adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

DESERT

OQTAY SALAMOV
21511 | 2007-09-22 04:48
Qəzet oxumaq təcrübəmdən bilirəm ki, həftə sonunda böyük yazıları oxumağa adamın səbri olmur. Daha doğrusu, böyük yazıları oxuyandan sonra adamın desert kimi bir az yüngül yazılara ehtiyacı yaranır. Bu yüngüllük mövzuda da olar, mənada da, dizaynda da. Bizimki hansındandı, qiyməti özünüz verərsiniz...
   
   
   
   XORUZLANMA,
   
   PLANA DÜŞƏRSƏN
   
   
   
   Bakıda işıq, qaz, su, kanalizasiya və metro, əyalətdə istənilən dövlət və bir çox Həsən ağanın qohumlarının özəl müəssisələri istənilən adamın evini yıxa bilər. Həqiqi və birbaşa mənada.
   
   Özü də söhbət adıçəkilən müəssisələrin işinə mane olan, belə demək mümkündürsə, qanunsuz ev və tikililərdən getmir. Bu idarələr gələcəkdə, perspektivdə olan və olmayan planlar əsasında istənilən adama deyə bilərlər ki, evini sökürük, çünki 2025-ci ildə buradan, məsələn, kanalizasiya xətti salmaq fikrim var. Eləcə də su, eləcə də qaz, eləcə də metro...
   
   Amma deyəsən, bir balaca ağ elədim axı. Bu müəssisələr istənilən adamın yox, istənilən fağırın evini yıxa, istənilən sıravi sahibkarın evini yıxmaq adı ilə pulunu ala bilər. Tak çto, fağırlar farağat otursun, sıravi sahibkarlar isə xoruzlanmasın, başlığı oxusunlar. Boş yerə danışmıram, belə faktlar kifayət qədərdən bir az da çoxdur...
   
   
   
   YA ONLAR ÇOX
   
   HUMANİSTDİR,
   
   YA Dİ BİZ ÇOX
   
   QƏLBİQARAYIQ
   
   
   
   ABŞ-ın Azərbaycandakı səfirliyi özünün dediyinə görə, içərişəhər və paytaxtın digər yerlərində olan tarixi binaların qorunmasına ictimaiyyətin diqqətini cəlb eləmək üçün fotomüsabiqə elan edib.
   
   Ya bu amerikanlar doğrudan da çox humanist adamlardır (adamın qətiyyən inanmağı gəlməsə də), ya da çox bic adamlardır. Ya da biz çox qəlbiqara adamlarıq. Məsələn, bu xəbəri oxuyan 5-6 adam sözləşiblərmiş kimi eyni sözü dedilər: "Ya ABŞ səfirliyi də İçərişəhərdə yer axtarır, ya da kimisə oradan çıxarmaq istəyir"...
   
   Deyir, bir rayona təzə təyin olunmuş polis rəisi kəndlərin birində camaatla görüşdə başlayır vədlər verməyə:
   
   -Bundan sonra haqsız tutulan olmayacaq!
   
   -Yerdən biri qışqırır: "İnanmıram". Rəis özünü eşitməzliyə qoyub sözünə davam eləyir:
   
   -Polis rüşvət almayacaq!
   
   Yenə həmin səs: "İnanmıram"! Rəis yenə özünü eşitməzliyə qoyur:
   
   - Heç kimin cibinə nəşə atılıb tutulmayacaq!
   
   Bu dəfə də "inanmıram" sözünü eşidən rəis özündən çıxır:
   
   -Kopəyoğlu, bu dəqiqə tutub səni soxaram qoduqluğa!
   
   Həmin adam çox sakit və səmimiyyətlə deyir:
   
   -Bax, buna inanıram...
   
   
   
   ÖZÜNÜZDƏN
   
   MUĞAYAT OLUN, AKİF BƏY
   
   
   
   Akif Nağının izlənməsi, onun evdən bayıra buraxılmaması haqda bir replika yazmışdım ki, güləşməyə gələn ermənilər gedəndə vəziyyət düzələcək, yəni Akif bəy hərəkət azadlığı əldə edəcək. İndi qəzetlərdə oxuyanda ki, onun səhhətində problemlər yaranıb, mövzuya bir də qayıtmağa ehtiyac duydum.
   
   Akif bəy, şikayətlənirsiniz ki, həbs olunan hansısa rüşvətxor məmuru və ya erməni qəbrini müdafiə edirlər, amma milli mövqe nümayiş etdirən bir şəxsin bir neçə gün ərzində dəfələrlə polis tərəfindən tutulmasına, həmçinin, qeyri-rəsmi olaraq ev dustağına çevrilməsinə münasibət bildirmirlər.
   
   Nəyə görəsə müxalifət adlanan tərəfin bir neçə nümayəndəsi qəzetlərdə münasibət bildirdi. Çox korrekt danışdılar, dərs deyib moizə oxudular. Cavabların, münasibətlərin sizi nə dərəcədə qane edib-etmədiyi ilə işim yox, məni sizin öz hərəkətlərinizdə, ən azı kənardan belə görünən, qeyri-səmimiliyi, qərəzi görüb-görmədiyiniz maraqlandırır. Neçə illərdir torpağımızın 20 faizdən çoxunun üzərində erməni bayrağı dalğalanır, himni səslənir, indi birdən Bakıda da səslənsə, mahiyyət etibarı ilə nə dəyişəcək ki? Məni düzgün başa düşün, bu, odu söndürüb külü ilə oynamaq kimi bir şeydir. Ura-patriotluq heç səmimi görünmür...
   
