KÜPƏ

FAİQ QİSMƏTOĞLU
27454 | 2014-09-13 01:12
Müqəddəs kitabımız olan "Qurani-Kərim"də buyrulur ki, mən insana ağıl da verdim, tamah da. Mələklərə ağıl verdim, tamah vermədim, heyvanlara tamah verdim, ağıl vermədim. İndi görün Allah-Təala insana nə qədər varlıq bəxş edib. Əlbəttə, bu yer üzü, bu gözəllik insanlar üçündür. Amma biz insanlar nə edirik? Biz insanlar ağına-bozuna baxmadan hər şeyi mənimsəmək, yemək və axırına çıxmaq istəyirik.
Qəribə də olsa biz insanlarda heyvani hisslər daha güclüdür. Bəlkə də buna heyvani hisslər demək düzgün deyil. Çünki təbiətlə bağlı televiziya kanallarında göstərilən verilişlərə baxanda tüklərimiz biz-biz olur. Hər hansı vəhşi heyvan - aslan, pələng, bəbir, canavar, ayı ova çıxanda uzaqbaşı bir heyvan ovlayır. Qalan heyvanlar isə bir ailənin üzvü olaraq ovladıqları ceyranı, yaxud digər heyvanı xımır-xımır yeyirlər. Hətta onların yanında digər ceyranlar və heyvanlar gəzsə də başlarını qaldırıb baxmırlar və öz ovları ilə qidalanırlar.
Bu epizodu ona görə yada saldıq ki, Allah-Təala vəhşi heyvanlara ağıl verməyib, tamah verib. Ancaq onların tamahları insanlarınkından güclü deyil. Yəni hər hansı yırtıcı bayaq dediyimiz kimi, uzaqbaşı bir kəli, bir antilopu, bir ceyranı ovlayar. Qalanlarına isə dəyməz.
Biz insanlar isə dünyanın var-dövlətini yığmaqdan, talamaqdan doymuruq. İnsanın nə qədər var-dövləti, maşını, mülkü, evi olar? Çox uzağa getməyək, öz məmləkətimizdə tamahı hər şeydən çox olan nə qədər desən insana rast gəlmək mümkündür. Onların bayaq dediyim kimi, çoxlu sayda var-dövlətləri, ev-eşikləri var, sağlıqlarına qismət, ancaq gözləri yenə doymur ki, doymur.
Bir vəzifəli tanışım vardı. Üç dəfə Məkkəni ziyarət edib hacı titulu qazanmışdı. Hər dəfə də ziyarətdən gələndən sonra əməli-saleh olmaq əvəzinə, ürəyi daha da daş kimi möhkəm idi. Bir dəfə mən yanında olanda imkansız bir adam qəbuluna gəldi. Hacı da sifətini turşudub gələn adama dedi:
- Bu işin qiyməti min manatdır. Min manatdan bir manat da aşağı düşmək mümkün deyil.
Həmin adam yazıq görkəm aldı və dilləndi:
- Rəis, balalarının başına dönüm, onda gərək gedəm o pulu mən bankdan faizə götürüm. Olmaz ki, bir az aşağı düşəsən...
Rəisin sifətinə qeyri-adi bir görkəm hopdu, alnını turşudub yenidən səsləndi:
- Sən nə təhər adamsan, ə?! Ağzımda sənə söz deyirəm, çərənləyirsən ki, bir az aşağı düş. Məgər mən özbaşınayam aşağı düşüm? Pulun yoxdu, get kimdən istəryirsən borc al, bunun mənə nə dəxli?!
Yazıq kişi kabinetdən necə çıxdısa onu deyə bilmərəm, bir onu bilirəm ki, həmin kişi havalı-havalı harasa getdi. Mən də özümü saxlaya bilməyib ərk elədiyim üçün həmin adamı danladım:
- Üç dəfə müqəddəs yeri ziyarət edib hacı olmusan, amma ürəyində bir damla Allah sevgisi, Allah qorxusu yoxdu. O yazıq min manatı hardan tapıb versin? Bir də tapıb verdi, bəs balıq sümüyü kimi o pul boğazında ilişib qalmaz?
