adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Sentyabr 2014 14:04
9020
İDMAN
A- A+

Gözlənilməzliklərlə zəngin Daşkənd mundialı - Təhlil

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən güləş üzrə dünya çempionatı başa çatdı. Yarışın ümumi yekunlarına əsasən 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edən Azərbaycan yığma komandası komanda hesabında altıncı oldu. Bu, keçən ilki mundiala nisbətdə yüksək nəticə olsa da,  qənaətbəxş hesab etmək doğru olmazdı. Yarışa demək olar, tam heyətlə yollanan yığmamızın daha uğurlu çıxış edəcəyi gözlənilirdi.

Əsasən gənc idmançılardan təşkil olunmuş sərbəst güləş yığmasında iki idmançı fəxri kürsüdə yer almağı bacardı. Vantaada keçirilən avropa çempionatının və iyulda paytaxtımızda təşkil olunan Qızıl Qran- pri turnirinin qalibi olan Hacı Əliyev bu dəfə də bütün rəqiblərini məğlub etməyi bacardı. Keçirdiyi görüşlərdə rəqiblərindən bir baş üstün olan 23 yaşlı pəhləvanımız 61 kiloqram çəki dərəcəsinin lideri olduğunu bir daha sübut etdi. 

97 kiloqram çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov yenə də stabil çıxışı ilə fərqləndi. Bütün çempionatların əsas favoritlərindən hesab olunan osetin əsilli pəhləvanımız çempionatı ikinci pillədə başa vurdu. Finalda Rusiya təmsilçisi Abdusalam Qadisova gərgin keçən mübarizədə məğlub olan Qazyumov medal kolleksiyasına mundialın üçüncü gümüş medalını əlavə etdi. 

Digər çəki dərəcələrində mübarizə aparan pəhləvanlarımız isə ümidləri doğrultmadı. 57, 66, 86 və 120 kq çəki dərəcələrində müvafiq olaraq ölkəmizi Əhmədnəbi Qvartazilov, Məhəmməd Müslümov, Həmzət Oİsmanov və Aslan Dzebişov təmisl edirdi ki, bu idmançılar da mundialın debütantı hesab olunurdu. Onların arasında çıxışı ilə bir qədər irəliləməyi bacaran Məhəmməd Müslümovla Həmzət Osmanov oldu. Vunderkindlər ilk dəfə iştirak etdiyi mötəbər turnirin 1/4 finalınadək gəlməyi bacardı. 
Cəbrayıl Həsənovun yoxluğunda 74 kq-da yer alan Əşrəf Əliyev ilk görüşdə qalib gəlsə də, sonradan məğlub olaraq mundialla erkən vidalaşdı. 

Son avropa çempionatının qalibi olmaqla adından söz etdirən Ruslan Dibirhacıyev isə ona bəslənən ümidləri doğrultmadı. O, elə ilk mərhələrələrdəcə mundialla vidalaşdı.

Yekun nəticədə Semyon Çterev və Firdovsi Umudovun rəhbərlik etdiyi millimiz komanda hesabında yalnız Rusiya, Iran və Türkiyə yığmalarından geri qalaraq dördüncü oldu. 

Qadın güləşçilərimiz isə altı çəki dərəcəsində təmsil olunurdu.Kifayət qədər titullu idmançılardan təşkil edilmiş heyətdə ən yüksək nəticəni  Yuliya Ratkeviç göstərdi. Finaladək itkisiz irəliləyən güləşçimiz çempion adı uğrunda görüşdə Monqolustan təmsilçisinə məğlub oldu. 2009-cu ildə Danimarkada keçirilən analoji yarışın qalibi, bir il sonra isə Moskvada keçirilən turnirin ikincisi olmağı bacaran 29 yaşlı güləşçi medal kolleksiyasına mundialın  ikinci gümüş mükafatını əlavə etdi.

48 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Mariya Stadnik isə ona bəslənən ümidləri tam doğrultmadı. Çəkisinin reytinq favoritlərindən hesab olunan dünya və dördqat avropa çempionumuz yarımfinalda gözlənilmədən polşalı Matrovskaya məğlub oldu. Üçüncülük şansını əldən verməyən 26 yaşlı güləşçimiz komandamızın hesabına bürünc medal yazdı.

Digər təmsilçilərimiz isə ilk görüşlərdəcə məğlub olaraq, mundialla erkən vidalaşdı.

Yığmamız komanda hesabında doqquzuncu oldu.


