adalet.az header logo
  • Bakı 20°C

QALEYÇİ NƏBİ

MƏMMƏD DƏMİRÇİOĞLU
44581 | 2014-09-13 01:11
Uşaqlığımda yaman başı bəlalı idim...
İndi də qolumu boynumdan asmışdılar. Məhəd əmimin, (Qaleyçi Məhəd) iki öküzün boyunduruğuna qoşub gətirdiyi yoğun, uzun qoz kərəni yoldan xeyli aralıya düşürmüşdü.
Məhəd əmim atamın əmisi qızı Fatma mamamın həyat yoldaşı idi. İranın Ərdəbil şəhərindən mühacirət etmiş Məhəd kişi Qaymaqlı kəndində məskunlaşmış, Fatma mamamı aldıqdan sonra ömrünün axırına qədər həmin kənddə yaşamışdı. Elə Qaymaqlı kəndinə qalayçılıq, dəmirçilik sənətini də o gətirmişdi. İlk şagirdi Nəbi əmim olmuşdu. Sonralar Tağı oğlu Əhməddən nalbəndlik sənətini də öyrənmiş Nəbi kişi İncə Dərəsində və ətraf kəndlərdə də Qaleyçi Nəbi, kimi tanınmışdı.
İndi boynumdan asılmış sağ qolum da bu qoz kərəninin ustündən yıxılarkən altımda qalıb, biləyimdən qırılmışdı. Cəmisi altı yaşım olardı. Qırılaraq biləyimdən qanrılıb əyilmiş qolumu görəndə vahiməyə düşüb qışqırdım. Səsimə gələn Məhəd əmi sinmış biləyimi ovcuyla sıxaraq qucağına açıb evlərinə apardı. Ağlaya-ağlaya özünü üstümə salan anamı görəndə, ürəklənərək daha da bərkdən qışqırıb ağlamağa başladım.
Yaxşı ki, kəndimizin sınıqçısı Çörökçoğlu Məhəmmədin evi bizə yaxın idi. Məni tezcə onlara apardılar.
Çörəkçioğlu Məhəmməd İncə dərəsinin ən hötmətli, səxavətli və müdrik kişilərindən idi. Qazağın hər tərəfindən qolu, qıçı, beli sınanlar onun yanına pənah gətirər, bağladığı sınıqların isə hamısının düz bitişdiyindən ətraf bölgələrin ən yaxçı sınıqçısı kimi tanınırdı.
Qıvrım saçaqlı dəyirmi papağı heç vaxt başından əskik olmayan bu iri cüssəli, pəhlivan biləkli kişi, - " Pahoog Xurdxəşil olub ki... (adəti beləydi, görünür sınığın çətinliyini nümayiş etdirməklə çətin işi necə asanlıqla görə bilməsi məharətinin görüntüsüydü bu adət) - deyəndə bağrı qana dönən anam bir az da pərişan olub hönkürməyə başladı.
Məhəmməd baba əvvəlcədən hazırlanmış yuxa taxta parçalarını gətirib, üstünə ağ mələfə saldığı taburetin üstünə düzdü. Beş-altı yumurtanı qırıb sarısını ağından ayırdı və iri mis cəmin içinə tökərək atılamağa başladı. Sonra sakit bir görkəm alaraq mənə yaxınlaşdı. Mən cınqırımı içimə salıb, başı papaqlı, üzü saqqalı bu nəhəng kişinin bütün hərəkətlərini diqqətlə izləyirdim. Sərt görkəmi bir andaca mülayimləşdi:
-De görüm kişisən? - deyərək sınmış biləyimi əlinə aldı. Sınıq ağrısını təsvir etməyə ehtiyac yoxdu. Məhəmməd babanın bu bircə kəlmə sözü məni sehrləmişdi. O, yavaş-yavaş biləyimi sığallayaraq tam toxtamağımı gözlədi. Özümdə bir cəsarət hiss edərək ağzımı açdım ki, "kişiyəm" - deyim, elə o andaca biləyimi qəfil dartışla dartıb sümükləri ağız-ağıza otuzdurdu. Qəfil dartışla, qəfil qışqırtım bir andaca baş verdi.
