Cəzamızı FİFA özü verəcək

ETİBAR CƏBRAYILOĞLU
81538 | 2014-09-13 01:08
Qonşudan dala qalmağı xoşlayan deyilik. Bu dəfə də onlar kimi elədik. Türkiyə kimi elə biz də 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə oyunlarına məğlubiyyətlə başladıq. Fatih Terim küləyi bəhanə elədi, dedi ki, İslandiya ilə oyunda hava şərtləri Türkiyə millisinin ziyanına işlədi. Bəs biz öz evimizdə Bolqarıstan yığmasına uduzmağımıza nə bəhanə gətirək? Berti Foqtsun 90 dəqiqəlik oyun üçün həmişə ən azından 91 bəhanəsi olur. Lap tutaq alman baş məşqçi ot örtüyünün bərbad vəziyyətini günahkar çıxardı, dedi ki, "Bostan Arena"da futbol oynamaq mümkün deyildi. Kimdi onun bu arqumentinə inanan? Guya onun futbolçuları Uembli stadionunda oynasaydılar bolqarları əliboş yola salacaqdılar və ya "Santyaqo Bernabeu"da elə oyun göstərəcəkdilər ki, hamının ağzı açıq qalacaqdı.
Fatih hocanı başa düşmək olar, Türkiyə millisi növbəti oyunda qalib gəlib İslandiyadakı məğlubiyyəti unutdura biləcək. Bəs biz nəyə arxayınıq? Foqtsun komandası iki-üç ildə bir dəfə bizi sevindirir. Fatih Terimi anlamağa nə var ki, Berti Foqtsu başa düşmək hünər istər, hünər. Alman 6-7 ildi canımızı boğazımıza yığıb, dediyindən dönmür. Bir az sıxışdıran kimi də öz dilində nəsə deyib ölkəsinə gedir. Kəsəsi biz azarkeşlər Üzeyir bəyin "Leyli və Məcnun"undan oxuyanda Foqts Bethovenin yeganə operasından - "Fidelio"dan zümzümə edir. Oxumaq demişkən, AFFA təzə qayda qoyub. Deyəsən bundan sonra rəsmi matçlarda Dövlət Himnimiz ala-yarımçıq ifa olunacaq. Palaza bürünüb elnən sürünmək bax buna deyərlər. Onsuz da bu gün camaat toy və yaslarımızdakı israfçılıqdan dad döyür. Təkcə paytaxtımızı deyil, ən ucqar kənd və qəsəbələrimizi bürüyən bu müzakirələrə futbol qurumumuz da qoşulub. AFFA-nın fikrincə əgər xalq məclislərimizdə israfçılığın əleyhinə çıxırsa, futbolçularımız da himni tam oxumaya bilərlər. Əlavə təmtəraq nəyə lazım?
AFFA-nın bu yeni qaydası millimizin formasında oyuna çıxanların da lap ürəyindədi, onsuz da Dövlət Himnini düz-əməlli oxuya bilmirdilər. Öz aramızdı, Foqtsun Azərbaycan yığmasına çağırdığı futbolçular da elə yavaş-yavaş almana oxşamağa başlayıblar. Peşəkarlıq, idmançı əzmi, təəssübkeşlik onlarda arxa plana keçib, millimizin formasında stadionda çıxıb dəqiqələri yola verməklə məşğuldurlar. Onların belə münasibəti üzündən Azərbaycan yığmasını demək olar ki, dünyada udmayan qalmayıb. Məğlub olmaqdan bezməyimiz bir yana, əsəblərimiz də korlanıb. Bolqarıstana uduzmağımız isə bizə lap baha başa gələ bilər. Deyilənə görə, FİFA bizi cəzalandırmağa hazırlaşır. Ali futbol qurumunda belə təxmin edirlər ki, guya biz saxtakarlığa əl atmışıq. Biz aaa... FİFA-da deyirlər Azərbaycan yığması Bolqarıstanla oyunda Rauf Əliyevin, Ufuq Budaqın, Rəşad Sadıqovun, Rüfət Dadaşovun adını əsas heyətdə qeyd edib, lakin həmin futbolçular 90 dəqiqə boyunca meydanda görünməyiblər.
İndi FİFA həmin işi-stadiondan qaçaq düşən futbolçularımızın məsələsini araşdırır. O boyda təşkilatın rəsmi adamları deyirlər ki, futbolçuların adı oyun protokolunda göstərilibsə, bəs niyə oyunçular matç boyu görünməyiblər? Düz sözə nə deyəsən, adı əsas heyətin üzvü kimi protokola düşən futbolçu meydançada görünməli idi axı. Bu məsələdə millimizin boynu FİFA-nın yanında tükdən incədi. Yaman çətin duruma düşmüşük, Raufun, Ufuqun, Rəşadın, Rüfətin bolqarlarla oyunda meydançada olmadığını sübut edə bilməsək, ağır cəzadan qaça bilməyəcəyik.
Berti Foqtsun futbolumuzla, mənim də alman məşqçilə tez-tez zarafat etməyimə baxmayın, FİFA belə məsələlərə ciddi yanaşır. Onunla zarafat edənin cəzası çox ağır olur.

TƏQVİM / ARXİV