ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
59312 | 2014-09-06 01:23
Şair-publisist Hafiz Rüstəmin "Bakıdan Yardımlıya səyahət" yaddaş-poemasını son illərdə yurdumuzu, onun gözəl bir guşəsini tanıtdırmaq baxımından poeziyamızda maraqlı bir hadisə hesab etmək olar. Müəllif poetik ənənəyə sədaqət nümayiş etdirib ulu sənətkar Şəhriyarın "Heydərbabaya salam" yolunu davam etdirdi. Doğrudur, onun poemasında "Heydərbabaya salam"ın forma-struktur xüsusiyyətləri nəzərə çarpmır, amma ruhu etibarilə onun təsirini hiss edirik. Doğulduğu kəndə, onun dağına, meşəsinə, çayına, bulağına məftunluq, adət-ənənələrinə heyranlıq, ağsaqqallarına-ağbirçəklərinə pərəstiş H.Rüstəmin poemasında da başlıca xətdir. Lakin təkcə doğulduğu kənd və ümumən Yardımlı haqqında deyil, Azərbaycan, onun tarixi keçmişi, gözəl təbiəti və yaxın otuz ilin ictimai-siyasi mənzərələri də bu poemada öz əksini tapır və şair yaddaşından süzülən xatirələr nəticə etibarilə maraqlı, oxucu üçün kiçik poetik ensiklopediya təsiri bağışlayan bir əsərlə tanış oluruq.
Əvvəla, onu qeyd edək ki, Yardımlı rayonu Azərbaycanın ən səfalı guşələrindən biridir. Tanrı bu əraziyə elə bil gözəllik toxumu səpib ki, bu toxumlardan uca-uca dağlar, igid biləklərindən hörülmüş şiş qayalar, yaşıllığı göz oxşayan meşələr, daim çağlayan şəlalələr, sərin bulaqlar, bərəkətli torpaqlar boy atıb. Yardımlı sərt qayalarla nəğmə kimi ürəyə yayılan bulaqların məskənidir-cəngavərlik və kövrəklik bir-birinə qovuşub. Amma təkcə gözəl təbiətinə görə deyil, o torpaqda yaşayan adamlar da mənən zəngindirlər. Yardımlıda qonaq ol, görəcəksən ki, adamlar necə mehriban, xoşqılıq, mehribandılar. Bu yurd əhalisinin sayına görə başqa rayonlarla müqayisədə azlıq təşkil edir, amma yetirdiyi ziyalıların, xüsusilə, alimlərin və sənət adamlarının sayına, sanbalına görə seçilir.
Hafiz Rüstəmin poeması da elə bu yurd sevgisindən yaranıb. Özü də bu sevgidə bir həsrət çaları var. 1937-ci il repressiyaları zamanı onun yaxın adamlarına-Alı bəy nəslinə divan tutulub, xeyli günahsız insanlar şərlənib, buzlu Sibir çöllərinə, Qazaxıstanın insan ayağı dəyməyən torpaqlarına sürgün olunub. Doğrudur, sonralar sürgün edilənlərin bir qismi Hafizin atasının köməyilə yenidən Vətənə qayıdıblar, amma illər boyu o ağrılar içlərindən çəkilməyib. Elə Hafiz Rüstəmin özü də Yardımlıda deyil, Salyanda, Şorsulu kəndində dünyaya göz açıb. Repressiya dalğaları ötüb keçəndən, daha doğrusu, SSRİ də sərt rejim buzları əriyəndən sonra Hafizgillər də Yardımlıya döndülər. Az da olsa, Hafiz öz arzusuna çatdı, Orta məktəbi Yardımlıda bitirdi. Və uzun illər müxtəlif nəşriyyatlarda çalışdı, indi də bu sahədə fəaliyyətini davam etdirir. Şairliyi də Tanrının ona bəxş etdiyi bir nemət kimi qəbul edir, neçə şeir və elmi-publisistik kitabları işıq üzü görüb.
"Bakıdan Yardımlıya səyahət" xatirələr "sərgisinə" bənzəyir. Bu "sərgidə" həzin, kövrək anlar daha çoxdur, lirik qəhrəmanın-şairin doğulduğu kəndlə, o kəndin unudulmayan adamlarıyla, gözəl təbiəti və adət-ənənələriylə bağlı yaddaşında diri qalan xatirələri oxucuda emosional ovqat yaradır. Xatirələr şahə qalxır və illərin o sahilindən aşıb-daşan, məcrasına sığmayan dalğalar bu sahilə axışır. Beləliklə, iki zaman qovuşur-Keçmiş və Bu Gün.