   Özünüzdən muğayat olun, Akif bəy, hələ Azərbaycana çox ermənilər gələcək...
   
   
   
   BÜTÜN
   
   ZİBİLLƏR EMAL OLUNACAQMI?
   
   Bakıda zibil emalı zavodunun tikiləcəyini eşidəndə o qədər sevindim ki. 100-cə milyon avro xərcləyəcəyik, amma cavabında 500 min ton istehsal gücü olan zavodumuz olacaq. Ömrü boyu yox ey, hər ildə 500 min ton zibilimiz emal olunacaq.
   
   Paolo Pərvizin zavodu tez-tez dayanır. Steel Company-ni deyirəm. Metal çatışmayanda bağlamağa məcbur olurlar. Amma zibil zavodu ömür-billah bağlanmaz. Neçə əsr dayanmadan işləsə, zibilimiz var. Heyf ki, bu zavodu Avstriyanın şirkəti tikir. Avstriyalılar da almanlar kimi, dəqiq və pedant adamlardır. Yəni bizim təzə zavod ancaq həqiqi mənada, sırf zibilləri emal edəcək. Olaydı yapon firması, gör Azərbaycanda nə qədər potensial zibil üzə çıxarardı, nələri, kimləri zibil sırasına salardı... İlə 500 min ton Bakı üçün nə zibildir ki?..
   
   
   
   MİRZƏ SAKİT YENƏ SAKİT DURMUR...
   
   
   
   Deyirəm, bu əfv fərmanı verilsəydi, elə hökumətin də başağrılarından biri azalardı. Haqlı-haqsız tutlduqlarının içərisində jurnalistlərin də olması ölkəmizin imicinə ziyan vurmaqla bərabər düşmənlərimizin əlinə-dilinə faktlar da verir. Elə tutulanların özləri də hələ türmə həyatına öyrəşə bilmirlər: Əli İnsanov deyir şəraiti pisdir, Mirzə Sakit aclıq eləyir...
   
   "Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) tutulduğu gündən öz taleyindən narazıdır. Xəstələnir, aclıq eləyir - köçürürlər tibb müəssisəsinə. Həkimlər bacardıqları kimi müalicə eləyirlər, ayağa qaldırırlar, təzədən başlayır aclığa, müalicə gedir fələyin qəminə.
   
   Başqa bir problem də ortaya çıxıb. Bu dəfəki müalicədən sonra Mirzə Sakiti 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürmək istəyirlər. Ailə üzvləri narazılıq edirlər ki, bu türmə onların evlərindən uzaqdır, Mirzəni evlərinə yaxın türmələrin birinə köçürsələr yaxşı olar. Anan ölsün ay Cavid, Sibirdən sədan bir ilə gəlib çatırdı... Amma Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən müraciətin müzakirə olunduğunu söyləyirlər. Əşi noolar bir Mirzəni buraxmaqla, hə? Həm o razı qalar, həm də hökumətimizin başı az ağrıyar. Mirzə Sakit sakit dayanacaqdısa, daha niyə tutulurdu ki?..
   
   
   
   TÜRKLƏR DƏ BİZƏ ATIRLAR?
   
   
   
   Yoxsa bunlar o türklərdən deyil?
   
   
   
   Türkiyənin "Hürriyyət" qəzetində dünyanın mənzərəli yerlərinin fotoqalereyası yerləşdirilib. Bu fotoların içərisində erməni əsarətində olan Azərbaycan torpaqlarının bir yeri, Laçın koridoru da var. Qəzet fotoqrafiyanı Ermənistan ərazisi kimi təqdim edib.
   
   Bizim həmvətənimiz Fariz Hüseynov bu səhvi görür və qəzetin baş ofisi ilə əlaqə yaradaraq öz etirazını bildirir. "Hürriyyət"in nümayəndələri səhvi təsadüfi adlandırıblar və Laçın koridorunun şəklini erməni bölümündən yığışdırmağı vəd eləyiblər.
   
   İnsafən, indi şəkil qalereyadan yığışdırılıb. Deyir, iş olan yerdə səhv də olur. Bu son söhbəti məhz təsadüfi səhv kimi də qəbul edə bilərik. Amma Fariz Hüseynovun sözlərinə görə, "Hürriyyət" qəzeti və onun mənsub olbuğu "Doğan" media-qrupu belə səhvləri tez-tez eləyir. Bəs nədən böylə, arkadaşlar, böylə arkadaşlıq olurmu ya? O boyda pəzəvəng qəzetə və media-qrup Laçının dünya yaranandan Azərbaycanın toprakları olduğunu bilmirmi?... Kusura bakırık...
   
   Belə. Dilxor olmayın, sonuncu səhifədə "Ulduz falı"nı oxuyun. Məxsusi olaraq dilxorlar üçün göndərilib.
   
   
   
   

TƏQVİM / ARXİV