adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

HÖKM

ƏBÜLFƏT MƏDƏTOĞLU
34601 | 2007-09-22 04:49
Yazının başlığını oxuyanda yəqin düşünəcəksiniz ki, hansısa cinayət işindən, hansısa məhkəmə zalından ya reportaj, ya açıqlama, ya da çox epizodlu ardı varla davam edən hansısa bir oçerk oxuyacaqsınız. Xeyr, kim belə düşünürsə yanılır. Mənim məqsədim tamamilə başqadır. Əslində bu, məqsəd deyil, sadəcə özəl dünyamı tərpədən, məni narahat edən, hərdən hətta əlimdən tutub çox-çox uzaqlara aparan bir duyğudu, bir düşüncədi, daha nə bilim adını bilmədiyim nədisə...
   
   İnsan bütün ömrü boyu, təbii ki, söhbət özünü dərk edən, özünü duyan, özünü tanıyan insandan gedir, həmişə çalışır ki, ürəyinin səsinə, ağlının hökmünə qulaq assın. Bilirsiniz, zənnimcə, dünyada ən dəhşətli şey ağılla ürəyin arasında yerlə-göy qədər məsafənin olmasıdır. Mən bundan böyük faciə tanımıram və tanımaq da istəmirəm. Çünki onda ömür budanır, ömür baltalanır, ürək bir yana çəkir, ağıl bir yana, qalırsan yol ayrıcında, bilmirsən sağa gedəsən, yoxsa sola, bilmirsən işığa üz tutasan, yoxsa it hürənə. Ümumiyyətlə, tərəddüd o qədər böyük, o qədər ölçüsüz, o qədər qərarsız olur ki, bəzən özünü də, kimliyini də, məqsəd və məramını da unudursan. Ya olursan heç kimə, heç nəyə yaramayan, eləcə də heç kimdən, heç nədən yarımıyan birisi... Bu, faciə deyilmi?
   
   Mən tanıdığım insanların özəl həyatlarına daxil olmaq hüququ əldə edəndə daha çox onların ağılları ilə ürəkləri arasındakı məsafəni öyrənməyə çalışıram. İlk baxışdan bu çətin olur, amma, hətta sənin üçün açılan süfrədə belə səmimiyyətin, yəni ürəkdən qarşılanmanın şahidi olduğun kimi səninlə edilən söhbətdə, sənə ünvanlanan suallarda da sənin kimliyinə, şəxsiyyətinə, düşüncələrinə sayğının, dərk olunmanın, təzahürünü də görürsən. Onda hiss edirsən ki, sən burda artıq deyilsən, sənə burda süfrə, çörək, salaməleyküm xətrinə etik münasibətlər göstərilmir, sən burda arzulanan və arzulandığın kimi dəyərləndirilən insansan - bu isə xoşbəxtlikdir. Elə deyilmi?
   
   Hərdən qələm adamları ilə də mübahisəm düşür. Yazılan yazıda, illahda ki, şerdə ürəyi və ağlı görməyəndə onun necə yazıldığına inana bilmirəm və bu ürəksiz və ağıldan işartı görünməyən misralarda mən olsa-olsa qurumuş çaylaq yerində küləyin özünü necə sərbəst hiss etdiyini, necə ora-bura çırpdığını, necə at oynatdığını təsəvvürümə gətirməyə çalışıram. Bəzən heç bu da alınmır, bilmirəm niyə?
   
   Onda düşünürəm ki, ya mən hamıdan ən azı bir əsr geridəyəm və yaxud da hamı məndən bir əsr öndədir. Mən isə xatirələrin, tapdanmış cığırların, hətta özünü yox, kölgəsinimi, ilğınınımı axtaranlardan biriyəm. Bu bənzətmənin də nə qədər uğurlu olduğunu deyə bilməyəcəm. Çünki mən ürəklə ağıl arasında çaşıb qalanların böyük faciələrinin az-çox şahidi olmuşam və ona görə də nəsihət vermək, yol göstərmək və yaxud da tutaq ki, nümunə kimi özəl həyatımı dilə gətirmək haqqım yoxdur. Ən azı ona görə ki, mən nə yaş, nə baş, nə də digər hansısa bir şərtəmi deyim, məqamamı deyim, bir sözlə, nəyəsə görə heç kimdən fərqli bir üstünlük əldə etmişəm. Kəsəsi, imtiyazlı deyiləm. Mən də sıradan biriyəm, mən də ağlın və ürəyin mənə dediklərinin ətəyindən ikiəlli yapışmışam, hətta bəzən ağıl və ürəyin birgə dediyini Tanrı sədası kimi də qəbul etmişəm. İşimdə də, evimdə də, şermdə də, sevgimdə də...
   
   Qəzetlərə baxanda açığı çox dilxor oluram. Yaşını, düşüncə səviyyəsini, ən azı tərbiyəsini az-çox bildiyim bir qarış boyu olan oğlan və yaxud qız millətə, oxucuya, lap elə biri mənim özümə hökm şəklində elə nəsihət verib, elə yol göstərir ki, dünyanın bütün yolları gözümdən düşür, bütün nəsihətlərim məndə allergiya yaradır.

TƏQVİM / ARXİV