adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

PAYIZ GƏLƏR, ƏSƏR YELLƏR

VƏSİLƏ USUBOVA
38827 | 2014-09-13 01:14
Uşaqlıqda qardaşımla qəribə söz oyunları oynardıq. Deyirdi ki, adamların da, əşyaların da adlarının rəngi var. Həm də bu rəng onların xasiyyətinə oxşayır. Məsələn, filankəsin adının rəngi qaradır, filankəsinki, göy, filankəsinki də qırmızı. Beləliklə, ailə üzvlərimizin, qohum-qonşuların, bütün kənd adamının adlarının təsəvvürümüzdə hansı rəngdə olduğunu bir-birimizə deyib əylənərdik...
İndi də uşaqlıq duyğularım geri dönüb. (Əslində, bütün payız boyu özümü uşaq kimi hiss edirəm). Payızın nəfəsi duyulan gündən sentyabrın rəngini təyin eləmək istəyirəm. Nədənsə, bu ay xəyalımda həmişə şəffaf, mavi rəngdə canlanır. Bu ayın ancaq axırıncı ongünlüyü payızdandı, payızın ilk günləridi. Mənsə payızı hər yerdə axtarıram. Tərslikdən iş yerim də evimə çox yaxındı. (Bu, həmişə belə olub). Dörd-beş dəqiqəlik yolum var. Yolumun üstündə də beş-altı hündür ağac. Bu ağacların altından keçəndə qəsdən addımlarımı yavaşıdıram ki, bəlkə üstümə bir-iki xəzəl düşdü. Sonradan salınan çəmənliklər də elə tez solur ki... Təbiət yamağı sevmir, bizsə onu "yamamaq"dan ötrü ölürük. Qızıl qaydalarını mənimsəmək əvəzinə, süni vərdişlərin dalınca gedirik. Ahəngini qorumaq, ona qoşulmaq yerinə qatma-qarışıq işlər görürük...
Daha bağlardakı quşların səsləri də azalıb. Bir-iki quş var ki, heç bir zaman əhəmiyyət vermədiyimiz etibarlı dostlar kimi həmişə yanımızdadı. Adam payız bağlarında gəzmək istəyir. Böyür-başında qırx incə belli qız olmasa da, olar. Tək qalasan, köçünü sürüb gedən yayın qüssəsinə şərik olasan, payızın sərin, nəm yellərinə gülümsəyib ruhunu dincəldəsən...

***
Rəssam olsaydım... yəqin ki, ancaq payız lövhələri çəkərdim. O lövhələrdə Günəş də qızılı olardı, yarpaqlar da, üfüqlər də. O üfüqlərdən boy atan bir qaraltını da gözlərdim ürəyi atlana-atlana. Xəzəllərin iniltisinə qulaq verib kövrələrdim, gecələrin xəfif dumanına könül ahlarımı qatardım. Bir sözlə, əriyərdim payızın içində...
Payız yaxınlaşdıqca daha çox şairlər haqqında düşünürəm. Ən çox da Musa Yaqubu. Deyirəm, görəsən, builki payıza nələr yazacaq...
O sonuncu yarpaq mənəm yellənən
Hələ budağında ləngiyir ömrüm.
Boğazı tıxanıb, ağzı lillənən
Bir payız arxıdır, səngiyir ömrüm...

Bu misralar müəllifinin ömrünün o qədər ləngiməsini arzulayıram ki... "Boğazı tıxanıb, ağzı lillənən bir payız arxı tək səngiyən" ömür ona yaxın gəlməsin heç zaman... Amma... neyləyəsən ki...

Yaşayıb keçdiyim, keçib gördüyüm,
Sevda ağacında yuva hördüyüm,
Ömürlər içində ömür sürdüyüm
O günlər məni tək buraxdı getdi,
Gülüm həşəm oldu, su axdı getdi...
***
Əvvəllər sentyabrın rəngində başqa çalarlar vardı. 1-də dərslər başlanardı. Rusiyada dərslərin başlanması barədə süjetə baxanda xəfif bir həsrət duydum. Təzə təmir olunmuş sinif otaqlarının qoxusu burnuma dəydi. Ömrün yaşanmış, arxada qalmış illərinə heç nəyin kölgə salmasını istəmirsən. Qorumaq və özünlə əbədiyyətə aparmaq duyğusuynan qoruyub əzizləyirsən onları. Nə zamansa kimlərinsə arayıb-axtaracağı kimi sadəlövh bir inamla aldadırsan özünü...
Sentyabrın 8-ni indi Beynəlxalq Savadlılar günü kimi qeyd edirlər. Bizim zamanımızda isə Jurnalistlərin Beynəlxalq həmrəyliyi günü idi. Çex jurnalisti Yulius Fuçikin şərəfinə...
Payız düşüncələrimə kədər hopmamış yenə də şeir yaza bilən bəxtəvərlərin birindən misal çəkmək istəyirəm...

Baş aça bilmədim, dünya sirr imiş,
Dünya ağlamağa yaxşı yer imiş.
Ürək Xəzər imiş, dərd Kür imiş-
Payıza qoşulub getməyim gəlir,
Bu sarı payızda itməyim gəlir...

(İlham Qəhrəman)

Məni qınamayın şairlərə qibtə eləməkdə. On dənə məqalə yazsaydım da, "bu sarı payızda itməyin" romantikasını belə gözəl təsvir edə bilməzdim...
Hələ payız yoldadı. Gələcək, gözəl-gözəl işdəkləriynən dünyamızı bəzəyəcək. "Ona qoşulub getmək" və ya qoynunda "itmək" istəklərimiz də hələ qabaqdadı...
Təki sağlıq olsun...



TƏQVİM / ARXİV