adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AYAğA QALXIN, MüƏLLiM GƏLiR!

20980 | 2007-09-15 06:42
Sentyabr ayı. Dərs başlayır. Zəng çalınır. Müəllim içəri daxil olur. Ayağa durmaq lazımdır. Əgər ayağa duran yoxdursa, lap elə könülsüz ayağa dururlarsa, deməli, gələn müəllim deyil. Müəllim o zaman gəlir ki, şagird, yaxud tələbə onu qarşılamağa hazırdır, onu gözləyir.
   
    Hər bir xalqa özünə layiq olduğu rəhbər göndərilir. Rəhbər gələnə qədər artıq xalq onu özü də bilmədən, tanımaya-tanımaya seçir. Eləcə də müəllim də göndərilən olur. Sənin müəllimin həyatından gəlib keçə bilər, amma ola bilər ki, sən onu görməyəsən, ondan öyrənməyəsən, yaxud aldığın biliklər səhv olsun, çünki müəllimi qarşılamağa hazır deyildin. Müəllimi olmayan dünyada ən bədbəxt adamdır. Heç kim döşünə döyə bilməz ki, mənim həyatda müəllimim olmayıb və nəyəmsə, ona öz gücüm, öz çalışqanlığımla nail olmuşam. Həyat o qədər dolaşıqdır, hər addımda adamı ilişdirib saxlamaq, onu məhv etmək üçün o qədər tələ qurulub ki, bunları görmək, bunların arasından salamat keçib getmək, məqsədinə tam, ya qismən çatmaq üçün təlim keçmiş olmalısan. Savad öz yerində. Savad yalnız təlimə çevriləndə praktiki olur, yaxşı nəticə verir. Təlimsiz ən dərin biliklər belə gərəksiz və ağır yükdən başqa bir şey deyil.
   
    Nə giley-güzardan, nə qürrələnməkdən xoşum gəlmir. Nəyəmsə, oyam. Kimə necə görünürəmsə eləyəm. Bunu da müəllimlərimdən öyrənmişəm və buna görə onlara ömrü boyu minnətdar olacağam.
   
    Amma gəlin əvvələ qayıdaq. Əksər uşaqlar birinci sinifə böyük həvəslə gedir. Bu onlar üçün yenilikdir, həm həyəcanlanır, həm də qanad açıb uçmaq istəyirlər. Kənardan buna baxmaqdan maraqlı, sevincli nə ola bilər? Hər birimiz bunu keçmişik. İnanmıram kiminsə yaşından asılı olmayaraq o gün yadından çıxsın. Sonrakı siniflərdə isə yay tətilinin bitməyi, dərslərin başlanması bir o qədər böyük həvəslə qarşılanmır. Əlbəttə, bunu hamıya aid etmək olmaz. Bəzilərini məktəbə, oxuduğu sinifin kollektivinə görünən məlum, yaxud görünməyən intim səbəblər bağlaya bilər.Onlar sentyabrın gəlişini səbrsizliklə gözləyəcəklər. Amma əksəriyyət yeni dərs ilinin başlanğıcını yorğun ovqatla qarşılayır. Yenə gündəlik, rejim, uğurlu və uğursuz qiymətlər, cədvəl, dərslər, seminarlar, müəllimlər, məcburiyyət. Mən hətta yazıların arasında elələrini tanıyıram ki, onlar öz məktəb illərini məcburi-islah əmək koloniyası, bəziləri isə bir az da qabağa gedib faşist düşərgələri ilə müqayisə edirlər. Onların fikrincə, məktəbdə insanın, özü də zəngin, heç nəyə bənzəməyən ecazkar təəssüratlar aləmində yaşayan uşağın azadlığı əlindən alınır. Onu qəlibə salırlar, onun başını, beynini məngənəyə salıb sıxırlar.
   
   Əlbəttə, təxəyyülümüzü işə salsaq məktəbi bunlardan da dəhşətli, qorxulu nələrləsə müqayisə edə bilərik. Belə düşünənlərə etiraz etmək də düzgün deyil. Hər bir adam necə qavrayırsa, elə də nəticə çıxarır, yaxud da əksinə. Mədrəsələr də əvvəllər, Sovet illərində bizə belə təqdim olunurdu və reallıqda həqiqətən də təqdim olunandan bir o qədər də fərqlənməyiblər. Doğrudan da uşaqların ayağını falaqqaya salıb çubuqlayırmışlar, doğrudan dilə çətin yatan müqəddəs kitabımızın hərflərini, hərəkələri öyrədirlərmiş. Bu da həyatımızın yalnız hamar yol olmadığından xəbər verir. Ümumiyyətlə, bilikli olmaq üçün başqa yol varmı? Təlim almaq, biliklərə yiyələnmək zülmdən, əziyyətdən keçir. Bunlara qatlaşmayan sonradan rahat danışa, fikir yürüdə, iş görə bilməz.
   
