adalet.az header logo
  • Bakı 19°C

Sağlam ətraf mühitdə yaşamaq hüququ

23717 | 2014-09-16 01:12
İnsan təbii ehtiyaclarını və tələbatını ödəmək üçün mütəmadi olaraq təbiətlə təmasda olur, təbiətin imkan və resurslarından istifadə edir. Elmi-texniki tərəqqinin nailiyyətləri və insanların daha rahat yaşamaq istəyi (komformizm) təbiətlə münasibətlərdə çoxsaylı problemlər yaradır. Əslində, adi məntiqə görə, elmin inkişafı və texniki tərəqqi insanların təbiət resurslarından daha səmərəli, effektli və qənaətli istifadəsinə şərait yaratmalı, təbiətin qorunması və ekoloji tarazlığın saxlanması üçün daha geniş imkanlar açmalıdır.

Bütün bəşəriyyətin işi

Təəssüf ki, sürətlə inkişaf edən, "mədəniləşən", "elmləşən" müasir dünyada insanın genişlənən təsərrüfat fəaliyyəti, çox və asan qazanmaq istəyi ətraf mühitə ciddi zərər vurur, bəşəriyyəti ekoloji katastroflara çəkir. Qlobal istiləşmə, atmosferin çirklənməsi, ozon qatının zədələnməsi, təbii mühit komponentlərinin itirilməsi, flora və fauna nümunələrinin məhv edilməsi, meşələrin kütləvi qırılması, içməli suyun azalması və s. bəşəriyyətin həll etməli olduğu ən vacib həyati problemlərdəndir. Eləcə də, bu problemlərdən doğan nəticələr, xəstəliklər, təbii və texnogen kataklizmlər bəşəriyyətin mövcudluğunu, insanlığın öz yaşamını davam etdirməsini təhlükə altında qoyur.
Belə halda, yəni insanlıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda ayrı-ayrı insanlara və ya qruplara məxsus olan digər hüquq və azadlıqlar sonuncu sıraya keçir, başqa sözlə, yaşaya bilməyən, ölüm ayağında olan insan üçün yaxşı yaşamaq hüququnu tələb etmək, ya vicdan azadlığından, və ya ədalətli mühakimə hüququndan danışmaq qeyri-ciddi görünür. Bunu qeyd etməkdə məqsədimiz digər insan hüquq və azadlıqlarının mahiyyətini, əhəmiyyətini və dəyərini azaltmaq deyil, əksinə sağlam ətraf mühitdə yaşamaq hüququnun vacibliyini bir daha vurğulamaq, ekoloji hüquqpozmalara qarşı mübarizənin əhəmiyyətini göstərməkdir.
Ekoloji problemlərin böyüklüyü, qloballığı, tələb olunan resurs və imkanların əlçatmazlığı ilk baxışda insanların bu problemlərlə mübarizədə gücsüzlüyü təəssüratını yarada, pessimizmə səbəb ola, ekoloji qanunvericiliyin genişlənməsinə və hərtərəfli tətbiqinə maneəyə çevrilə bilər. Nəzərə alsaq ki, bu gün ətraf təbii mühit problemi bir şəxsin, bir toplumun, bir xalqın, bir dövlətin problemi olmaqdan çıxdığı, qloballaşdığı, bəşəriləşdiyi qədər də, hər kəsin və hamının probleminə çevrilib hər kəs, hər toplum, hər xalq, hər dövlət bu məsələdə öz imkanları, səlahiyyətləri və məsuliyyəti səviyyəsində iştirak etməyə hazır olmalıdır. Təbiətin sərhədləri yoxdur. Küləyi uca hasarlarla saxlamaq, yağışı sifariş etmək, sunamini qonşuya göndərmək mümkün deyil. Bir ölkədə baş verən təbii ekoloji fəlakət digər ölkələrə də təsir edir, əksər insanların yaşayışında, həyat tərzində əks-səda verir. Çernobıl hadisəsi bunun ən bariz nümunəsidir. Belə böhranların qarşısını almaq bir və ya bir neçə dövlətin işi deyil, ümum bəşəri səy tələb edir. Buna görədir ki, ana təbiət adlanan ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin müxtəlif aspektləri ilə bağlı beynəlxalq səviyyədə onlarla konvensiyalar, müqavilələr, sazişlər, qətnamələr və s. qəbul edilmiş, bu istiqamətdə dövlətlərin vəzifələri və məsuliyyətləri müəyyənləşdirilmişdir. Belə beynəlxalq hüquqi aktlardan ən mühümi 1993-cü ildə Reo-de-Jeneyroda (Braziliya) BMT-nin Konfransında qəbul olunmuş "Ətraf mühit və inkişaf üzrə Bəyannamə"dir.

