adalet.az header logo
  • Bakı 20°C
15 Sentyabr 2014 15:34
8990
MƏMLƏKƏT
A- A+

Boşanmaların pərdəarxası səbəbləri

Azərbaycanda ailə əsrlərdir milli adət-ənənələrə, dəyərlərə söykənib, əziz tutulub. Amma təəssüf ki, son zamanların müşahidə və göstəriciləri artıq bu ənənə və dəyərlərin laxladığını göstərir. Cəmiyyətdəki müşahidələrimizlə yanaşı, statistik göstəricilər də boşanma hallarının getdikcə artdığını təsdiq edir. Belə ki, 2014-cü ilin yanvar-iyul ayları ərzində rəsmi boşananların sayı 6 min 900 nəfərdir. Dövlət Statistika Komitəsi  məlumat verir ki, ümumiyyətlə, 6 ayda əhalinin hər min nəfərinə 8,1 nikah, 1,3 boşanma düşüb.

Mütəxəssislər bildirirlər ki, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir. Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar və dini nikahda olub boşananlar da var ki, bunların sayını dədiqləşdirmək mümkün deyil.

Boşanmaların səbəbləri isə müxtəlifdir. Mütəxəssislər əsas səbəblər kimi sosial problemləri (işsizlik, maddi çatışmazlıq və s.), cinsi zəiflik, sonsuzluq, narkotik maddələr və spirtli içkilərlə yanaşı çağdaş cəmiyyətin dəyişən davranışlarını da göstərirlər: cütlüklərin bir-birlərinə inamsızlığı, ailə münasibətlərinə kənar müdaxilə, hörmətsizlik və.s. Əslində elə kələfin ucu da burdadır. Çünki yuxarıda sadalanan sosial problemlər 50 il bundan öncə də var idi: o zaman da əyyaş, narkoman, evə pul gətirməyən ərlərin sayı heç də az deyildi, amma boşanmalar da bu qədər olmurdu. Həmin ailələrdə müxtəlif səbəblərlə bağlı problemlər olanda belə, hər iki tərəf məhz ailənin dağılmaması üçün həmin problemləri qabartmazdılar. Eyni zamanda bu boşanmaya yaxınları da icazə verməz, ətrafda mənfi fikir formalaşması, yaxud övladların tək valideynlə qalması kimi amilləri düşünərdilər. Hətta əvvəllər insanlar sanki boşanmaqdan belə utanardılar. Ancaq indi boşanmalar adi hala çevrilib. Bəlkə də bunlar həmin ailə möhkəmliyini saxlayan dəyərlərin unudulmasından irəli gəlir. Bu gün artıq evlənmək qədər boşanmaq da təbii sayılır. Deməli, sadalananlar səbəb olmaqdan çıxıb bəhanəyə çevriliblər. Pərdəarxası səbəb, təəssüflər olsun ki, qadınlarımızda düşüncə dəyişikliyinin baş verməsidir, desək heç də durumun ağırlığını şişirtmiş olmarıq. Bəli, bu gün Azərbaycan qadını əvvəlki səbrini, dözümünü itirib. Qadınlar artıq itaətkarlıq etmək istəmirlər, onların fərdiliyə, şəxsi mənafeyə, müstəqilliyə meyilləri artıb.  

Fikrimizə qüvvət olaraq, "Təmiz dünya” İctimai Birliyinin sədri, psixoloq Mehriban Zeynalovanın bu mövzuda qənaətindən bəhrələndik. Psixoloqun sözlərinə görə, əvvələr ailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında indi ciddi dəyişiklik nəzərə çarpır: "Hazırda ailənin dağılmaması üçün ən çox kişilərin dözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər”.

Deməli ailədə qadınlardan çox şey asılıdır və onlar ailə düsturunu bilməlidirlər. 

Digər tərəfdən də tələsik evlilik, tərəflərin bir-birini kifayət qədər tanımaması, evlilik qərarını təkbaşına qəbul etmək, qızların "rəfiqədən geri qalmamaq” cəhdi  kimi səbəblər də var.

"Evlənən tərəflər düşüncələrini, istək və arzularını bir-birləri ilə əvvəlcədən bölüşməlidir, aralarında şəffaflıq olmalıdır. Adətən qadınlar bu barədə susur və nəyisə sonradan demələri çox gec olur. Ona görə də ailə quracaq tərəflərdə birgə müzakirə etmək, dinləmək bacarığı olmalıdır”, - deyə psixoloq qeyr edir.

Hər halda səbəb nə olursa-olsun narahat olmaq üçün kifayət qədər əsas var. Bu gün sosial problemlərin kölgəsi altında gizlənmiş digər səbəblər - ailə dəyərlərinin itməsi, Qərbə inteqrasiyada "yanlış istiqamət” sabah milli düşüncə və təfəkkürümüzü də sual atında qoya bilər.