Sahilləri görünməz okeana bənzəyir,
Bilmək olmur haradan başlayır xatirələr.
Mürgüləyən, yuxulu bir azmana bənzəyir,
Yenidən "oyanmağı" xoşlayır xatirələr.

Yenidən yaz ömrümüz açılır çiçək-çiçək,
Ağrılar-acılar da görünür gözəl-göyçək.
Gözümüzün önündə canlanan gerçək-gerçək
Bir macəra filminə oxşayır xatirələr.

Gördüyümüz fərəhlər, dəhşətlər yada düşür,
Baş tutmayan sevdalar, həsrətlər yada düşür.
Öz həyat dərslərimiz, ibrətlər yada düşür,
Ölməz nəğmələr kimi yaşayır xatirələr.
Poema bitkin bir süjet üzərində qurulub. Epik-lirik səciyyəli bu poemada təhkiyəçi (şair) müəyyən marşrut üzrə hərəkət edir. O, tanınmış siyasətçi Mir Mahmud ağa ilə (onun da əsli Yardımlıdandır) "Azneft" meydanından Yardımlıya yol alır. Yolboyu düşüncələr bizi yaxın keçmişdə baş verən hadisələrə, ictimai-siyasi olaylara çəkib aparır. Milli birlik ideyası üstündə köklənən bu düşüncələr tədricən Türkiyə-Azərbaycan dostluğu üzərinə yönəlir, Şamaxı yolunda bir türk zabitinin tənha məzarına gətirib çıxarır. Naməlum şəhidin məzarı üzərində ucaldılmış abidəyə böyük şairimiz Bəxtiyar Vahabzadənin yazdığı epitafiyanı oxuyuruq:

Yolçu! Dayan burda, düşün bu yerdə,
Soruş kimdir yatan bu tək qəbirdə?
O, bir türk zabiti, doğuldu haqdan,
Sənin yardımına gəldi uzaqdan.

O, sənin arxanda bir dağa döndü,
Bu torpaq yolunda torağa döndü.
Yolçu bir anlığa burda dayan, dur!
Ayaq basdığın yer ona borcludur.

Poemada ən şirəli, oxunaqlı, ürəkdə duyğular oyadan fəsillər Yardımlının nadir təbiət mənzərələrinin təsviri ilə bağlıdır. Deyərdik ki, əsərin şeiriyyət baxımından uğurlu məqamları da elə bu təsvirlərdir. Hafiz siyasi məsələlərdən söz açanda sanki danışır, nəql edir, amma torpaqla, təbiətlə bağlı təsvirlərində danışmır, sadəcə lövhələr, "rəsmlər" çəkir. Biz onun təsvirlərində "qüdrətdən yaranan meşələri", "dağların təkini, üfüqün qaşını", minillərin sakinləri olan palıdları seyr edirik. "Burada susur söz, dinir təbiət, Burada uyuyur ilahi cənnət". Müəllif yeri gəldikcə Yardımlıda, həmçinin Cənub bölgəsində bitən nadir ağaclar, çaylar, dağlar haqqında da səhifənin sonunda məlumat verir. Məsələn, yazır ki: "Dəmirağac Masallı-Yardımlı yolunun sol tərəfindən keçən Viləşçayın hər iki sahilindəki meşə yamaclarında bitir. Bu həmişəyaşıl ağac kənardan ağacların bahadırı, qollu-budaqlı, əzələli, güclü pəhləvanı kimi dərhal diqqəti cəlb edir. Boz, tünd mis rəngli, nəsə qeyri-adi, qocaman gövdəsindən ayrılan, ancaq yenidən bir-birinə pərçimlənərək qaynayıb-qarışan bəzi qonur, qüvvətli budaqları insanı heyrətləndirir".
Belə açıqlamalara poemanın əksər səhifələrində təsadüf edirik və deyək ki, bu məlumatlar oxucunun maraq dairəsini artırır.
Əsərdə Yardımlının ayrı-ayrı kəndləri barədə də təsvirlərlə tanış oluruq. Budur o fəsillər: "Bərcan", "Təkdam şəlalələri", "Abidərdə", "Ələm ağacı", "İlk bahar lövhələri", "Məcun dağ havasında", "Dağlar, meşələr"gHafiz Rüstəm bu fəsillərdə sözlə rəsmlər çəkməyə cəhd edir və əksərən, buna nail olur. O, yaxşı bilir ki, təbiət gözəlliklərini adi sözlərlə, qupquru nəzm parçaları ilə təsvir etmək olmaz. Ona görə də, təsvir etdiyi təbiət lövhələrinə poetik səmimiyyət qatır, bənzətmələr, metaforalar, epitetlərlə obrazlılığa yol alır. Müəllifin ayrı-ayrı fəsillərdə təqdim etdiyi qoşmalar, gəraylılar da şeiriyyət baxımından uğurludur.
Əsas odur ki, bu qoşma və gəraylılarda hisslərin, duyğuların poeziyası ilə qarşılaşırıq. Şair qoynundan uzaq düşdüyü dağlara həsr etdiyi bir qoşmada pərişanlıq, peşimançılıq hisslərini necə də səmimiyyətlə ifadə edir:
Sizsiz neçə-neçə illər ötüşdü,
Əsdi ruzigarlar, yellər ötüşdü.
Ələndi qar-yağış, sellər ötüşdü,
Mənsə yanınızdan ötmədim, dağlar.

