adalet.az header logo
  • Bakı 21°C

Ən ağır gecə

XURAMAN HÜSEYNZADƏ
34263 | 2014-09-13 01:06
Oxuduğumuz əsərlərin, baxdığımız filmlərin özəyində bir mövzu olur: sevgi!
Həyatımızı sevərək rəngarəng və maraqlı edirik. Sevgi bütün yaşantıların fövqündə durur. Əzablarımızı, ağrılarımızı unutdurur. Tanrı qismət etməsin, ağrılı, ağır günlərimizdə başımızı sevgilimizin çiyninə qoymaqla yüngülləşirik. Saçımıza əli toxundumu, bir kəlmə xoş sözünü eşitdikmi, özümüzü güvənli, arxa-dayaqlı, xoşbəxt hiss edirik. Burn-out kimi təhlükələrə, alkoqolizmə, fatalizmə aparır sevgisizlik. Boş ürəyin yükünü çəkmək çox ağırdı. Nə olsun ki boşdu?
Sevgimiz ürəyimizdə, sevgilimiz yanımızdaykən, yaxud onun yolunu gözlərkən yer üzünün bir tərəfinin qaranlıq olduğunu düşünmərik. Heç yadımıza da düşməz ki, məsələn, Varanasinin ölülər yandırılan hissəsində dirilər susuzluğunu yatırmaq üçün Qanqın suyunu içir; Afrikada insanlar acından ölür; Braziliyada sivilizasiyadan uzaq qəbilələr yaşayır və sair. Sevgi, qayğı və problemlə tərs mütənasibdi. Sevirsənsə, beynin yalnız həmin adamla məşğul olur! Oxuduğun kitab yadında qalmaz; unudarsan baxdığın filmi... Heç bir qayğı səni sevdiyinlə aranda yaranmış problemi həll etmək qədər məşğul edə bilməz. İlahi, necə böyük hikmət var bu hissdə?! Dahilərin sevgi haqda dediklərini xatırlamaq, Füzulinin qəzəllərini yada salmaq kifayət edir ki, əlavə nəsə danışmayasan. Susasan və sevməyə davam edəsən...
Sevgi haqda tək sevgililər günü danışmaq lazım deyil. Çoxları üçün hüzn, depressiya fəsli olan bu payız günlərində Remarkın "Zəfər tağı"nın doktor Ravikindən danışmaq istəyirəm... Bir tərəfdə ağır xəstə, o biri tərəfdə Joanı gözləyən Ravikin ən ağır gecəsi... Hansı ki, o, bu cür düşünəndə Joan haqda qara fikirlərə düşur, onu xəyanətdə suçlayırdı...
"...Ravik iynə vurdu. Yaşamasına ümid az idi. Ürəyi zəifləmiş, ciyərinin bir tayı da sıradan çıxmışdı... Uzun müddət mədə xorasından əziyyət çəkmiş, sonra vərəm olmuşdu və onu da yaxşı müalicə etdirməmişdi. İndi də xərçəng yaxalamışdı... Xəbəri yox idi ki, mədəsini kəsib götürüblər, yemək birbaşa onikibarmaq bağırsağa töküləcək, adama az-çox ləzzət verən şor xiyarı, qızardılmış donuz ətini heç vaxt yeyə bilməyəcək. Bədəni doğram-doğram idi, yavaş-yavaş çürüməyə başlamışdı... Buradaca uzanıb qalıb... - Ravik ürəyindən keçirdi - indicə vurulan iynəyə baxmayaraq, gecə halı xarablaşacaq, dəhşətli ağrılar başlayacaq, yerindən tərpənə bilməyəcək, təngnəfəs olacaq, yuxusunu qarışdıracaq. Mən isə qadın gözləyirəm və düşünürəm ki, gəlməsə, bu gecə ən ağır gecə olacaq... Can üstə olan bu kişi, qonşu palatadakı qolları əzik-əzik olmuş Qaston Pere... Bu gecə bütün dünyada baş verəcək min cür hadisə ilə muqayisədə mənim dərdimin gülünc olduğunu özüm də bilirəm, ancaq yenə də xeyri yoxdur..."

TƏQVİM / ARXİV