adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"Bazqa Azərbaycan"a bazqa yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
29492 | 2007-09-26 10:13
Hər dəfə bölgələrlə və bu bölgələrdə baş verən olaylarla bağlı informasiyaları oxuyanda, eşidəndə içimdə təzadlı suallar baş qaldırırdı. Və mənə elə gəlirdi ki, hərdən həmkarlarım olayı bir az şişirdir, bir az rəngini tündləşdirir, necə deyərlər, diqqəti çəkmək üçün, sensasiya xatirinə. Amma...
   
   Amma bu günlərdə yolum Beyləqan istiqamətinə düşmüşdü. Bir hüzr məclisinə getmişdim və Bakıdan çıxandan Beyləqana çatana qədər həmin o oxuduqlarım, eşitdiklərim, iç dünyamda baş qaldıran suallar məni, necə deyərlər, çox "divara dirədi". Az qala içimdəki suallar dil açıb demək istəyirdi ki, sənin oxuduqların, eşitdiklərin bu gördüklərinin yanında toya getməlidir. Doğrudan da vəziyyət o qədər də ürəkaçan deyildi, əksinə, ürəyin sızıltısını, sancılarını artıran dərəcədə üzüntülü və bəzən də ikrah doğuran idi. İndi özünüz təsəvvür edin, Bakıdan çıxıb Qobustana qədər elə şəhərin daxilində gördüyünüz bir oxşar mənzərəni seyr edə-edə yolu keçib gedirsən. Bir tərəfdə Xəzər dənizi, bir tərəfdə duz qalaqları, ağappaq torpaq, küləklərin qovduğu müxtəlif selofan kisələr, daha nələr-nələr... Yol da ki, adı İpək yolu olsa da, ipəkliyi o qədər də hiss olunmayan bir vəziyyətdə. Amma maşallah olsun, yaxşı yol nişanları var, sürət göstərən lövhələr asılıb və bir də Dövlət Yol Müfəttişləri ayıq-sayıq öz işlərini görürlər. Lakin...
   
   Lakin yolun kənarında, təbii ki, Qobustanı keçəndən sonra iaşə obyektləri fəaliyyət göstərir. İlk andan yol adamının diqqətini çəkən bu obyektlərdə əməlli-başlı "istirahət etməyə, yolun yorğunluğunu canından çıxarmağa "şərait" yaradılıb". Özünüz başa düşürsünüz də hansı şəraitdən söhbət gedir. Çayın da qiyməti məlumdur, verilən kababların da, hələ ətin keyfiyyəti qalsın bir yana. Bunlar heç, bunlar Azərbaycanın az qala əksər bölgələrində elə eyni "ilan çalmış" vəziyyətdədi. Təbii ki, yol üstə olduğundan yol adamı da məcbur olub bir hovur nəfəsini burda almaq məcburiyyətindədi. Bundan da hər kəs öz insafına istifadə edir. Hə, Sabirabadın giriş qapısı, yəni Kürün körpüsünü keçəndən sonra köhnə yol deyilən istiqamətlə üz tutdum Beyləqana.
   
   Necə deyərlər, gözlər olsun görməsin, çünki o cür yolla bu adamlar gedib-gəlir, inanmıram ki, onların böyrəklərində duzdan-daşdan əlamət qalmış ola. Hətta məsləhət bilirəm böyrəklərində problem olanlar beş-altı Xırdalan pivəsini vurub qoltuğuna, çalışsınlar ki, köhnə olmasın, özlərini həmin yola çatdırsınlar. O yolla Sabirabadın şəhər mərkəzinə girişə qədər rahat bir kilo duz və yaxud daş-qum tökmək olar böyrəklərdən...
   