-Tamam, tamam. Qurtardıq oğul balam, səninki burayaca qədər idi. Doğrudan da qoçu kişisənmiş, - deyərək nazik, yastı çubuğun birini biləyimin altından, birini də üstündən qoyaraq, yumurta sarısına batırılmış ağ kətan sarğı ilə napnazik çöpə bənzəyən biləyimi sarımağa başladı.g
Bu gün isə üç gün öncə yıxılıb qolumu sındırdığım həmin qoz kərəninin üstündə qatarla oturduğum həmyaşıdlarımla Qaleyçi Nəbinin kəlləri necə nallayacağına tamaşa edirdim. Biz oturduğumuz yerdən aralı olan xırman yerinə xeyli adam toplaşmışdı. Kolxozun qoşquya qoşulacaq dörd kəlini nallamağa gətirmişdilər.
Taxıl biçini təzəlikcə bitmişdi. Kəndimizdə texnikanın olmadığından demək olar ki, kənd təsərrüfatlarının bütün sahələrində, - istər əkində-biçində, istər döyülmüş dənin xırmanlardan arabalarla daşınmasında və s. işlərdə ancaq atlardan, öküzlərdən və kəllərdən istifadə olunurdu. İndi müasir adamlara qəribə görünsə də həmin illərdə atlarla yanaşı uzunqulaqlar, öküzlər və kəllər də nallanırdılar.
Kəllərin nallanacağı həmin xırmanda bir həftə öncə Həbi əmim, payına düşən sündül dərzilərini vəl vasitəsi ilə döyürdü. Bu işi əsasən küləkli gündə edirdilər ki, taxta kürəklərlə döyülmüş dəni mümkün qədər yuxarı ataraq sovurmaq mümkün olsun. Vəllə dənin döyülməsi isə mənim üçün çox maraqlı bir əyləncəyə bənzəyirdi.
Yaxşı bilirdim ki, xasiyyətcə çox tündməcaz olan Nəbi əmim öz oğlanlarından məni seçmirdi. Bəlkə də məni onlardan daha çox istəyirdi. Belə ki, atamın çoban qarmağına bənzəyən bir qarmaq düzəltmək eşqinə düşəndə Nəbi əmimdən xahiş etmişdim ki, mənə bir dəmir halqa düzəltsin. O, tərəddüd etmədən razılaşdı, kötüyə bərkitdiyi iri nal kəsən qayçıyla boçqa kəmərindən bir qarış qərəli kəsib həmin halqanı düzəldərək mənə vermişdi. İnanın ki, bir başqa uşaq bunu istəsəydi, çətin ki, dərhal bu işi etməyə razılaşardı.
Eni bir metrə, uzunluğu isə iki metrdən uzun olan taxta vəllər eynən xizəyə oxşayırdı. Altından açılmış deşiklərə qara, kələkötür çay daşları bərkidilmiş bu aləti atlara, öküzlərə qoşaraq iri xırmanlarda dən sünbüldən aralanana qədər kirşə kimi çəkərək dövrə vururdular.