Hacı yenidən sifətini turşutdu və qaş-qabağını tökdü:
- Sən də qəribə adamsan e, elə həmişə düzlükdən danışırsan. Dədən sənin varlı kişi olub, amma uzun illərdir işləyirsən bir eşşək araban da yoxdur, heç olmayacaq da. Bilirsən nə var, dost?! Nolsun ki, üç dəfə ziyarətgaha getmişəm, amma görünür mənim ziyarətim Allah-Təala tərəfindən qəbul olunmayıb. Əgər elə pulları almasam hər uşağa üçmərtəbəli villanı, bahalı maşınları, kommersiya strukturlarını necə əldə edərəm? Üstəlik də bir gün yuxarının pulunu verməsəm məni iti qovan kimi bu işdən qovarlar. Özüm də istəyirəm bəzən insaflı olum, kasıb-kusubdan pul almayım, amma bir azdan sonra şeytan ürəyimə girir və deyir ki, onun pulunu al!
...İllər keçdi, bir gün hacının böyük oğlu avtomobil qəzasında dünyasını dəyişdi. İki oğlu narkotikə qurşandı. Dərdə dözməyən hacının da ürəyi partladı. Bu da var-dövlət, pul yığmağın sonu...
Ancaq kimə deyəsən, gözü var-dövlətdən, puldan doymayan adamlar istənilən qədərdir. Viktor Hüqonun gözəl bir kəlamı var: "Vicdan insanın Allahıdır". Əgər o insanın vicdanı yoxdursa, deməli Allahı da yoxdur. Və belə adamlardan heç vaxt insaf, mürvət, gözütoxluq gözləmək zəiflik əlamətidir. Belələrin bir məqsədi var: ancaq var-dövlətini artırmaq, küpələrin sayını çoxaltmaq! Kim halal yolla var-dövlət qazanırsa, halal xoşu olsun. Amma hamı yaxşı bilir ki, böyük əksəriyyət saysız-hesabsız evləri-eşikləri, maşınları, kommersiya mağazalarını halal yolla əldə etməyiblər. Özləri bilər, bizim kimlərisə ittiham etməyə haqqımız yoxdur. "Qurani-Kərim"də də buyrulur ki, kim nə edirsə ona görə də cavab verəcək. Lakin hərdən bir müəyyən işləri demək və yazmaq lazımdır. Bəlkə onların ürəyinə Allah sevgisi və Allah qorxusu düşər, əyri yoldan qayıdarlar. Çətin ki, onlar əyri yoldan düz yola qayıtsın.
Bir rəvayətlə yazımızı yekunlaşdırmaq istəyirik. Günlərin birində varlı bir kişi görür ki, yaxınlıqdakı köşkdə çəkməçi hər gün fıştırıq çalır və kefi kökdür. Bir dəfə də keçəndə həmin varlı adam çəkməçiyə deyir ki, görürəm kefin kökdü və həmişə də fışqırıq çalırsan. Can qardaş, gəl, sənə yarım küpə qızıl verim, sən də kasıblığın daşını at və kef elə! Kişi yarımçıq küpəni gətirib çəkməçinin işlədiyi yerə qoyur. Sabahı günü gəlib keçəndə fıştırıq səsi eşitmir. Bir gün belə, beş gün belə, bir aydan sonra varlı kişi yenidən çəkməçinin yanına gəlir və deyir:
- Qardaş, qabaqlar hər gün fıştırıq çalıb kef edirdin, indi bir aydır sənin fıştırığının səsini eşitmirik. Xeyir ola belə edirsən?
Çəkməçi bərk əsəbiləşir və dillənir:
- A köpəyoğlu, bir aydır məni zibilə salmısan, nə gecəm var, nə də gündüzüm. Elə fikirləşirəm ki, bu yarımçıq küpənin başını necə doldurum? Ev-eşikdə yeyib-içdiyimiz zəhərə dönüb. Hər gün arvad mənimlə dalaşır ki, a kişi, nə durmusan tez ol küpənin başını qızılla doldur. Küpəni gətirib qoymuşam bura, götür küpəni də itil burdan, bir də gözüm səni görməsin...
...Çəkməçinin çiynindən ağır yük götürülür, rəngi-rüfü açılır, yediyi-içdiyi canına yatır. Evdə də dava-dalaş olmur. Həmin gün çəkməçinin yenidən kefi ala buluddan nəm çəkir və başlayır yenidən fıştırıq çalmağa...

TƏQVİM / ARXİV