   Yol təəssüratımı çox uzatmayacam. Nəhayət, yetişdim Beyləqana. Elə yolboyu da, Beyləqanda da pambıq qozaları adamın üzünə gülürdü, sanki sahələrə ağ örtük sərilib. Amma Beyləqan ərazilərində pambıq sahələrində bir vaxtlar Mil düzünü dünyaya tanıdan "ləçək-ləçək pambıq toplayan" qız-gəlinə çox təkəm-seyrək rast gəldim. Mat qalmalı mənzərə idi. İlin-günün bu vaxtında sahələrdə tökülüb qalan məhsula son dərəcə bir biganəlik özünü göstərirdi. Düzü, səbəbini ha fikirləşdim, tapa bilmədim. Ancaq...
   
   Beyləqanda olanda dostlarla, hüzr yerində görüşdüyüm insanlarla bu barədə söhbət etdim. Dedim ki, artıq oktyabr qapını döyür, bir azdan yağışlar başlayacaq, məhsulsa sahələrdə. Bəs əkdiyiniz, məhsulunu həsrətlə gözlədiyiniz bu ruzini, bu bərəkəti niyə toplamırsınız? Hərə bir izah verdi, necə deyərlər, öz düşüncəsinə, öz cəmiyyətdəki mövqeyinə, siyasi baxışlarına görə. Bir cavab məni daha çox özünə cəlb etdi. Dedilər ki, qardaş bu işdə "məmur barmağı" var. Sözü göydə tutdum. Bəlli oldu ki, bu gün aztəminatlı ailələrə müavinətlər verilir, müxtəlif sənədlər toplanır, ölçülür-biçilir və bəli, bu da sənin müavinətin. Elə pambıq da məhz buna görə qalır çöldə, yəni kolların üstündə. Çünki əziyyətsiz-filansız xırda-xuruş xətir-hörmətlə müavinət almaq daha sərfəlidi, nəinki beli bükülə-bükülə pambıq toplamaq...
   
   Bir vaxtlar pambığı, üzümüylə tanınan Beyləqanda gündəlik yığılan pambığın, üzümün pulunu almaq problem idi, bu gün isə əksinə, yığılan məhsulun pulu ortalıqdadı, amma yığan yoxdu. Düşünə bilərsiniz ki, hər kəs öz istədiyini əkib, öz sahəsidi, öz təsərrüfatıdı, yəni torpaq özəlləşib. Olsun, etiraz eləmirəm, bəs onda şəhərin müxtəlif yerlərində boynunu büküb iş gözləyən, rayonunu, evini, ailəsini gözü yolda qoyanlar nə fikirləşirlər? Məhv olub gedən hər pambıq qozası elə qəpik-qəpik yığılan pullardı da. Halal alın tərinin pulları. Niyə bu mövsümi işin halal pullarını aylıq büdcəsinə, özü də kimlərinsə bucağında kirayənişin qalmadan, qoltuğunda çörək bağlaması dayanmadan əlavə etmək istəmirik? Məgər pambıq yığmaq ayıbdı?..
   
   ... Mən Azərbaycanın bu bölgəsində bir çox məqamlarla qarşılaşdım. Onların hamısı barəsində nə vaxtsa yazacam. Amma həqiqətən qəlbimə toxunan kolların dibinə tökülmüş yığıcı barmaqları gözləyən ağ pambığın sanki özündən utanması idi. Elə bil o ağ pambığın başının üstündə qara bir kölgə dayanmışdı, imkan vermirdi onun görünməsinə. Bəlkə də belə deyil, bu mənim könlümün bir duyğusu, hisslərimin bir yozumudur. Nə bilim, vallah, hər halda heyf o çəkilən zəhmətə, heyf o sahələrdə xəcalətindən bir az da çox "ağaran" ləçək-ləçək pambıq qozalarına...
   
   P.S. Diqqətli oxucu xatırlayırsa, həmkarım Oqtay Salamov "Başqa Azərbaycan" adlı səfər təəssüratlarını yazmışdı. Mən də onun üslubuna, necə deyərlər kobud ifadə etsəm, su götürdüyü bulağa üz tutdum. İndi o bulaqdan nə gətirdim, nə götürdümsə, onu "Başqa Azərbaycan"a sözardı etdim.
   
   
   
   

TƏQVİM / ARXİV