Dövlətimizin mövqeyi

Müstəqil Azərbaycan dövləti bəşəriyyət qarşısında, eləcə də, gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, öz vətəndaşlarının sağlam ətraf mühitdə yaşamaq hüququna ehtiramını ifadə edərək Konstitusiyamızın 39-cu maddəsində "Sağlam ətraf mühitdə yaşamaq hüququ"nu təsbit etmişdir. Bununla da, özünün strateji hədəflərindən birini müəyyənləşdirmişdir. Bu maddəyə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Sağlam ətraf mühitdə yaşamaq hüququnun həyata keçirilməsinin hüququ təminatı dövlətdən, onun orqanlarından, vəzifəli şəxslərdən, eləcə də, hüquqi və fiziki şəxslərdən həyat fəaliyyəti üçün əlverişli olan təbii şəraitin yaradılması və qorunub saxlanması üzrə müvafiq vəzifələrin yerinə yetirilməsini tələb etmək, insan fəaliyyətinin nəticəsində bu şəraitin pozulması hallarında isə vəziyyətin düzəldilməsini və zərərçəkənlərə dəymiş ekoloji ziyanla bağlı kompensasiya ödənilməsini tələb etmək hüququdur.
Konstitusiyaya görə hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var. Ətraf mühitin vəziyyəti haqqında düzgün məlumat almaq hüququnun tərkibinə bilavasitə insanın mənafeyinə toxunan məlumat, material və sənədlərlə tanış olmaq, ekoloji proseslər haqqında istənilən informasiyanı qanuni yolla əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ daxildir.

Azərbaycanda ekoloji
tarazlığın saxlanması

2009-cu il martın 18-də keçirilən referendumla Konstitusiyanın 39-cu maddəsinə daha iki hissə əlavə edilmişdir. Bu maddəyə əlavə edilmiş III hissəyə görə hər kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Bu o deməkdir ki, mövcud təbii sərvətlərdən istifadə edilməsi, sənayenin inkişafı, ərzaq məhsullarına ehtiyacın artması, yaşayış yerlərinin genişləndirilməsi, yeni təbii ehtiyat mənbələrinin istismarı və s.-in doğurduğu fəsadlar ciddi dövlət və ictimai nəzarət altında saxlanmalı, onların doğurduğu və ya doğura biləcəyi təhlükələr müəyyən ölçülər, standartlar səviyyəsində saxlanmalı, elmi tövsiyələr və hüquqi normalar gözlənilməlidir. IV hissədə təsbit edilmişdir ki, dövlət ekoloji tarazılığın saxlanmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Bu müddəa zəngin flora və faunası olan Azərbaycanda ekoloji tarazılığın saxlanması, nadir yabanı bitkilərin və Qırmızı kitaba düşmüş vəhşi heyvanların tükənməkdə olan növlərinin qorunmasını dövlətin və onun orqanlarının birbaşa vəzifəsinə çevrilir. Dövlət bu bitki və heyvanların qorunması ilə bağlı həm öz vətəndaşları, həm də beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıdığını bəyan edir. Referendum ərəfəsində və ondan sonrakı dövrdə Konstitusiyaya edilən dəyişikliklər ətrafında gedən siyasi polemika və çəkişmələr fonunda Əsas Qanunun 39-cu maddəsinə edilən bu həyati vacib məsələ bir qədər diqqətdən kənarda qaldı. Halbuki, hamımızın və gələcək nəsillərimizin yaşamalı olduğu ana təbiətin, ətraf mühitin və ekoloji vəziyyətin qorunması, fikrimizcə, ən aktual məsələ olaraq diqqət mərkəzində saxlanılmalıdır.
Sağlam ətraf mühitdə yaşamaq hüququ ilə bağlı Konstitusiya müddəaları sonradan qəbul olunan qanun və məcəllələrdə inkişaf etdirilmiş, "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Məlumat azadlığı haqqında" qanunlarda, habelə, Prezident fərmanlarında, Nazirlər Kabinetinin qərarlarında, sahəvi nazirliklərin hazırladığı normativ hüquqi aktlarda, təlimat və tövsiyələrdə daha da dərinləşmiş, sistemləşdirilmişdir. Ekoloji hüquqpozmalarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə, ekoloji cinayətlərlə bağlı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə çoxsaylı ciddi, ağır cəzalar nəzərdə tutan maddələr daxil edilmişdir. Bununla belə, Konstitusiyada göstərilən sağlam ətraf mühitdə yaşamaq hüququ ilə bağlı mövcud olan bəzi problemləri də qeyd etməyi lazım bilirik.

