"BiR ZAMAN iLiçi TƏRiFLƏYƏNLƏR, BU GüN MƏHƏMMƏDDƏN HƏDiS DEYiRLƏR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
29012 | 2007-09-18 14:11
Dəyərli oxucular, çox götür-qoydan sonra bu qərara gəldim ki, məmləkətdə özünə, xidmətlərinə, yaradıcılığına görə hər birimizin tanıdığı, lakin bir az gözdən-könüldən iraq, bir az zamanın qaçdı-qovundan kənar, özü öz həyatını öz bildiyi kimi yaşayan insanlar var. Və bizim borcumuz bu insanları arayıb-axtarmaq, könüllərini xoş etməkdir. Elə bu məqsədlə də "Yada düşənlər" layihəsini düşünüb-tapdıq və onun ilk müsahibi də şair, 41 il fəxri adsız işləyən pedaqoq, alim və nəhayət, son dərəcə təvazökar və hər kəs tərəfindən sevilən Oqtay Rzadır.
   
   - Oqtay müəllim, xoş gördük, əgər icazə versəniz sizə bir neçə sualla müraciət edim.
   
   - Mədətoğlu, mən öyrənmişəm ki, tələbələrdən özüm sorğu-sual edim, çünki özümə sual verəndə çətinliyə düşürəm.
   
   - Eybi yox, həmişə siz sual verirsiniz, indi də mən soruşuram, Oqtay müəllim, sizi Azərbaycanın söz məkanında tanımayan, sevməyən insanı təsəvvür etmirəm. Sizə həsəd aparılacaq bir sevgi var, nədir bunun səbəbi?
   
   - Bu sözü mənə həmkarlarım, dostlarım, tanışlarım deyəndə başlayıram eşitdiklərimə inanmağa və hiss edirəm ki, doğrudan mənə rəğbət var. Bunu müxtəlif cəhətlərə yozmaq olar. Mən Salyanın Qalalı kəndində doğulmuşam, kütləvi cəzalanma dövründə 32 yaşında dünyasını dəyişmiş atam Məhərrəm və yaxud onun atası Salyanda dünyaya gəlib və mənim də qayəm o olub ki, ancaq yaxşılıq edim, xeyirxahlıq göstərim, özü də təmənnasız. Bəzən yuxu ilə ayıqlıq arasında özüm-özümə hesabat verirəm ki, bu gün mən neyləmişəm, kimə iynə ucu boyda yaxşılığım keçib. Və birdən yadıma düşür ki, 9-10 yaşlı uşaq məndən ünvan və yaxud saat soruşub, istədiyi səmtə yönəltmişəm. Bunun özü də mənə təsəlli verib. Və yaxud hansısa bir gənc yazarın, bir tələbənin, bir həmkarımın barəsində dediyim bir kəlmə, yazdığım bir cümlə görmüşəm ki, bir müsbət emosiya yaradıb. Bax,bu da məni sevindirib və onun taleyində yerim olub. Ümumiyyətlə, kimlərəsə az-maz xeyirim dəyibsə, bunun heç vaxt hesabını aparmamışam. Bəzən özləri 20-25 ildən sonra yadıma salırlar ki, Oqtay müəllim, filan işi o vaxtı sən həll etdin, əlimizdən tutdun. Mənimsə heç yadıma düşmür. Hətta rayonlarda da ünvanıma bu cür sözlər eşidirəm. Mənim bir amalım var, insanlara yaxşılıq, nikbinlik hissi aşılamaq. Əgər ünvanıma "yaxşı adamdı" deyirlərsə bu da mənim mükafatımdır.
   
   - Oqtay müəllim, sizdə nəsə bir Allah vergisi var, çünki qatıldığınız məclislərdə mütləq bir şuxluq olur.
   
   - (Gülür). Bu tapıntıdı. Bunu üzümə səndən başqa deyən olmamışdı. Düzdür, ümumi formada deyiblər ki, gəlişinlə şənlik gətirirsən, amma şuxluğun olmasını sən dedin.
   
   - Oqtay müəllim, siz həm də son dərəcə diqqətcilsiniz. Bu qədər qayğıların içində gündəlik mətbuatı, yeni kitabları oxumağa, münasibət bildirməyə də vaxt tapırsınız. Elə bir təqdimat, elə bir anım günü yoxdur ki, ora qatılıb nəsə bir xoş kəlmə deməyəsiniz. Siz bu qədər vaxtı hardan tapırsınız?
   
   - Açığı, mən indi özümü ən az oxuyan müəllif hesab edirəm. Amma doğrudan da gündəlik mətbuatı, dərgiləri gözdən qaçırmıram. Müəyyən qələm dostlarımın kitablarını, hətta dünya ədəbiyyatının son nümunələrini əldə edib oxuyuram. Doğrudur, bayaq da dedim, yaşla əlaqədar gözdə, səhhətdə problemlər var, amma buna baxmayaraq, mən 30-40 yaşındakı kimi yox, öz yaşıma uyğun olaraq çalışıram ki, zamandan geri qalmayım. Yəqin bilirsən də mən artıq yetmişi aşmışam, ona görə də gərək nəzərə alasan, dediklərimin səmimiyyətini qəbul edəsən. İndi təsəvvür elə ki, mən keçmişə nəzər salanda beş adamın adını çəkirəmsə, onun üçünə "Allah rəhmət eləsin" deyirəm. Başa düşürsən də nə demək istəyirəm, ətrafım seyrəlir. Yaxşı ki bu boşluğu yeni-yeni dostlar, tanışlar doldurur. Mənim öz xoşuma gələn bir cəhətim odur ki, nə özümdən yaşca böyüyə, nə də son dərəcə kiçiyə fərqli yanaşmıram, hər ikisiylə eyni səviyyədə olmağa çalışıram. Bu da ortada səmimiyyət yaradır, özümüzü tay-tuş kimi hiss edirik.
   
   - Xahiş edirəm, bu sualıma özünüzə məxsus səmimiyyətlə cavab verəsiniz, məmləkətimizdə unudulan, aranıb-axtarılmayan söz-sənət adamları var. Zənnimcə, onlardan biri də sizsiniz.Hətta mən düşünürdüm ki, 70 illiyinizdə nəsə bir rəsmi törən olacaq. Amma nədənsə heç yada düşmürsünüz...
   
   - İndi elə bir qəribə dövrana gəlib çıxmışıq ki, mən heç, açığını deyim, o qədər unudulan sənətkarlar var ki, xatırlayanda adamın daxilini bir təəssüf hissi bürüyür. Otuz-qırx il bundan əvvəlin şairlərini deyirəm, kimin üzdə olan sahibi yoxdursa nə qapısı döyülür, nə də xatırlanmır. İstəyir o şair ən dahiyanə şerlər yazmış olsa belə gedib qapılar döyməsələr yada salınmayacaq. İnsanlarda bu gün öz mənafelərini düşünmək xəstəliyi baş qaldırıb. Bu adamlar özlərindən başqa heç kimi görmürlər. Ən böyük mükafatları alsalar da yenə gözləri doymur. Ona görə nə arxivlərə baxan var, nə tarixlərə.Məsələn, Novruz

TƏQVİM / ARXİV