   Əlbəttə, burda həm müəllimin, həm də şagirdin kimliyinin əhəmiyyəti böyükdür. Amma bundan daha böyük əhəmiyyət daşıyan həmin məktəbin hansı cəmiyyətdə yerləşməsidir. Məktəb cəmiyyətin kiçik modelidir. Onlar, məktəblər bir-birindən səviyyəcə fərqlənə də bilər. Amma heç bir məktəb "ayrıca respublika" ola bilməz. Müəllimlər nə qədər əvvəllər olduğu kimi tələbkar, "konservativ" olsalar da, bu natamam, müəyyənləşməmiş cəmiyyətin balaları onlardan lazım olan bilikləri ala bilməyəcək. Onlar evdə bir şey eşidəcək, sinifdə başqa şey və nəhayətdə həyatda, daha doğrusu, yaşadığı cəmiyyətdə gördüyünə inanacaq. İllər keçdikcə buna müəllimlər də alışır. Onlar prinsiplərinə dönük çıxmasalar da düşüncələri, baxışları əvvəlki olmayacaq. Odur ki, tez-tez işlənən "məktəbdən başlamaq lazımdır" ifadəsi ilə heç cür razılaşa bilmirəm. Cəmiyyətdən başlamaq lazımdır. Müəllim gələndir. Bu, Allahın işidir. Bahalı, pullu məktəb açmaq, məktəbdə bahalı kompüterlər, bahalı hovuz, bahalı zallar tikmək, bahalı uşaqlar, bahalı müəllimlər dəvət etmək məktəbə bahalı ad qoymaqla deyil. Əsas hər bir uşağın həyatına gələn müəllimdir. Bu isə Allahın işidir. Allaha qarşı çıxıb müəllimi ələ baxan eləyən cəmiyyətdə nə qədər bahalı məktəb tikilsə də, Sem dayının göndərdiyi doğma ingilisdilli müəllimlər olsa da bunun bir qəpik də əhəmiyyyəti yoxdur. Cəmiyyətin uşaqları gəlişə, sentyabrın, müəllimin gəlişinə hazırlaması lazımdır.
   
   Mən xoşbəxtəm. Mən üçüncü sinifdə oxuyanda Ənvər Məmmədxanlının "Buz heykəl" tamaşasına kənd orta məktəbinin köhnə sinfində baxmışam. Mən və mənim sinif yoldaşlarım o sinifdə qarlı, şaxtalı, çovğunlu havaya düşmüşdük. Tamaşanın sonunda ağlayırdıq. Bu əslində tamaşa deyildi. Bu, dərs idi. İbtidai sinif müəllimimiz, Azərbaycanın əməkdar müəllimi Qasım Həsənov bizə belə dərs keçirdi. Gəl indi onun dərsinə pis cavab ver, görüm necə verirsən. Mən xoşbəxtəm ki, bizim Qasım müəllimimiz bizə şer deməyi, mahnı oxumağı, şəkil çəkməyi öyrədirdi, bizimlə birgə futbol oynayırdı. Bizdən küsürdü, bizimlə barışırdı, bizimlə dostluq eləyirdi. Bu dərs demək üslubu idi. O, hər bir şagirdinə ayrıca fərd kimi yanaşırdı. Onu daxili buxovlardan azad edirdi. Belə sərbəstliyə görə bəzi tündməcaz kənd adamları Qasım müəllimin üstünə gələrdilər, hətta onu öldürmək istəyənlər belə vardı. Sərbəstliklə bərabər onun sərt cəzalandırmağı da vardı. Bunu da dəhşətlə xatırlayıram.
   
   Mən xoşbəxtəm. Mənim məktəbdə Qasım Həsənova tamamilə əks, antoqonist mövqedə duran başqa müəllimim olub. Ədəbiyyat müəllimimiz Əliabbas Əliyev. Şair idi, qəzəllər yazırdı. Akademik üslubda dərs keçirdi. Əlində nar ağacından kəsib düzəltdiyi çubuq tutardı. Görünür ya özünün, ya da onun müəllimlərinin mədrəsə ənənələrindən gəlirdi. Əliabbas müəllim əruzu bizə döyə-döyə öyrədirdi: "Məfailun failun, müftəilun failun. Təkrar elə! Düz deyil, bir də". Və kürəyinin ortasına bir çubuq zərbəsi gəlirdi.
   
   - Çin qızı söylədi, iki növcavan...
   
   - Saxla, - deyə Əliabbas müəllim əzbərçi qızın sözünü kəsirdi. - Uşaqlar sözlər yazılan kimi deyilmir. "Növcavan" yazılır, "nocavan" oxunur. Buyur. De.
   
   - Çin qızı söyləd,i iki növcavan...
   
   Deyəsən, mənə qulaq asmadın.
   
    Əliabbas müəllim yenə əruzdan danışır, Nizaminin həmin misrasını farsca deyir, əruza uyğun olaraq sözün ahəngdar dəyişikliyə məruz qalmasını bütün sinifə izah edir, sonra yenə çönüb qıza şeri oxumasını söyləyir.
   
   - Çin qızı söylədi iki növcavan...
   
    Nar çubuğu qızın çiyninə elə şappıltı ilə dəyir ki, bütün sinif diksinir, sonra ümumi gülüş qopur. Əliabbas müəllimin isə gülmək halı yoxdur. O, şagirdə fikrini çatdıra bilmir. Amma lazımdır. Yenə uzun uzadı şerin deyilişini anladır. Nəhayət, məqsədinə çatır. Qız gözlərinin yaşını silib oxuyur:
   
   - Çin qızı söylədi iki nocavan, Başqa bir şəhərə oldular rəvan.
   
   Bu başqa məsələ. Əhsən! Aman Allah, bu "əhsən"i müəllimlərimizdən qazanmaq necə çətin idi. Onlar rüşvət nə olduğunu bilmirdilər. Bu, onlar üçün türmə idi. Bu, onlar üçün sürgün idi.
   
   Mən xoşbəxtəm. Mənim müəllimlərim bütün il boyu bir nimdaş kostyumda gəzərdilər. Amma onlar bir məclisə girəndə, təsadüfən çayxana qarşısından keçəndə bütün məclisdəkilər, bütün çayxanada oturan kişilər ayağa durardı.
   
   Bunu itirmişik! Cəmiyyəti buna hazırlamaq lazımdır.
   
   Ayağa durun! Müəllim gəlir!
   
   

TƏQVİM / ARXİV