adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ANLAMAQ DƏRDi, "ACINACAQLI NƏTiCƏLƏR" VƏ DiPLOMATiK ETiKET

OQTAY SALAMOV
20866 | 2007-09-21 05:38
NATO Cənubi Qafqaza yeni nümayəndə təyin elədi. Brüsseldə Zbiqnev Rübaskini "Şimali Atlantika Alyansı, Avropa Birliyi və Cənubi Qafqaz arasında əməkdaşlıq perspektivləri" proqramının əməkdaşlarına təqdim edərkən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin apardığı danışıqlar haqda da söz açıb və özünün təmsil olunduğu təşkilatınmı, ya fərdimi fikrini də söyləyib.
   
   Sözsüz ki, siyasətçinin fikirlərini, sözlərini politoloqların, ekspertlərin izahı, qiymətləndirməsi daha düzgün olardı və olacaq da. Xüsusən də bizim adını çəkmək istəmədiyim bir politoloqumuz var, dünyanın hər yerindən, floradan, faunadan, atom enerjisindən, adət-ənənədən, heyvandarlıqdan, bir sözlə, haradan nə soruşsan həmin sahənin peşəkarı kimi danışır. Deyəsən özü də başa düşmür ki, artıq efirlərdə, ekranlarda belə onu dolayırlar, ələ salırlar. İndi həmin politoloq peşəkarcasına bu məsələyə də münasibət bildirir. Mən isə subyektiv, başa düşdüyüm fərdi fikrimi çatdırmağa çalışıram.
   
   Robert Simmons vurğulayıb ki, NATO Cənubi Qafqaz münaqişələrinin həllində birbaşa iştirak eləmir, amma ATƏT-in Minsk Qrupunun fəaliyyətini diqqətlə izləyir. Sonra isə başlayır bizim o politoloqumuz kimi "peyğəmbərlik" eləməyə. Azərbaycan və Ermənistanı nəzərdə tutan Simmons deyib: "Hər iki tərəf anlayır ki, nəsə itirəcək, ancaq bu, qaçılmazdır".
   
   Diqqət yetirin, "itirib, itirir" yox, "itirəcək". Yəni keçmişdə olanlar olub, bundan sonra itirəcək. Deməli, NATO da bizim bundan sonra da nəyisə itirməyimizi gözləyir. Biz bu münaqişədə çox şeyləri itirmişik. Söhbət təkcə ərazidən, maddi sərvətlərdən getmir. Belə görünür ki, beynəlxalq aləmin, təşkilatların gözündə imicimizi, qürurumuzu, şərəfimizi də itirmişik. Yoxsa simmonslar, fasyelər, brayzalar. merzlyakovlar bizimlə, bizim haqqımızda belə yuxarıdan və alçaldıcı sözlər danışmaz, fikir formalaşdırmazdılar.
   
   Ya bizimkilər başa sala bilmir, sübut edə bilmir ki, ermənilər bu münaqişə başlayandan bəri çox şey qazanıblar. Özü də özlərininki olmayanı qəsb ediblər. Biz bu savaşda nə isə qazanmaq yox, özümüzünkünü, əlimizdən alınanı, itirdiyimizin mümkün olanını qaytarmaq istəyirik. Ya da bunlar özlərini qanmaz yerinə qoyublar, deyirlər erməni xərc çəkib, müharibə başlayıb, indi nəticəsində heç olmasa Qarabağı almalıdır. Yəni onun itirəcəyi işğal etdiyi qalan torpaqları boşaltması olacaq. Deməli, biz Qarabağı itirəcəyik?!
   
   Simmons münaqişənin müharibə yolu ilə həll olunması məsələsinə də konkret münasibət bildirib: tərəflər güc tətbiq olunmasının yolverilməz olduğunu anlayır, çünki belə bir cəhd "acınacaqlı nəticələrə" səbəb olacaq.
   
   Yəni bizim tərəf doğrudanmı güc məsələsini yolverilməz sayır, yəni bundan da "acınacaqlı nəticə", nə isə ola bilərmi? Şəxsən mən bu tərəfin 1/8,5 milyon üzvü kimi bu yolverilməzliyi anlamıram, boynuma heç nə qoymaq da lazım deyil. "Acınacaqlı nəticə" isə kimi qorxudursa, o otursun evində, bundan qorxmayanlar torpaqlarının erməni əsarətində qalmasını "acınacaqlı" sayanlardır. Xox gəlmək də lazım deyil, indiyə qədər hansı torpağını müdafiə edənə nə eləmisiniz ki?..
   
   Simmons deyir ki, əgər tərəflər sülh razılaşması əldə eləsələr və dəstək üçün NATO-ya müraciət etsələr, o zaman alyans sülhməramlı rolunda çıxış edə bilər. Vallah, bunlar ya bizi ələ salırlar, ya da özlərini. Əgər sülh müqaviləsi bağlayıramsa, sənin sülh məramın mənim nəyimə lazımdır, qoşunlarını burada yemləməyə?
   
   Sentyabrın 28-də Robert Simmons NATO-nun Cənubi Qafqaza təyin elədiyi yeni nümayəndəsi Zbiqnev Rübaskinin qoluna girib onu rəsmi Bakıya təqdim etmək üçün Azərbaycana gələcək. Sözsüz ki, bütün diplomatik etiketlərə əməl olunacaq, yollar bağlanacaq, sifətlərdə təbəssüm, qarşılanma, yolasalma mərasimləri olacaq. Amma bilmirəm, bizim bütün bunlardan sonra nəyi itirəcəyimizin qaçılmaz olduğunu, torpaqlarımızı güc tətbiq etməklə (sözsüz ki, sülh yolu ilə mümkün olmadığı təqdirdə) geri almaq istəyimiz niyə "acınacaqlı nəticələrə" səbəb olacaq kimi suallar Robert Simmonsa veriləcəkmi? Yoxsa Zbiqnev Rübaski elə anbardar Məmmədxan kimi sadəcə məclisə gecikənlərdəndi?..
   
   P.S. İnanıram ki, "hər elmdən xəbərdar olan" o politoloqumuza bu sualları versələr, Azərbaycan dilində söylədiklərini adam dilinə tərcümə eləməyə 40 tərcüməçi lazım gələrdi. Bəlkə doğrudan da elə belə danışmaq lazımdı ki, sonra yaxan məsuliyyətdən kənarda qalsın, hə?..
   
   
   
   

TƏQVİM / ARXİV