Qanunvericiliyin
düzgün tətbiqi

Əvvəla, ölkəmizin hüquq ədəbiyyatında bu hüququn şərhi, izahı və tətbiqi mexanizmi ilə bağlı elmi-tədqiqat işləri, ümumiləşdirmə və araşdırmalar azdır. Xüsusilə də, ölkəmizin beynəlxalq inteqrasiya prosesinə daxil olması, Azərbaycanda beynəlxalq norma və standartların geniş tətbiqi fonunda belə araşdırmalar, ekologiya və ətraf mühitin müxtəlif aspektlərinə işıq salacaq elmi hüquqi əsərlərə böyük ehtiyac hiss olunur.
Təcrübə göstərir ki, bu fakt mövcud qanunvericiliyin tətbiqində, qanunların birmənalı anlaşılmasında və mübahisələrin məhkəmə çəkişmələrində müəyyən çətinliklər yaradır. İkincisi, təbii resurslardan istifadə və ekoloji tarazılığın saxlanması ilə bağlı hər kəsin görə biləcəyi işlərlə əlaqədar, eləcə də, görməli olduğunu görmədiyi üçün tətbiq olunacaq hüquqi və iqtisadi sanksiyalarla bağlı ekoloji maarifləndirmə beynəlxalq standartlardan və qabaqcıl xarici ölkələrin təcrübəsindən xeyli aşağı səviyyədədir. Bu sahədə orta və ali məktəblərin tədris proqramlarına və dərsliklərinə yenidən baxmaq məqsədə uyğundur.
Üçüncüsü, ekoloji mühitin qorunmasına birbaşa məsul olan orqanların bəzi əməkdaşlarının mövcud qanunvericiliyin düzgün tətbiqi ilə bağlı müəyyən çətinlikləri və problemləri vardır. Bunu məmurların tətbiq etdiyi inzibati cəzaların məhkəmə çəkişməsi zamanı ləğv edilməsi faktlarının çoxluğu da sübut edir. Onların böyük əksəriyyətinin hüquqşünas olmadığını nəzərə alaraq onlar üçün xüsusi təlimlər təşkil etmək olar.
Nəhayət, ekoloji hüquqpozmaların və cinayətlərin səbəbləri, onları doğuran hallar, belə hallara qarşı mübarizə metodları və yolları ilə bağlı elmi ədəbiyyatın hazırlanması da günümüz üçün aktual olaraq qalmaqdadır.

TƏQVİM / ARXİV