adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

UDUŞ

FƏRİDƏ RƏHİMLİ
38005 | 2014-09-13 10:13
Neçə gün idi düşünürdü. Atası dünyasını dəyişəndən bəri bir qohumu qapılarını açmamışdı. Əvvəllər evdə onların əlindən rahatlıqları olmazdı. Kirayə qaldıqları bir otaqlı mənzildə kimləri qarşılayıb, yola salmamışdılar... Rusiyaya işləməyə, alverə, oxumağa, əsgərliyə gedən qohumları kənddən çıxanda onların ünvanını götürərdilər. Xəstəxanaya müalicəyə gələn, ali məktəbə qəbul olmuş uşağına yer axtaran, alverə, elə-belə gəzməyə gələn mehmanxana kimi o ünvana üz tutardılar. Bu evə ilk qədəm qoyanlar bir az utancaq olsalar da, sonrakı dəfələrdə gətirdikləri bir toyuq, yaxud hinduşka, bir-iki kilo meyvə-tərəvəz, şor-pendir gətirməklə ev yiyəsini özlərinə borclu hesab edərdilər. Əliboş gələnlər daha çox idi. Anası qonaqlar rahat olsun deyə, otaqda olan iki çarpayıda onlar üçün yataq hazırlayar, atasına, uşaqlara yerdən yataq döşəyər, özünə yer tapmadığı üçün balaca bacısının yatmadığını bəhanə edib, həyətə çıxar, yaxud kiçicik mətbəxdə səhəri açardı. Nənəsi dəfələrlə narazılığını bildirsə də, atası imkan verməmiş, "yerləri yoxdu, harda qalsınlar?"- deyə nənəni susdurmuşdu. Birini axşam qatara mindirib yola salmamış, səhər o başdan başqa birisi qatarla kənddən gələrdi...
Düz iyirmi il idi atası dünyasını dəyişdiyi. Beş yaşından üzüdönüklüyün, etibarsızlığın, ikiüzlülüyün, saxtakarlığın nə olduğunu qohumlarının timsalında yaxşıca anlamışdı. Bu iyirmi ildə bir dəfə də olsun, hətta atasının ölümünün ilk vaxtlarında belə, onları yoxlamağa gələn olmamışdı. Anasının təkidinə baxmayaraq o da kəndə üz tutmaz, ata qohumlarına nifrət edərdi. Atasının qəbrini ziyarətə gedəndə birinin evinə getməz, taksi ilə birbaşa Bakıya qayıdardı.
İndi özü yaşda olan "qohumları" şəhərə üz tutmuşdular. Hardansa telefonunu əldə edib ehtiyacları olanda bir neçə dəfə onu görüşməyə dəvət etmiş, yaxud gəlib evdə görmək istədiklərini bildirmişdilər. Anasından fərqli olaraq oğul bu, kökü üstə bitən otları yaxşı tanıyırdı! Şəhərdə görüşsə də, evə gətirməmişdi. İlk dəfə görüşəndə sifətinə mehriban ifadə verərək qohumluqlarını "bərpa etmək" istədiyini bildirən oğlanın "Məni tanıdın, filankəsin oğluyam?"- sualına, laqeydliklə "Yox, mən heç filankəsi tanımıram!" - deyə cavab vermişdi. Sifətdəki sərtliyi anlayan "qonaq" bu variantların keçməyəcəyini anlayıb, başqa qapıya üz tutmuşdu..
Düşünürdü ki, böyük məbləğdə uduşa düşmüş lotoreyası barədə qohumları xəbər tutsa, dinclikləri olmayacaqdı. O zaman bu "bərpa" arzusunda olanların sayı artacaqdı. Bir hiylə işlətməyi qərara aldı. Onu telefonla arayan qohumuna "işə düşdüyünü", ona təcili külli miqdarda pul lazım olduğunu bildirdi. Və bu barədə kənddəki bütün qohumlara xəbər verib kömək istəməsini xahiş etdi. Onun o günkü kobudluğundan sonra düşdüyü bu vəziyyətə görə "qohumu" bir az sevinmiş kimi idi, amma büruzə verməməyə çalışırdı.
Bu xəbəri kəndə çatdırdı. Hər kəsin həyətində mal-qarası, toyuq-cücəsi, əkin sahəsi, meyvə-tərəvəzi bol olduğu halda heç kimdən bir qəpik çıxmadı. Hərə bir bəhanə ilə yaxasını kənara çəkdi. Hər imkanda onlara əl tutan atasının xətrinə belə, bircə nəfər əlini cibinə salmadı...
İki həftə keçmişdi. Lotoreya oyununun aparıcısı onu təkidlə verilişə dəvət edirdi, çünki bu böyük məbləğin kimə qismət olduğunu tamaşaçılara bildirməli idi.
Heç kimin kömək edə bilməyəcəyi xəbərini telefonda söyləyən oğlansa nə işə düşdüyünü, necə qurtaracağını soruşmadan sağollaşmaq istəyəndə ona dedi:
- Bazar ertəsi saat 23.15-də Az.tv-yə baxın, bütün qohumlar baxsın, mənim işim barədə veriliş gedəcək. Mütləq baxın!
Kənd camaatı deyilən saatda televizorun qarşısında yığılmışdı. Aparıcı ən böyük uduşun kimə nəsib olduğunu az qala qışqıraraq elan edəndə ekran qarşısındakılar donub qaldılar. Bu sifət onlara tanış idi...
Beş yaşından sonra bircə dəfə də görməsələr, necə böyüdüyünün şahidi olmasalar da şübhə yox idi, bu, tən yarı bölünmüş alma kimi atasının oxşarı olan oğul idi. Oğlan heç vaxt onlara ehtiyacı olmadığını və "düşdüyü işlə" bundan sonra da olmayacağını toplum halında onlara başa salmışdı...
Ehtiyaclarını təmin edəcək qədər saxlayıb qalan pulları yetim uşaqlar üçün quruma bağışladı.
Bu uduş təkcə maddi qazanc deyildi, həm də adamları bir daha tanıma fürsəti idi...

TƏQVİM / ARXİV