adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bakıda bolqar biabırçılığı

İNTİQAM VALEHOĞLU
30341 | 2014-09-11 01:35
Futbol üzrə milli komandamız Avro 2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda ilk oyununu keçirib. Millimiz Bolqarıstan seçməsini qəbul edirdi. Oyuna maraq istənilən səviyyədə olmasa da, ölkənin əsas komandasının seçmə mərhələyə necə başlayacağı maraq doğururdu. Amma Rusiyaya səfərdəki məğlubiyyətdən sonra çoxları bolqarların da bizi üstələyəcəyini düşünürdülər. Berti Foqts bu dəfə də meydana eksperemental heyət buraxmışdı-Kamram Ağayev, Qara Qarayev, Mahir Şükürov, Bədavi Hüseynov, Rəşad F Sadıqov (k), Ruslan Abışov, Ufuk Budak, Dmirti Nazarov, Vaqif Cavadov, Rüfət Dadaşov, Rauf Əliyev.
Bolqarların əsas heyəti isə belə idi-Vladislav Stoyanov, Straxil Popov, Nikolay Bodurov (k), Stanislav Manolev, Veselin Minev, Georgi Milanov, Vladimir Qadjev, Svyatoslav Dyakov, Georgi İliyev, Mixeail Aleksandrov, İliyan Miçanski. Oyun Alon Yefetin başçılıq etdiyi İsrailli hakimlər briqadasına tapşırılmışdı.
Matç başlar-başlamaz qonaqlar üstünlüyü ələ aldılar. Ardınca Rauf Əliyev özü yaratdığı iki qol fürsətini boşa verdi. 14-cü dəqiqədə müdafiədəki boşluq qapımıza qolla nəticələndi. İliyan Miçanski topu Kamran Ağayevin qoruduğu qapıya göndərdi. Qoldan sonra üstünlük tamamilə qonaqların tərəfinə keçdi. Ard-arda bir neçə epizodda az qala hesab açılacaqdı. Amma gah qolkiper, gah qapı tiri biabırçılığa imkan vermədi. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissəyə də bolqarlar üstün başladılar. 54-cü dəqiqədə oyunda tarazlıq bərpa olundu. Dmitri Nazarovun uzaqdan vurduğu zərbə Stoyanovun qarşısında yerə dəydi və qarşısıalınmaz oldu-1:1.
Hesab bərabərləşəndən sonra yığmamız daha çox top saxlamağa üstünlük verdi. Hətta bir neçə epizodda qol vəziyyəti də yaratmaq mümkün idi. Amma Araz Abdullayevin oyuna daxil olandan sonra yol verdiyi top itkiləri hücumları başlamamış bitirirdi. 87-ci dəqiqədə isə oyuna sonradan daxil olan Ventsislav Xristov qarşılaşmada son nöqtəni qoydu. Künc zərbəsindən sonra nəzarətsiz qalan Xristov yekun hesabı və millimizin biabırçılığını rəsmiləşdirdi-1:2.
Oyundan sonra hər iki tərəf mətbuata maraqlı açıqlamalar veriblər. Berti Foqtsun bolqar həmkarı isə onu mədəni şəkildə istefa verməyə çağırıb. Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev:
"Nəticə yoxdursa, baş məşqçi istefa verməlidir. Amma gəlin, oyundan danışaq. Mən hələ dünən sizə demişdim ki, Azərbaycan millisinin necə oynadığını bilirik. Bu gün şanslarımızdan yararlandıq. Millinizin Rusiya ilə oyununu izləmişdim. Fərqli oyunlar idi və həmin oyunda yığmanızın zəif cəhətlərini tapmışdım. Biz oyuna 1 aydan çox hazırlaşmışdıq və taktiki cəhətdən komandanızı yaxşı təhlil etmişdik. Bu gün 1 xal qazansaydıq da, mən hesabla razı olardım".
Bolqarıstan yığmasının hücumçusu Ventsislav: "Bu çox yaxşı hissdir. Qalib gəldiyimiz üçün çox şadam. Vurduğum qolu bir ay öncə dünyaya gələn oğluma həsr edirəm. Əgər baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirsəydik, daha yaxşı nəticə qazana bilərdik. Çətin şəraiti nəzərə alsaq, çox vacib qələbə qazandığımızı söyləmək olar. Ancaq biz daha artığını edə bilərik. Ümid edirəm ki, qrupda Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə verən iki yerdən birini tutacağıq. Bunun üçün qarşıdakı oyunlarda da qələbə qazanmalıyıq. Komandama kömək etmək üçün meydana çıxdım. Bunu bacardığım üçün xoşbəxtəm. Qazanılan hər çətin qələbə doğmadır. Meydançanın ot örtüyünün bərbad olmasına baxmayaraq komanda yoldaşlarım qələbə üçün əllərindən gələni etdilər. Təbii ki, seçmə mərhələyə qələbə ilə başlamaq asan deyil. Əgər bunu bacarsan, növbəti görüşlərdə komandada olan özünəinamı artırar. Öz gücümüzə inanaraq oynasaq, daha böyük uğurlar əldə edə bilərik".
Millimizin baş məşqçisi Berti foqts isə məğlubiyyəti belə şərh edib:
"İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərləşdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik. Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi. 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm. Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı. Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram".



TƏQVİM / ARXİV