AVTOBUS SÜRÜCÜLƏRİ ÖTÜŞÜR...

FAİQ QİSMƏTOĞLU
224286 | 2014-09-16 01:10
Bu gün Bakı şəhərində və eləcə də digər yerlərdə ən çox istifadə olunan ictimai nəqliyyat vasitələrindən biri avtobuslardır. Təbii ki, avtobuslarda mənzil başına getmək istəyən sərnişinlər təhlükəsiz lazımi ünvanlara çatmaq istəyirlər. Amma bəzi avtobus sürücüləri var ki, onlar sanki sərnişin deyil, tikinti materialları daşıyırlar. Belə ki, avtobusları yüsək sürətlə idarə edən bir çox sürücülər bir-biri ilə ötüşür, əyləci qəfil basır və bu zaman isə ayaq üstə duran sərnişinlər bir-birinə çırpılırlar.
Təsadüfi deyil ki, avtobuslarla bağlı Bakı şəhərində Nəqliyyat Nazirliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq reydlər keçirirlər. Çünki Bakıda son vaxtlar avtobus sürücülərinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən ağır qəzalar baş verib. Bu qəzalar zamanı ölənlər və yaralananlar olub. Təəssüflə qeyd etməliyik ki, keçirilən reydlərə və görülən tədbirlərə baxmayaraq, yenə bəzi avtobus sürücüləri yol hərəkəti qaydasını kobud surətdə pozur, bir-biri ilə ötüşür və hətta işıqforun qırmızı işığına məhəl qoymurlar. Belə görüntülərin bir neçəsi sosial şəbəkələrdə yerləşdirilib. Adam həmin görüntülərə baxanda tükləri biz-biz olur və avtobusa minməkdən qorxur.
Elə gün olmur ki, avtobuslarla bağlı hər hansı hadisə və qəza baş verməsin. Təəccüblüsü budur ki, bundan əksər sürücülər nəticə çıxarmaq istəmirlər. Bizim sərnişinlərin taleyi tükdən asılı vəziyyətdədir. Çünki sözün açığını desək, avtobusların iştirakı ilə baş verən ağır qəzalar sərnişinlərin gözünü qorxudub.
Adətən sərnişinlər yaşlı sürücülərin idarə etdikləri avtobuslara minmək istəyirlər. Onlar gənclərə nisbətən avtomobilləri normal sürətlə idarə edir və təhlükəsiz sürürlər. Hələ bu harasıdır, bəzən görürsən ki, həddi-buluğa çatmamış yeniyetmə bir oğlan avtobusun sükanı arxasında əyləşib. Aydındır ki, bunu görən sərnişin avtobusa əyləşməyəcək. Ən azından ona görə ki, kimsə avtobusda əyləşib ürək-göbəyini "yemək" istəmir.
Bu sətirlərin müəllifi də tez-tez bir sərnişin olaraq avtobuslardan istifadə edir. Sentyabrın 14-də saat 12 radələrində metronun "Neftçilər" stansiyasının qarşısından Yeni Günəşliyə gedən 50 nömərli marşruta əyləşdik. Avtobusun sürücüsü bir göz qırpımında necə sürətlə maşını idarə edirdisə, salondakılar bərk qorxuya düşdü. Orta yaşlı bir qadın iki azyaşlı uşağı ilə avtobusun salonunda özünü saxlaya bilməyib yıxıldı. Əyləci qəfil basan sürücü heç nə olmayıbmış kimi, yenidən nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başladı. Avtobusun salonunda yıxılan qadın sürücüyə öz iradlarını bildirdi:
- Belə maşın sürərlər? Sən kartof aparmırsan e, sərnişin daşıyırsan. Qabaqda saxla, düşək! Belə getsə, camaatı qıracaqsan.
