adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Sentyabr 2014 13:32
11059
ƏDƏBİYYAT
A- A+

Leyla Əliyevadan yeni şeir

















Məhəbbət, sən niyə nifrətlə dostsan?!

O səni məhv edər, üzər, parçalar,

Sənə eşqdən başqa nə gərəkdi ki?

Qorxma, sevən ürək qələbə çalar.

 

Davam et, inciklik, acı küskünlük

Səni dolaşdırıb heç büdrətməsin,

Bağla gözlərini, qoyma qısqanclıq

Məsum gözlərini kor edə bilsin.

 

Açsan da gözünü, sən onu bil ki,

Sevməyi bir an da unutmaq olmaz.

Məhəbbət – səfehsən, dərk etmədin ki

Qüruru sevgidə yaşatmaq olmaz!

 

Sən daş qayalara həmdəm olarsan

Qurduğun oyunlar baş tutmamaqla,

Söylə, kiminçündür bu hiylə, oyun?

Sən özün özünə tələ qurursan.

 

Məhəbbət, sevməkdən niyə qorxursan?

Niyə çəkinirsən təmiz sevgidən?

Sevib, ümidini sən itirməsən

Kədər səndən qaçar, xoşbəxt olarsan.

 

Sən ki tərk olunmaq istəməzsən

Dönüklük ağırdır, bunu bilməzsən.

Gündüz gecələrə təslim olanda

Ümidlər çoxalar lal tənhalıqda!

 

Ağlama məhəbbət, ağlama, inan

Mən də gecələri çox ağlamışam,

Nə ulduz istədim, nə ay səmadan

Mən ancaq sevgiyə sahib çıxmışam.

 

Məhəbbət, qəlbimə hakim olmadan

Niyə sən nifrətlə dostluq edirsən?

Başımı döndürüb, elə etmisən

Yaşamaq çətindir sevgi olmadan!


Tərcümə Şəfiqə Şəfanındır