Nəbi əmim, vəl bir az da ağır olsun deyə məni, oğlanları Əmirxanı və Etibarı vəlin üstündə oturtmuşdu. Sol əliylə atın yüyənini əvəz edən uzun qayışı tutub, sağ əlindəki başı saçaqlı qamçısını şaqqıldadaraq atı qovurdu. At sürətlə dövrə vurduqca biz, sanki sarı bir dənizin üzəri ilə şütüyürdük. Vəlin yanlarından bərk-bərk yapışaraq gülüşə-gülüşə qışqır-bağır salırdıq, hərdən də əlimiz vəldən üzülərkən dığırlanıb qılçıqlarla dolu samanların içinə yuvarlanırdıq...g
Qoz kərəni xırmandan aralı olduğundan kəl nallanan xırmana yığılanlar bizə əhəmiyyət vermirdilər və biz sığırçın balaları kimi kərənin üstündə qatarlaşaraq arxayınca xırmanda qurulmuş bu maraqlı tamaşını seyr edirdik. Sağ qolum çiynimdən asıldığından uşaqlar mənə toxunmaqdan ehtiyat edirdi və buna baxmayaraq mən öz dəcəlliyimdən, ötkəmliyimdən geri qalmırdım.
Payız dönəmi olmasına baxmayaraq günəş göydən od ələyirdi. Amma maraq bizi elə çulğamışdı ki, günəşin odlu nəfəsini tamamilə unutmuşduq. Payız əkini üçün nallanacaq kəllər baş-başa bağlansalar da insan tünlüyündən xaflanmışdilar, enli burun pərələrini oynada-oynada fısqırır, qan çanağına dönmüş gözlərini qəzəblə bərəldirdilər. Kəllər, öküzlərə nisbətən güclü və qəzəbli olurlar. Bu baxımdan onları nallamaq da çox təhlükəli və müşkul məsələ idi. Amma Qaleyçi Nəbi də bu fısqıraraq dırnaqları ilə xırmanı göyə sovuran kəllərdən geri qalan dəliqanlı deyidi.
Atam yeri düşdükcə Nəbi əmimin igidliklə dolu macəralarından mənə xeyli danışmışdı. Fəxrlə Nəbi əmimə baxaraq həmin hekayətlərdən birini xatırladım:
- Həə, oğul, günlərin birində Nəbi əmin kola oduna gedərkən üstünə bir qoyun iti hücum edir. Qurumsunu adlayıb (Qurumsu İncə dərəsinə bitişik erməni kəndidir) sarı yoxuşa yaxınlaşanda qoyun sürüsünü görüb çobanı səsləyir ki, ay İrvam, ay İrvam, itləriyin qabağına dur üstümə gəlməsinlər. Haxvəkili çovan İrvam itlərə sərtlənsə də, Qizil it onun sözünü eşitməyib Nəbi əminin üstünə şığıyır. Quyruğu, qulaqları dibindən kəsilmiş Qizil it adıyla məşhur idi. Sürüyə düşmüş beş çanavarı necə boğub parçaladığı dillərdə dastan olmuşdu. Aslana bənzəyən həmin qızıl it indi qızıl quş kimi gənc Nəbinin üstünə gəlirdi.
Çoban İrvam əlacsız vəziyyətdə qışqırır ki, ay Həbi, başına dönüm iti öldürmə. Məsafə xeyli aralı olduğundan Nəbi bu aslan misal itdən necə canını qurtaracağını götür-qoy edib durduğu yerdə ayaqlarını yerə pərçimləyir. Üzü yuxarı şığıyan Qızıl it bir sıçrayışla Qaleyçi Nəbinin sinəsinə tullanır. Özünü itirməyən Nəbi kəlbətinə bənzəyən iri əlləriylə itin boğazından yapışır. Ağzı köpüklənmiş Qızıl itin gözləri bərəlib hədəqəsindən çıxır. Uca boylu, enli kürəkli Nəbi dəmir barmaqlarıyla itin nəfəsini kəsir. Təntimiş köpək bu dəfə canını onun əlindən almaq üçün çabalamağa başlayır.