Cəmşid Xeyrəbadinin başçılıq etdiyi iranlı məşqçilər korpusu isə yunan-Roma yığmamızda demək olar, optimal heyətə şans vermişdi. Daşkəndə kifayət qədər titullu idmançılarla yollanan klassiklərimiz 1 gümüş, 2 bürünc medalla yadda qaldı.

İlk olaraq mübarizəyə qoşulan pəhləvanlarımızın hər ikisi yığmamızın aktivinə medal yazdırmağı bacardı. 85 kq çəki dərəcəsində mübarizə aparan Saman Təhmasibi finaladək gəlməyi bacardı. Həlledici görüşdə Fransa təmsilçisinə məğlub olan Xeyrəbadinin həmyerlisi ardıcıl ikinci dəfə çempionluğun bir addımlığında dayandı. Keçən il Macarıstanda keçirilən mundialın da gümüş medalını qazanan Saman qızıl ümidini gələn yarışlara bağlamalı oldu.
Elvin Mürsəliyev ilk görüşdə məğlub olsa da, sonradan rəqibinin finaladək irəliləməsi sayəsində bürünc medal şansı əldə etdi. Bu mübarizədə bütün rəqiblərini məğlub etməyi bacaran pəhləvanımız 75 kq-da mundialın bürünc medalını qazandı. Vantaada keçirilən avropa çempionatında da bürünc medal əldə edən Elvin üçün 2014-cü ili uğurlu adlandırmaq olar.

İkinci yarış günündə mübarizəyə qoşulan təmsilçilərimiz isə ümidləri doğrultmadı. Ən yaxşı nəticəni dünya və avropa çempionu Həsən Əliyev göstərdi ki, onun da nəticəsi beşincilik oldu. Yarımfinalda turnirin əsas sürprizlərindən biri olan serbiyalı Stefanekə məğlub olan 25 yaşlı güləşçimiz bürünc medal uğrunda görüşü də əldən verdi.
Son olimpiadanın bürünc mükafatçısı Emin Əhmədov isə ilk rəqibini üstələməyi bacarsa da, iki il əvvəl fəxri kürsünün üçüncü pilləsini bölüşdüyü litvalı Aleksandr Kazakeviçlə bacarmadı.

İranlı Sabah Şəriətinin isə mundial həyəcanı elə ilk görüşdəcə bitdi. O, Estoniya təmsilçisinə gərgin mübarizədə məğlub oldu. Sonrakı mərhələdə büdrəyən tanınmış güləşçi Heiki Nabi güləşçimizin medal arzusunu gözündə qoydu.

Yarışların sonuncu günü isə xalça 59, 71 və 98 kiloqram çəkili güləşçilərin ixtiyarına verildi. Ölkəmizi bu çəkilərdə müvafiq olaraq Taleh Məmmədov, Rəsul Çunayev və Şalva Qadabadze təmsil edirdi. Onlardan ən yaxşı nəticəni isə Rəsul Çunayev göstərdi. 1/4 finalda Türkiyə güləşçisinə məğlub olsa da rəqibinin fianal çıxmasından maksimum istifadə edən 23 yaşlı pəhləvan əvəlcə rumıniyalı həlledici görüşdə isə erməni rəqibini məğlub edərək mundialın bürünc mükafatını boynundan
asdı. Rəsulun xüsusən erməni güləşçi ilə görüşü imundialın bəzəyi oldu. İlk saniyədəcə dördxallıq fənd tətbiq edən Çunayev Boranyanı cəmi 23 saniyəyə xalçada biabır etdi(11-0)

Digər təmsilçilərimizdən Şalva Qadabadze elə ilk görüşdəcə türkiyəli Cenk İldemə məğlub oldu. 
Mundiala aparılması kifayət qədər səs-küy doğuran Taleh Məmmədov isə ona bəslənən ümidləri doğrultmadı. Son Azərbaycan çempionu 1/4 finaladək gəlməyi bacarsa da, ünlü İran pəhləvanı Həmid Soryanla bacarmadı. Təsəlliverici görüşlərə qatılmaq şansı əldə edən Taleh ilk görüşdə kubalı güləşçiyə uduzmaqla bürünc şansını da itirdi.

Klassiklərimiz yekun komanda hesabında İran, Rusiya və Türkiyədən sonra dördüncü oldu. 


Göründüyü kimi, Daşkənd turniri bir sıra gözlənilməzliklərlə yadda qaldı. Ümid bəslənən təmsilçilərimizn əksəriyyəti nəticə qazana bilmədi. Bu da məşqçilər heyətini düşündürməlidir. Nəticə qazana bilməyən idmançıları əvəzləmək, əsasən də yerli idmançılara şans vermək lazımdır. Daşkənddəki mundial dəyişiklikləri labüd edir.