adalet.az header logo
  • Bakı 19°C

GÖRüNTü

VAHİD ƏLİFOĞLU
25880 | 2007-09-22 04:49
... Çoxdan baxdığım fransız kinosundan bir epizod qalıb yadımda. Uzun, bər-bəzəkli zalda stollar, stullar düzülüb. Stolların arxasında şəhərin ən məşhur, ən tanınmış şəxsləri: qadınlar, kişilər... Ev sahibəsi daxil olur zala. Əynində uzun, qara rəngli paltar. Paltar əllərinin, ayaqlarının üstünə qədərdi. Xülasə, gözlərindən və sifətindən başqa nəyi varsa qara parçanın altında xanım qonaqları salamlayır, "xoş gəldin" edib dönür və yavaş-yavaş zaldan çıxır... Paltarın arxası belindən də iki qarış aşağıya qədər açıqdır...
   
   ...Həyatda nə varsa elə bil görüntüyə hesablanıb. Biz hamımız elə bil gözəgörünməz, nəhəng kino-aparatların obyektivlərindən süzülən şəkillərik...
   
   ...Qohum-əqrəba dünyasını dəyişənin qızlarını yığıb bir yerə məsləhət verirlər: "Səhər tezdən camaat yığışan kimi hamınız verirsiniz səs-səsə, hərəniz bir tərəfdən dilnən ağlayırsınız. Qoy görsünlər ki, biz ölümüzü necə urvatlı tuturuq"...
   
   ...90-cı illərin peşə məktəbinin binasında rus alayı yerləşmişdi.
   
   
   
   Füzulinin cavanları nəinki bir qıza, bir qadına heç gecələr küçədə yatıb qalan qırx ilin fahişəsinə də imkan vermədilər ki, rus əsgərlərinə yaxın getsinlər... Hadrutdan gələn "VAZ"-ın arxa oturacağında həmişə ən azı iki erməni qızı olardı...
   
   ... Bir neçə aydan sonra həmin alayın köməkliyi ilə ermənilər Xocalıdan yüzlərlə qadını, qızı əsir apardılar...
   
   ...Kimsə erməninin sifətində məsumluğu, insanpərvərliyi, humanistliyi görə bilər, mən miikroskopnan baxsam da görə bilmirəm...
   
   ... Mən o iddiada deyiləm ki, o vaxtlar rus alayının əsgərlərinə hansısa fahişəni bağışlasaydıq indi Xocalı bizdəyidi...
   
   ...Bir dostum var. Onun beş il bundan qabaq dediyi fikri ha çalışıram unuda bilmirəm. O deyirdi ki, bizim qeyrətimiz tumana bağlandı. Özü də o tumana ki, qarşı tərəfi ətəklidi, uzundu, amma arxasının yarığı beldən iki qarış aşağıdı... Fransız kinosunda olduğu kimi...
   
   ...Şuşadan torpaq gətirmək də olar, lap Bülbülün evinin pəncərələrindən birini (Əgər yanmayıbsa - V.Ə) çıxarıb gətirmək də olar...
   
   ...Xalq şairliyindən daha əlini üzmüş V.Əlifoğlunun belə bir misraları var.
   
   ...Qazandıq təzə and yeri:
   
   - Torpaqların adı haqqı...
   
   ...And olsun Bülbülün, Natəvanın, Üzeyir bəyin güllələnmiş büstünə...
   
   ...Aqil Abbas bir vaxtlar yazırdı ki, bu millət kooperativ ölüsüdü... İndi vaxt keçib, zəmanə yeniləşib. İndi millət görüntü ölüsüdü...Kooperativlər dəbdən düşüb...
   
   ...On il, on beş il türmədə yatanlar el ağsaqqalı, padvallarda "girdirmə" araq bağlayanlar hacı olur...
   
   ...Qəsəbədə Məmmədqulu müəllim var. Mart ayı girən kimi dəhrəsini, baltasını götürüb daraşır camaatın Haramıda nə zülümnən beş-üç qarış böyütdüyü tut ağaclarının canına. Bir vaxt qəsəbədə deyiblər ki, Məmmədqulu müəllim "calaq" işin əla bilir. Tut ağaclarının dibindən kəsib calaq qoyur. Düz dörd ildi. Hamı bir-birinin bəhsinə... Dörd ildi Məmmədqulu müəllim "calaq" qoyur, hələ biri də tutmayıb. Qəsəbə həsrətdi kölgəsində kölgələnməyə bir tut ağacının...
   
   ...Bələkdəki körpəni şah seçən, şahı şair olan millət... Qardaşının göyçək arvadına sahib olmaq üçün qardaşının ölümünü intizarla gözləyən qardaş...
   
   ...Kəndin xeyirində, şərində məclisin başında əyləşib dünyanın gəlişindən-gedişatınacan ağızdolusu danışan Mirzə dayı. Yüz qoyunlu, əlli inəkli Mirzə dayı. Xəstələnmiş quzunu kəsməyib səhərə qədər arxacda ağladığın, "bu quzunun əvəzinə oğlum öləydi" dediyin yadındamı?...
   
   ...Meyvələr yetişəndə evlərin pəncərələrinə baxın. Mürəbbə bankalarını pəncərələrə elə düzürlər ki, yoldan bankaları saymaq mümkün olsun...
   
   ...Ev sahibinin son nəfəsində o bankalardan biri açıla-açılmaya...
   
   ...Elə əslində görüntüdən başqa bir şey olmayan atı da, papağı da, arvadı da biz yazarlar uydurmamışıqmı?
   
   Bu, Şərqin görüntüsüdü. Arvada meyllik, çoxarvadlılıq atın, papağın kölgəsində. Niyə at, arvad, papaq torpaqdan, yurddan qabaqda olmalıdı? İndi dünyada ağalıq edənlərin nə atı var, nə çəpərlədiyi arvadı, nə də papağı...
   
   ...Qarabağı işğalda olanın istəyir bir ilxı atı, yüz arvadı, namus qeyrət çəkən papağı olsun...
   
   ...Lap o "məşhur" mahnının sözlərinə oxşadı.
   
   ... -Otuz min ördəyim, qazım olaydı...
   
   ... Əbülfət Mədətoğlunun müsahiblərindən biri dolanışığın ağırlığından, həyatın darıxdırıcı olduğundan gileylənir və sonra məlum olur ki, xarici maşını, evi, hər cür şəraiti var. Hələ desən keçən il də Türkiyədə dincəlib...
   
   ...Mən on beş ildi çöldə, yolda yaşayıram. Nə evim var, nə də maşınım. Sonuncu dəfə də istirahət etmişəm Bəhrəmtəpədəki qum karxanasının həndəvərində, şor göldə...
   
   ...Seyran Səxavət demişkən: "Bu camaat nə istəyir, ay bala?". Diqqətlə baxın. Mən özüm də görüntüyəm. Klassik qaçqın görüntüsü...
   
   ...

TƏQVİM / ARXİV