yenə də onları eşitməyəcəksiniz. Çünki bu görünən, bu eşidilən onlar deyil. Bu görünən, eşidilən biz də olmayacağıq. Hüseyn Cavid də bu həqiqətdən xəbər verir:
   
   
   
   Göz, qulaq görmək, eşitmək aləti,
   
   Çox zaman aldatmış insaniyyəti.
   
   
   
   Bir dəfə qədimlərdə padşahı əyləndirmək istəyən əyanlarından biri gəlib xəbər verir ki, filan yerdə belə bir müdrik adam yaşayır, gözləri ilə eşidir, qulaqları ilə görür. Bunu eşidən kimi padşah maraqlanır. Tez həmin adamın saraya gətirilməsinə əmr verir. Doğrudan da, saraya gətirilən şəxs ona verilən tapşırılıqlara cavab olaraq səsi dinləyib bunun kimə məxsus olduğunu deyir, uzaqda dayananların sifətlərinə baxıb onların nədən danışdığını bir-bir söyləyir. Hamısı düz çıxır. Heyrətə gələn şah bunun sirrini öyrənmək istəyir. Müdrik şəxs cavab verir:
   
   - Şahım, burda sirr yoxdur. Mən nə qulağımla görür, ya eşidir, nə də gözümlə eşidib görmürəm. Bunun üçün bizə ağıl verilib. Yalnız ağılı işə salmaqla bəsirət gözünü açmaq olar. Mən də ömrüm boyu bununla məşğul olmuşam. Yalnız onun vasitəsilə görünməyəni, eşidilməyəni görüb eşidirəm.
   
   Haşiyə uzandı. Yuxarıda verdiyim suala qayıtmaq istəyirəm. Sözlə səsin birləşən məqamı hardadır və şair niyə o məqama dirilmək ümidini bağlayır? Biz onu hardan eşidə bilərik? Məncə, hər yerdən. Hətta televiziya və radiodan, maqnitofon yazısından, diskdən, küçədən, təbiətdən, hər yerdən, hər kəsdən. Hələ vaxt var onu eşitməyə. Hər şeyin virtuallaşdığı bir dövrdə hələ də reallıqdan nəsə qalıb. Bax orda, yalnız orda sözün həqiqəti, səsin həqiqəti ilə bir-birini tapıb görüşə bilər.
   
   Yaradan insana ixtiyar verib. Müəyyən vaxta qədər hər şey insandan asılıdır. Gəlin Mikayıl Müşfiqin dediyi "ruhumuzun ehtiyacını" dinləyək. Fələyin özündən kam ala bilək. Ətrafımıza qarşı, ətrafımızda baş verənlərə qarşı tələbkar olaq. Bəsdir hırıldadıq. Gülmək lazımdırsa, elə gülək ki, şüşələr cingildəsin, qulaqlar batsın. Ağlamaq lazımdırsa, Füzuli kimi "ahımızdan fələklər yansın", döyüşmək lazımdırsa, dinmədən-danışmadan bütün varlığımızı odlu silaha çevirib düşmənə yönəldək, cəhənnəmin içindən keçib qələbə çalaq. Hamılıqla qələbə rəqsi oynayaq. Qələbə mahnısı oxuyaq. Sözün həqiqəti ilə səsin həqiqətinin birləşdiyi məqam olar bu. Yarımtonlardan qaçaq. Məmməd Arazın dediyi "torpaq altında gizlətdiyimiz babalarımızın gur səsini" eşitmək üçün əyilib yerə, torpağa qulaq verək. Eşitməklə dirildək, dirilək.
   
   Mən burda fransız filosofu Alen Badyunun "Şairlər əsri" adlı əsərinin adını çəkməyə bilmirəm. O yazır, hər şair, hətta həddən artıq istedadlı, dahi şair belə artıq bitmiş olan "şairlər əsri"nə daxil deyil. Doğrudur, fransız filosofu Avropa ədəbiyyatından bəhs edir. Nəvaxtsa Artur Rembo demişdi ki, sözü bizdən eşidin, həqiqət nə filosofların dilindədir, nə də siyasətçilərin. Həqiqəti bizim dediklərimizdə axtarın. Bu deklamisayadan şairlər əsri başlayıb və 1960-cı ildə sona yetib.
   
   Bizdə necə, şairlər əsri nəvaxtsa elan olub başlayıbmı, bu gün bitibmi? cavab vermək üçün bu sahə ilə ayrıca işləmək, dərin fəlsəfi və filoloji təhlillər aparmaq lazımdır. Bircə onu deyə bilərəm ki, bizdə də həqiqəti eşidə biləcəyimiz "şairlər əsri" olub. Bizdə də elə istedadlı, elə adlı-sanlı şairlər olub ki, həqiqəti, bizim kimliyimizin həqiqətini eşidib-dinləyə biləcəyimiz "şairlər əsri"nə daxil deyil. Gözəl yazıb, yadda qalıb, uşaqlar tərəfindən əzbərdən deyilib, amma onu deməyib. Sözlə səs o yerdə, diriliyin olduğu yerdə görüşmür. Yarımtonlarla bizim başımızı qarışdırır.
   
   Bizdə filosof olmayıb, elə rejimdə yaşamışıq ki, orda siyasətçinin dilindən həqiqəti eşidə bilməzdik. Bəlkə də, bəlkə də siyasətçilərin elə sözləri olub ki, onları eşidib dinləməyinə dəyərdi. Amma eşitməmişik.

TƏQVİM / ARXİV