adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ZİYANIN YARISINDAN...

FAİQ QİSMƏTOĞLU
64039 | 2014-09-12 01:58
Uzun müddət kim necə istəyib rəhmətə gedəninə dəbdəbəli ehsan verib. Sanki insanlar ehsan verməklə bir-biriylə yarışa giriblər. Hətta kasıb adamlar belə varlılardan geri qalmamaq üçün banklardan pul götürüb rəhmətə gedən əzizinə zəngin ehsan süfrəsi açıb və çoxları da elə fikirləşib ki, bu cür süfrə açmaqla ölən adamın ruhu daha rahat olur.
Yas mərasimləri o qədər dəbdəbəli keçirilib ki, stola barmaq qoymağa yer tapılmayıb. Rəhmətə gedənin ruhundan uzaq, həmin süfrədə bircə şərab çatışmayıb. Adam o süfrələrə baxanda istər-istəməz düşünürdü: bu qədər də israfçılıqmı olar?! Əlbəttə, hər şey insanın özündən asılıdır. Bizim millət nə isə bu sahədə bir-biriylə bəhsə və yarışa girib. Hansı ki varlı bir adamın övladı xaricdə təhsil alanda bax onunla kasıb adam bəhs eləməyib. Əgər bəhs eləyirsənsə övladına Avropa təhsili verməklə yarışa gir, yoxsa borc-xərc edib dəridən-qabıqdan çıxmaqla dəbdəbəli süfrə açmaqla yox.
Artıq bir müddətdir ki, respublika ərazisindəki yas mərasimlərində bu dəbdəbədən insanlar yavaş-yavaş uzaqlaşmağa başlayıb. Qısa zaman ərzində Allah cəmi ölənlərə rəhmət eləsin, mənim də iki qohumum dünyasını dəyişib və hər iki qohumumun övladları çox imkanlıdı. Ancaq onların heç biri yeni qoyulan adətdən kənara çıxmayıb. Camaat necə rəhmətə gedəninə ehsan verirsə, onlar da elə ehsan veriblər. Süfrənin üstündə çay, halva, xurma və limon vardı.
Düzdür, bəzi adamlar sanki yas yerlərinə qarınlarını doyurmaq üçün gedirlər. Dəfələrlə şahidi olmuşam ki, ortalıqdakı plov və aş-qarası yeyilib qurtaran kimi yenə bəzi adamların sifarişi ilə stolun üstünə həmin yeməklər düzülüb. "Ehsanşiklər" də heç kimdən çəkinib-eləmədən yenidən həmin yeməkləri aclıqdan çıxan adam kimi gözlərinə təpiblər.
Bəzi adamlar fikirləşiblər ki, filan gündə, filan yerdə ehsan veriləcək və onlar da özlərini ora çatdırıb o ki var qarınqululuq edəcəklər. Əlbəttə, belə adamlar indiki süfrəni görəndə dodaq büzəcəklər və narazı qalacaqlar. Ancaq böyük əksəriyyət bu cür süfrə ilə tam razıdır. Ən azından ona görə ki, çox adam yas yerinə yemək üçün yox, rəhmətə gedənin qohumlarına başsağlığı vermək və dərdinə şərik çıxmaq üçün gedir. Təbii ki, dərd bir yerdə çəkiləndə daha yüngül olur.
Hər bir yenilik həmişə böyük narazılıqla qarşılanır. Kim nə deyir desin, yas məclisində menyunun indiki kimi təklif olunması çox sərfəlidir. Biz bir-iki nəfərin və üç-dörd qarınqulunun istəyi ilə rəhmətə gedənlərimizin ruhunu narahat edə bilmərik. Çoxları elə fikirləşir ki, "ehsan" verəndə zəngin süfrə açılmalıdır. Ancaq müqəddəs kitabda və eləcə də digər dini ədəbiyyatlarda bu zəngin süfrənin ehsana heç bir aidiyyəti olmadığı buyrulur. Ehsan odur ki, rəhmətə gedənə el-oba alqışı oxutmaq üçün yol çəkdirəsən, bulaq açasan və digər savab işlər görəsən. Bax onda deyirlər ki, Allah bu işi görənin ölənlərinə rəhmət eləsin.
Bu günlərdə Bəhmənlinin ağsaqqalı Seyidəli kişi rəhmətə getmişdi. Onun da oğlanları hər cür imkana malikdir. Ancaq bu oğlanlar çox adi bir süfrə açdılar və ehsan verdilər. Rəhmətlik Seyidəli əminin yeddisində bir daha onun məzarını hamılıqla birgə ziyarət elədik. Qəbiristanlığa girəndə gözlərimə inanmadım. Çünki qəbiristanlığın girəcəyindən rəhmətlik Seyidəli əminin məzarına qədər yeni yol çəkilmişdi. Bu yolu qısa zamanda onun övladları düzəltdirmişdi. Bax, əsl ehsan budur, hansı ki yağışlı-yağmurlu, palçıqlı günlərdə həm avtomobillə, həm də piyada qəbiristanlığa gedəndə insanlar çox əziyyət çəkirdilər. Yolun çəkilməsi görənlərin hamısı Seyidəli əmimə rəhmət oxuyur, oğlanlarına cansağlığı diləyirdilər.
Hələ onların başqa fikirləri də var, sağlıq olsun yaşayarıq, görərik. Sözümüzün canı ondan ibarətdir ki, bax, ehsan budur, imkanın varsa bir xəstə adama kömək göstər sağalsın. Bir kasıbın qolundan tut qaldır ki, yeriyə bilsin. Qohumunun çətinliyi varsa onu sıxıntıdan çıxarmağa kömək elə. Yoxsa dəbdəbəli süfrə açmaqla, zəngin yeməklər verməklə rəhmətə gedənin ruhu heç vaxt şad olan deyil.
Bütün bunları bir daha yada salmaqla demək istəyirik ki, "ziyanın yarısından qayıtmaq da xeyirdir". Əlbəttə, öz xeyrimizi çox vaxt fikirləşmir və burnumuzdan qabağı görə bilmirik. Bir ağıllı adam da bizə yol göstərəndə o yolla yox, özümüzün bildiyimiz yolla gedirik. Sonra da düşürük dərin bir quyuya, yüz ağıllı adam yığışıb bizi o quyudan çıxara bilmir. İndi ağıllı adamlar yas mərasimini müqəddəs kitabda buyrulduğu kimi keçirmək üçün ciddi addımlar atırlar.
Əgər bu addım atılırsa, gərək ona kimlərsə badalaq vurmasın və bu yolla da addımlasın...

TƏQVİM / ARXİV