Qaleyçi Nəbini yaxşı tanıyan çoban İrvam qaça-qaça onlara tərəf gəlir. Əslində o, Nəbini yox, itini xilas etmək üçün tələsirdi. Amma gecikmişdi. Dili uzanıb ağzından çıxmış Qızıl it Həbinin qucağındaca canını tapşırmışdı...g
Nəbi əmi əlindəki iri sicimi aça-aça enlikürək, bığı burma cavanlara tapşırıqlarını verməyə başladı:
-A cavanlar, ağlınız ata, öküzə getməsin. Buna qara kəl deyərlər. Əlimizdən çıxsa hamımızı şiləploy edər. Siz ancaq buruntağı keçirənə qədər mənə kömək edin və dərhal da aralanın. Allah eləməmiş bircə təpiyi kimə dəysə o dünyalıq edər, - deyib əlindəki kəndiri ilməkləyərək ehmallıca kəlin buynuzlarına keçirdi. Kurməklə kəndiri kəlin buynuzuna bərk-bərk bağladıqdan sonra halqa formarasında düzəltdiyi ilgəyi kəlin burnuna keçirib buruntaqlamağa başladı. Buruntaq sıxıldıqca kəsgin ağrı hiss edən kəl bir az sakitləşdi.
-İndi siz geri çəkilin, bu üzülmüşün qalan işi mənlikdi - deyib, kəndirlə birgə bir dövrə vuraraq qara kəlin ayaqlarının dördünü də iri bir ilgəyə salıb darta-darta ilgəyi daraltmağa başladı.
Başqalarını bilmərəm, mən Nəbi əmimin nələr edəcəyini bilirdim. Bundan əvvəl də öküzləri nallayarkən bu üsuldan istifadə etmişdi. Heç ağlıma gəlməzdi ki, təkbaşına o boyda öküzün dizlərini qatlayıb, bir göz qırpımında tarppıltı ilə yerə yıxıb sinəsinə çoksün. Amma hiss olunurdu ki, kəlləri yıxmaq o qədər də asan iş deyil. Mən isə Nəbi əmimin gücünə, cəsarətinə arxayın idim. Hətta içimdə əfsanəvi bir qəhrəmana bənzətdiyim Nəbi əmimlə bir fəxarət hissi duyurdum.
Eynən həminki üsulla kəlin ayaqlarını ilgəklədiyi kəndiri darta-darta qoluna doladıqca yerində firlanan kəlin ayaqları bir-birinə yaxınlaşırdı. Ayaqlarının ilgəyi daraldıqca buruntaqlanmış başı da yığılan ayaqlarına tərəf burulurdu. Kəl ağlına belə gəlməyən bir tələnin əsirinə çevrilmişdi. Az keçməmiş kəlin ayaqları tamamən bir nöqtəyə yaxınlaşdı və Nəbi əmimin sərt bir dartışıyla müvazinətini itirən kəl guppultu ilə yerə yıxıldı. Çabalamağa macal tapmamış bir qızılquş çevikliyi ilə kəlin əyilərək ayaqlarına yaxınlaşmış başını buynuzlzrından ayaqlarına bağlayıb, falaqqaya bənzəyən mancanağı yaxına gətirməyi cavanlara əmr etdi. Tam əlacsız qalmış kəlin iki qabaq ayağını cüt bağlayıb kəndirin ucunu iki cava ağlana uzatdı, qalan iki arxa ayağını da bir cütləyib arxaya çəkdi. Görüc ağacından hazırlanmış mancanaq (Nəbi əmim doqqaz deyirdi) qurşaq səviyyədə düzəldilmişdi. Beləliklə o, köməkçi cavanların vasitəsiylə kəlin qabaq ayaqlarını mancanağın qabaq haçasına, dal ayaqlarını da arxa haçaya bağladılar. Çətin əməlyyat başa çatmışdı. Kəl arxası üstə sakitcə uzanarağ, bərəlmiş gözləriylə maddım-maddım Nəbi əmimin hərəkətlərini izləyirdi.