50 saylı marşrutda 10 TG 761 nömrəli avtobusu idarə edən sürücü isə özünə haqq qazandırmaq istədi:
- Ay bacı, bizi danlamayın e, "qaynar xəttə" zəng edin, müdriyyətə fikirlərinizi deyin, elə hamı bizim yaxamızdan yapışır. Mən neyləyim, vaxtım azdır, hələ üstəlik də "vosmoy bazarının" qabağında tıxac var. O tıxaca düşəndə 5-10 dəqiqə vaxtımız itir. Vallah, məni qınamayın, mən də istəyirəm ki, hər şey yaxşı olsun. Ancaq bizim başımıza oyun açan müdiriyyətdir. Onu sərnişinin taleyi yox, gündəlik plan maraqlandırır. 200 manatı verməsəm, məni həmin günü işdən qovacaq.
Qadın onun dediklərinə məhəl qoymayaraq, növbəti dayanacaqda düşdü və sürücüyə bildirdi ki, "qaynar xəttə" zəng edib səndən şikayətlənəcəyəm.
Sürücü isə yenidən maşını yüksək sürətlə idarə etməyə başladı. Bu vaxt salondakılar yenidən sürücüyə öz etirazlarını bildirdi. Sürücü də mobil telefonla kiminləsə də danışıb deyirdi ki, filan avtobusu idarə edən filankəs mənim vaxtıma girib və sərnişinləri yığıb aparır, onun qarşısını alın! Bir qədər gedəndən sonra 50 nömrəli marşrutda işləyən digər avtobus güllə kimi bizim yanımızdan ötüb keçdi. Yenidən 10 TG 761 nömrəli avtobusun sürücüsü sürəti artırdı. Ötüş zamanı digər avtobus onu qabaqlayıb dayanacağa daha tez çatdı. Bizim əyləşdiyimiz avtobusun sürücüsü kərpic zavodunun yaxınlığında sürəti azaltdı, maşını yavaş-yavaş idarə etməyə başladı. Çünki onun növbəsinə girən sürücü artıq sərnişinləri götürüb aparmışdı.
Həmin anlarda avtobusun salonunda olan qadın, uşaq və yaşlı insanlar çox qorxulu anlar yaşadılar. Sərnişinlərin dəfələrlə "maşını aşırıb bizi qırarsan" xəbərdarlığı da sürücünü sakitləşdirmədi. Sürücü o vaxt sakitləşdi ki, artıq ondan qabaqkı avtobus sərnişinləri dayanacaqdan yığıb aparmışdı.
Çox təəssüf ki, əksər sərnişinlər avtobusda bu cür anlarla tez-tez üzləşirlər. Qorxulu, stresli anlar yaşayan insanlar mənzil başına sağ-salamat çatmalarına bir o qədər də inanmırlar. Çünki göz gördüyündən qorxar. Camaat da görür ki, tez-tez avtobusların iştirakı ilə ağır qəzalar baş verir, ölüm və xəsarət alanlar olur.
İnanmaq istərdik ki, Nəqliyyat Nazirliyi və eləcə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 50 saylı marşrutda işləyən 10 TG 761 nömrəli avtobusu idarə edən sürücünü məsuliyyətə cəlb edəcək və onu cəzalandıracaqdı. Bir məsələni də qeyd edək ki, intizamsız avtobus sürücülərinə görə məsuliyyəti həmin marşrutları işlədən sahibkarlar daşıyırlar. Çünki hər hansı bir hadisə olanda sürücünü məsuliyyətə cəlb edirlər, ancaq sahibkar sudan quru çıxır.
Biz ona da ümid bəsləyirik ki, bu cür qanunsuz hərəkətlərə görə 50 saylı marşrutun sahibi də yaxasını kənara çəkməməlidir və onun barəsində də ciddi ölçü götürülməlidir. Çünki sürücülər deyirlər ki, bizi intizmasızlığa və avtomobilləri yüksək sürətlə idarə etməyə marşrut sahibi vadar edir.
Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV