adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DiQQƏT, TƏXRiBAT

OQTAY SALAMOV
21328 | 2007-09-28 04:12
Vallah, mən də müsəlmanam. Ata-anam da, tanıdığım yeddi arxa dönənim də müsəlman olub. Kəlmeyi-şəhadətimi də bilirəm, mərasimlərdə oxunan duaları da. Səhhətim imkan vermədiyi üçün oruc tuta bilmirəm. Namaz qıla bilmirəm. Allaha asi, dinə qarşı deyiləm. Axirətdə mənə veriləcək cəzaların da ancaq öz günahlarıma görə veriləcəyinə tam əminəm.
   
   İndi deyəcəyim sözlərin, yazacağım fikirlərin qətiyyən günah olmadığına əminəm və çox böyük iddialı, dini dövlətə qarışdırmaq istəyən siyasi dindarların bu fikirlərin qəti əleyhinə olacağını da bilirəm. Amma Allah-Təala müsəlmana səbrli olmağı buyurub və sizlər də Onun buyurduqlarına əməl etməyə borclusunuz. Ən azından, bu yazını sona qədər oxumaq mənasında.
   
   Heç ağlınıza gəlməyib tələb edəsiniz ki, oğlanlar məktəbə dirazi papaqda, əmmamədə, araqçında, bellərində qurşaq, əllərində təsbeh getsinlər, hə? Nə isə heç belə çağırışları, bunlarsız olanlara etirazları eşitmirəm axı. Xeyir ola, bəs bu hicab söhbəti nə ağır mövzu olub ki, dərslər başlanandan dövlətin qanunlarına əməl edən bəzi məktəblərin qarşısında piketlər keçirirsiniz, monitorinqlər aparırsınız, etiraz nümayişlərinə hazırlaşırsınız. Nədi, dövlətlə dövlətlik, hökumətlə höukmətlik etmək istəyirsiniz? Yoxsa demokratiyanı ancaq özünüzə sərf edən kimi başa düşürsünüz? Bəlkə dünyəvi, sivil dövlətdə yaşadığımızı, Konstitusiyanı bəyənmirsiniz?
   
   Neçə müddətdi məktəbli forması haqda müzakirələr gedir. Məktəbə oğlanların əndrabadi, qızların şalvarda, qısa yubkada, daş-qaşlı, makiyajlı... gəlməməsi, məktəblilər arasında sosial ayrı-seçkiliyin gözə soxulmaması çoxlarımızın ürəyindəndir. Hər halda, bunların əksinə danışanlara ictimai yerlərdə və kütləvi informasiya vasitələrində az rast gəlirik. Və şəxsən mən yuxarıda sadaladıqlarımın əleyhinə danışan bir nəfər də din xadiminə rast gəlməmişəm. Bəs hicablı qızların dərslərə buraxılmamasına hansı əsasla etiraz edirsiniz? Sənin qızın, dindarlığı geyimlə göstərən istənilən kişinin qızı evində, küçədə, toyda, məsciddə, bulvarda... hicabla gəzsin, bir nəfər ona güldən ağır söz desə, ver məhkəməyə. Məktəbdə məktəbli forması var, həmin forma müsəlmançılığın əleyhinə getmir, əgər gedirsə təklifini ver, etirazını onda bildir, amma məktəbə hicabla gəlmək olmaz və belə geyimdə olan qızları dərsə buraxmayan məktəb direktorlarına tam haqq qazandırıram.
   