O, boynundan asdığı ağ əski ilə üzünün tərini silib, alətlərlə dolu taxta çamadanını qabağına çəkdi, dirnaq yonanı, mıxı kəsən xüsusi kəlbətini, bir ucu çəkic, bir ucu mismarı çıxaran nalbənd çəkicini və qalın dəmirdən kəsbhazırladığı ay parasına oxşayan nalları qabağına tökərək kəli nallamağa başladı...g
Atam deyirdi ki, oğul, bax bu yaşadığımız evi Nəbi əmin bağışlayıb bizə. Abdulla əminlə mən körpə olduğumuz zaman atamızı itirdik, anamız bir başqa adama ərə getdi. Ərə getdiyi adam çox varlı idi və bizi qəbul etmədi. Ona görə bizi, bizdən xeyli böyük olan Nəbi əmin saxlamalı oldu. Həmin vaxtlar heç on beş yaşı tamam olmamışdı. Əlacsızlıqdan bir yaşlı qadınla evləndi ki, bizə baxan olsun. Sonra isə bu evləri də mənimlə Abdulla əminə verib, özü indi yaşadığı bu yurdu aldı.g
İllər ötüb keçdi. Mən beşinci sinifdə oxuyarkən, anamın və Nəbi əmimin təkidiylə atam o toya, - kürün o biri tərəfində, Qarayazı meşəsinin ətəyində yerləşən "Meyvə, şitilçilik" sovxozuna köçüb, orada yaşayıb işləməyə razılaşdı. Qabağını kəsən tək məsələ mən idim. Həmin sovxozda orta məktəb dördüncü sinfə qədər olduğundan mən kənddə qalmalı idim və Nəbi əmim atamı arxayın salıb dedi ki, onsuzda Məmmədi mən səndən çox istəyirəm. İndi də beş yox, qoy altı balam olsun.
Beləcə, Nəbi əmimgildə yaşadığım o beş ildə sevgi və sayğıdan başqa bir acı söz eşitmədim bu sərtməcaz kişidən və xoşxasiyyət Həcər bibidən.
Nəbi əmimin kiçik oğlu Etibar dünyaya gələndə birinci həyat yoldaşı Cahan xanım vəfat etmişdi. Etibarın doğulmasından qırx gün ötdükdən sonra Qaleyçi nəbinin qayınanası Cavar nənə müharibəyə gedib qayıtmamış oğlu Eyubun dul qalmış həyat yoldaşını, - gəlini Həcər xanımı qızının yerinə gəlin göndərmişdi. "Qoy yetim nəvələrimə öz kəlinim baxsın" - deyib bu addımı atıbmışdı Cavar nənə. Nur - ipək Həcər xanım analarından yetim qalan dörd balanı doğma anadan da çox sevərək böyüdüb, boya başa çatdırdı. Həmin illərdə elə mənə də anadan əziz oldu Həcər ana.
Mən tələbə olarkən Həbi əmim dünyasını dəyişdi. Tiflisdə xəstəxanada yatdığı zaman yoluxmaq üçün xəstəxanaya getdim. Sağ tərəfini iflic vurmuşdu. Dağ boyda kişi əriyib yumağa dönmüşdü. Məni görəndə kövrəldi, dikəlmək istəsə də bacarmadı. Gözlərində ki, yaşı görəndə kövrəldim. Heç zaman onu ağlayan görməmişdim. Mənə dediyi son sözlər hələ də qulaqlarımda səslənir: - "Səndən çox razıyam, oğul, sən oxudun, Bakıya qəbul oldun. Bütün zəhmətimi sənə halal edirəm...g"Mən isə...gOnun heç bir borcunu qaytara bilmədim. Bacardığım tək şey - "Eşqəm" adlı ikinci kitabımda özüm işlədiyim portretini ilk səhivədə verməklə, həmin kitabı onun nurlu xatirəsinə həsr etdim.
Həcər bibimin son günlərinə qədər qayğılarımı ondan əsirgəmədim və o da dünyadan köçəndə - " haqqımı Məmmədə ana südü kimi halal edirəm" - deyib dünyadan köçdü. Hər ikisinə Allah rəhmət eləsin.



TƏQVİM / ARXİV