adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Sentyabr 2014 15:09
16086
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan yumoru hədəfdə

Son zamanlar yazıçı-publisist, teleaparıcı Həmid Herişçi Azərbaycanla, öz dili ilə desək Şimali Azərbaycanla bağlı tənqidi fikirləri ilə sosial şəbəkədə xeyli aktivləşib. Əslən Təbrizdən olan yazıçı öz Facebook səhifəsində şəxsi təəssüratlarını emosional şəkildə izhar edərək son günlərdə Azərbaycanın istər incəsənət, ədəbi, istərsə də sosial-ictimai sahələrini hədəf alıb.

"Şimali Azərbaycan iqtidarı, müxalifəti həmişə həqiqi Güney Azərbaycan siyasi, mədəni, dini, iqtisadi elitası ilə münasibətlərdən qaçıb. Həmişə avaralara, əsli-nəcabəti bilinməyənlərə mikrafon verib, onları ekranlara çıxarıb... Güneylilərin qeyri-ciddi imicini formalaşdırıb” – deyən H. Herişçinin giley-güzarı bununla da bitməyib. Yazıçı indi də bildirir ki, Azərbaycanda gülüş-yumor həmişə dağıdıcılığa, zövqsüzlüyə gətirib çıxarıb: "Bizim Musiqili Dram Teatrı neylədi? Tamaşaçının zövqünü korlayaraq Akademik Dram Teatrını süquta uğratdı... Bizim "Mozalan" neylədi? Yenə bədii zövqümüzü alçaltdı,  "Azərbaycanfilm" kinostudiyasını məhv etdi. Sonra "Şən və hazırcavabların klubu" bütün mənəvi dəyərlərimizə güldü, aşağıladı, dəyərdən saldı olan-qalanımızı. Axundov, Cəlil gülüşü - bəli, dağıdıcıdır... Nəticələri çox acınacaqlıdır mədəniyyətimiz üçün... Mədəniyyət yalnız Nizami, Xaqani, Füzulu ənənələri üzərində inkişaf edə bilər... Həmin ənənə bizim "60-cılar"da deyil, İsa Hüseynov, Sabir Əhmədli yaradıcılığında davam etdi..."

Maraqlıdır ki, H.Herişçinin  fikirləri demə çoxlarının ürəyindən xəbər verirmiş. Tanınmış aktyor Füzuli Hüseynov Herişçi ilə tam həmfikir olduğunu deyir. Onun sözlərinə görə sovetlər dönəmində yumor ustaları quruluşa -  sosializmə xidmət edirdilər. Elə indiki yumor da sifarişlidir: "Bu gün sırf yumora xidmət edən yoxdu. Ümumiyyətlə o janr bizdə heç vaxt alınmayıb. Telman Adıgözəlov ola bilərdi, anladı ki, mümkün deyil. Bizim Arkadiy Raykinimiz,  Mixail Zadornovumuz və s. olmayıb və yaxın gələcəkdə də olmayacaq. Fazil Salayev, Səyavuş Aslan dünyaya çıxacaq sənətçi idi, noldu? Heç nə də edə bilmədilər, amma edə bilərdilər”.

Şair Vüqar Əhməd isə H. Herişçinin fikri ilə qismən razılaşdığını bildirir. "Tam razılşmaq olmaz. Hökm vermək düzgün deyil. Baxır hansı yazıçının qələmindən çıxan yumor. Klassiklər cəmiyyətin tərəqqisi naminə komedik  planda, gülüş vasitəsilə sosial bəlaları tənqid atəşinə tutublar. Bəzən bu, çağdaş dövrümüzdə güldürmək xatirinə ifrat dərəcəni aşır. İndiki güldürmək istəyən aktyorların bəziləri qeyri-etik şəkildə dialoqlar, küçə söyüşlərindən belə istifadə edirlər. Xalqı çox tənqid etmək, məsxərəyə qoymaq şübhəsiz dağıdıcılığa, zövqsüzlüyə gətiririb çıxarır. Bu mənada, bu aspektdən yanaşanda Həmid bəylə razıyam. İndi əfsus ki, yumoristlərimiz də şitliyi, duzsuzluqları ilə seçilir”, - deyən V. Əhməd bunun səbəbini təsirli, yumoristik, komedik bədii mətnlərin olmamasında görür. Ona görə də gülüş ustalarının az yetişdiyini bildirir.

Xalq artisti, yumoristik çıxışları tamaşaçıların rəğbətini qazanmış Ağaxan Salmanlı isə, əksinə, yumor və satiranın həmişə cəhaləti, nadanlığı, savadsızlığı, zövqsüzlüyü hədəf aldığını diqqətə çatdırır. Aktyor hesab edir ki, cəmiyyətdə bu cür çatışmazlıqların tənqidi Azərbaycan incəsənətində həmişə olub və bu da dəyərsiz deyil.

İstənilən halda həmsöhbətlərimizin bu gün Azərbaycan yumoristik janrında müəyyən problem və boşluqların olması fikri ilə razılaşmamaq olmaz. Amma elə onların özlərinin də təsdiqlədiyi kimi Azərbaycan incəsənətində və ədəbiyyatında həmişə əsl gülüş hədəfini tutub, bununla da Azərbaycan tamaşaçısını həm güldürüb, həm də düşündürən Səyavuş Aslan, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Afaq Bəşirqızı və.s adlarını sadalamaqla bitməyən görkəmli sənətkarlarımız olub, var  və ümid edirik ki, bundan sonra da öz sözünü deyə biləcək yeni nəsil yetişəcəkdir.