   Dünənki qəzetlərin birində Sumqayıtdakı 3 saylı məktəbdə 5-6 hicablı qızın məktəb mdirektorunun əmri ilə dərsə buraxılmadığı haqda xəbər oxuyuram. Sitata fikir verin: "Dindarların işə qarışmasından sonra bu gün (dünən-red.) şagirdlərin dərsə buraxıldığını deyən N.Namazov (Dini ayin soyadlı Namazov dərsə hicablı buraxılmayan şagirdlərdən birinin qardaşıdır-O.S.) direktorun yenidən problem yarada biləcəyini güman etdiyini vurğulayıb". Bütün müqayisələr qüsurludur, amma hər şey ola bilər. Təsəvvür edin ki, sabah üzdəniraq homoseksualistlərin qohumları gəlib işə qarışır, o biri gün kriminal avtoritetlərin, daha başqa bir gün "starover xristianların" nümayəndələri işə qarışır və sonra yenə problem yaradıla biləcəyi gümanlarını da bildirirlər. "Dindar" qardaşlar, qəbul edə biləcəksiniz?
   
   Ən acınacaqlısı isə budur ki, media nümayəndələri də belə yerlərdə özlərini prokuror kimi aparırlar, həmin məktəb direktorlarını az qala məhşər ayağına çəkirlər. Daha dözülməzi də var: məktəb direktorları sanki üzr istəyirlər, qorxurlar ki, onları ateist, dinsiz sayarlar. Hətta Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı da tələbələrə hicabda İnstituta gəlməyi qadağan etdiklərini söyləməyə cürət etmədi. Bu İnstitutun məzunları dini mədrəsələrdə yox, məktəblərdə ibtidai sinif müəllimləri olacaq. Məhz onların qəbul olunmuş standart bir forma geyinməsi daha vacibdir. Hicablı tələbələrin auditoriyalara buraxılmaması çox düzgün qərardır və bunu kiminsə təsiri ilə ört-basdır eləmək olmaz.
   
   Azərbaycan dindarlarının sözügedən mövzu ətrafında radikallarına xatırlatmaq istəyirəm ki, məmləkətin və təkcə məmləkətin yox, bütün Qafqazın dini məsələləri üzrə ən məsul, ən sözükeçən, ən səlahiyyətli nümayəndəsi Hacı Allahşükür Paşazadə cənablarıdır. Özü də Şeyxin fəaliyyəti dindarların tam böyük əksəriyyətini razı salır, dövlət də onun əməyini layiqincə qiymətləndirir. Nə bu zat, nə Hacı Sabir, nə Hacı Vasim Məmmədəliyev... məktəblərə hicabla getməyin qadağan olunması məsələsinə belə sərt münasibət göstərməyiblər. Amma İlqar İbrahimoğlu adlı cavan bir din xadimi xarici dəstəyi əldə dəstəvuz eləyərək başlayıb həm şeyxülislamlıq iddiasına, həm bütövlükdə Qazilər Şurasını əvəz eləmək iddiasına, monitorinq keçirən, prokuror iddiasına... İlqar İbrahimoğlu televiziya ekranından elan eləyir ki, Müəllimlər İnstitutunda monitorinq keçirdi və hicablı dərsə girmə qadağasını aradan qaldırdı. Kimdi axı İlqar İbrahimoğlu tədris müəssisəsinin işinə müdaxilə eləsin? Hələ bu azdır: belə çıxdı ki, İlqar İbrahimoğlu bu xalqın dostudur, Aqiyə Naxçıvanlı düşməni?
   
   Türkiyədə "Türban" davası çox böyük uğurla Azərbaycana transfer edilməkdədir. Daha doğrusu, edilib. Türkiyə dünya boyda problemləri qoyub, düşdü türban "toru"na. Qurtardı! Bitdi! Yoxdu o əzəmətli, dünyəvi dövlət olan Türkiyə. İndi də Azərbaycanı yox etmək mstəyirsiniz? Unutmayın ki, Azərbaycanda "çadra daloy" məhz ifrat çadra geyinməkdən yaranmışdı. Məktəblərə, universitetlərə hicabla gedişi təsir, güc yolu ilə qəbul etdirmək də ifrata varmaqdır. Konstitusiyaya görə din dövlətdən ayrıdır. Və ayrı da olmalıdır.
   
   Əssəlamu əleyküm və rəhmətullahi və bərəkəthu!
   
   
   
   

TƏQVİM / ARXİV