adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

UCALMAQ...

6732 | 2014-09-13 01:15
Bir neçə il öncə Çərkəzin növbəti yubileylərinin birində "Dədə Qorqud zalında" yazıçı Şamo Arif çıxışı zamanı belə bir ifadə işlətmişdi. "Sona xanım, Siz Çərkəzi yenidən dünyaya gətirdiniz və o bizim üçün yenidən doğulan və daha əlçatan oldu". O zaman o cümlə mənə adi görünmüşdü... Lakin bu gün nədənsə o cümlə elə hey qulaqlarımda səslənir... Kaş Arif müəllim sağ olaydı və bu cümlənin bu gün nədən bu qədər qəlbimə yatdığını onun özünə söyləyə biləydim, yəqin ki, sevinəcəkdi...
Bəli, bu gün həm çox kövrək hislərlə, həm də qürurla yazdığım bu yazını nəvə Çərkəz Quliyevə həsr edirəm. Baba Çərkəz Quliyev 22 apreldə dünyaya göz açmışdı, kasıblıq və atasızlıq çəkmişdi, tək bir ananın himayəsində böyüyüb ali məktəbə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdi. Nəvə Çərkəz Quliyev isə bu dünyaya düz 56 il sonra sentyabrın 22-də gözlərini açdı və heç görmədiyi bir alim baba adını öz adında, davranışlarında, sədaqətliyində, etibarında, düzgünlüyündə davam etdirməyə başladı. Əfsus, babası onun bu gününü görmədi. Lakin nəvə Çərkəz babası haqqında hər şeyi bilir. Və mən bütün ruhumla, qəlbimlə əminəm ki, Çərkəz babasının yolunu davam etdirəcəkdir, yarımçıq qalmış arzularının çiçəklənməsinə çalışacaqdır, mən əminəm ki, o hər addımbaşı böyük məsuliyyət hiss edərək yaşa dolacaqdır və babası kimi sadə, təvazökar, düşüncəli, ətrafına yaxşılıq toxumu səpən insan olacaqdır. Boyu-buxunu eynən babasını xatırladan nəvəm haqqında yazmağa başladığım bu yazını onu tələbə adına layiq görülməsi və 18 yaşının tamam olması münasibəti ilə yazıram və onu ürəkdən təbrik edirəm. O yenidən dünyaya gələn Çərkəzdir və Allah onun ömrünü uzun, taleyini uğurlu yazsın ki, böyük Çərkəzin həsrətini çəkənlər hər onu görəndə sevinsinlər... Ata-anası uğurlarıyla fəxr edə bilsinlər.
İllər bir-birini əvəz etdi və dünən əllərindən bərk-bərk tutub bağçaya, məktəbə apardığım, oralara ilk kövrək addımlarını atan, müəllimlərinin hər zaman sevimlisi olan, sakit təbiətli Çərkəz artıq ali məktəb tələbəsi oldu. Ona müvəffəqiyyətlər diləyərək, xatırlayacağım və heç bir zaman unuda bilməyəcəyim, Çərkəzin bu günə gəlməsində haqları olan insanlara da öz minnətdarlığımı bildirmək istəyirəm. İlk öncə əzizimiz Zemfira müəlliməyə ki, Çərkəz doğulandan bu günədək hər zaman babasının adını adında yaşatdığına görə xüsusi qayğı və məhəbbət göstərib. Eləcə də Etibar müəllimə, baba Çərkəzə sevgisinə, böyük dostluğuna və kiçik Çərkəzə diqqətinə görə təşəkkür etməyi özümə borc bilirəm. "Uzaq qohumdan yaxın qonşu yaxşıdır" deyib atalar, o üzdən Çərkəzə riyaziyyatı sevdirən İsa müəllimə də təşəkkürümü bildirirəm. Orta məktəbin ibtidai sinfində Çərkəzə dərs deyən, onu çox sevən Gözəl müəlliməyə, Taliyə müəlliməyə, sonra, yuxarı siniflərdə oxuyan zaman ona böyük məhəbbət bəsləyən 225 №-li məktəbin direktoru, ləyaqətli və mehriban insan olan Sevda xanıma ki, nəvəm Çərkəzi hər zaman fərəhləndirib. Sevda xanım diqqətliliyi ilə gözlərimdə hər an ən uca zirvələrdə dayanan rəhbər və ən əsası gözəl insandır... Çərkəzin sevimli sinif rəhbəri, səbirli və gülərüz Səadət müəlliməyə də qəlbdən təşəkkür edirəm və nə yaxşı ki, bu insanlarla nəvəmə görə tanış oldum, gördüm, görüşdüm... Burada sevincimizə şərik olan yaxın qohum-əqrəbaya, etibarlı dostlara, Aynuruma, Natiq müəllimə, eləcə də çox güvəndiyim, doğma qardaş kimi mənə qarşı hər zaman diqqətli olan, yol göstərən əzizimiz İlham müəllimə minnətdarlığımı bildirirəm. İnsanın böyüklüyü onun xarakteri və xüsusiyyətləridir ki, danmaq olmur... Nəvəm Çərkəzə isə bundan sonrakı təhsilində və həyatında yeni-yeni uğurlar diləyi ilə bu yazımı burada bitirmək istəyirəm. Və diləyirəm ki, tale ona yar olsun. Bilik insanın ucalığıdır, ona doğru mətin addımlara irəliləmək isə ucalmaq, ucalmaq yenə də ucalmaq deməkdir...

TƏQVİM / ARXİV