Yığmadım al-əlvan gül-çiçəklərdən,
Dərmədim yetişmiş çiyələklərdən,
Payız vaxtı çıxan göbələklərdən,
Köz üstündə kabab etmədim, dağlar.

Nə mal-qara gördüm, nə arxac gördüm,
Nə güney, nə qüzey, nə yamac gördüm,
Nə oxuyan kəklik, nə turac gördüm,
Mən də bülbül kimi ötmədim, dağlar.

Həsrət qaldım doğma qucağınıza,
Uzaqdan-uzağa növrağınıza,
Sizin o müqəddəs torpağınıza,
Üzümü doyunca sürtmədim, dağlar.

Buravar dağları, Keran zirvəsi,
Alı bəy nəslinin yurdu, qibləsi,
Atamın, anamın məhzun türbəsi
Önündə pörə tək bitmədim, dağlar.

Poemada xalq adət-ənənələri, ayrı-ayrı etnoqrafik detallar, mövsüm və mərasimlər, həmçinin bunlarla bağlı nəğmələr, inanclar, ağsaqqal-ağbirçək dünyası, əkinçilik və maldarlıqla bağlı bilgilər, folklardan, miflərdən gələn motivlər ümumilikdə xoş təsir bağışlayır və bütün bunlar XALQ OBRAZInın təcəssümünə xidmət edir. Xüsusilə, dini ziyarət ocaqları, pirlər haqqında poetik lövhələr maraqlı təsir bağışlayır. Haqq, Əqidə bayrağı kimi mənalandırılan simvol hazırda qeybə çəkilsə də, şüurlarda yaşayır.
Hafiz Rüstəmin poemasında keçmişlə, sovet həyat tərziylə bu gün arasında müəyyən müqayisələr aparılması da maraq doğurur. Bir az nostalgiya hiss olunsa da, hər halda, bunları təbii qəbul etməliyik. Sovet quruluşunun da müsbət cəhətləri vardı, amma bir sistem kimi öz qüsurları, əyintiləri ucbatından dağıldı və arzuladığımız müstəqilliyə nail olduq. Amma müstəqillik çağının da əzablı yolları var və bu yollarda bizi çox zaman gül-çiçək yox, hədsiz maneələr qarşılayır. Deyirlər ki, insan öz zəmanəsinə oxşayır və kapitalizm sisteminə alışmaq çox-çox bəlalarla qarşılaşdırır bizi: "Qılıncdan itidir tamah, rəqabət, Sağlam qüvvələri yıxır xəyanət. Piyada-piyada elm ilə sənət Milli parkdan gəlir, bulvardan gəlir". Ona görə də, müəllif insanları haqqa, ədalətə, öz dininə sadiq qalmağa səsləyir.
Poemada bir ANA obrazı da var ki, onun təsvirində Hafiz Rüstəm lirik boyalarını əsirgəmir.
Yerlə-yeksan olub, seçilməz olub
Torpağa qarışan məzarın, ana.
Sənə məndən yaxın, əziz kəs olub
Baş çəkir neçənci baharın, ana.

Əsir sərin-sərin səhər yelləri,
Üstündə göyərən otların üstən.
Bir bülbül titrədib könül telləri
Səninçün oxuyur "Yasin"mi qəsdən?

Hüzuruna səcdəm, qəmim, qübarım,
Təşvişim, təlaşım çata-çatmaya?
Gecikmiş, peşiman hıçqırlarım
Köksünə tikan tək bata-batmaya?

Dövranmı günahkar, mənmi günahkar?
Yoxsa günahları göz yaşım yuyur?
Tutub gözlərini həsrət, intizar,
Önümdə bir ANA TORPAQ uyuyur.

Poemada Yardımlıdan pərvaz edən -Azərbaycanda tanınmış söz-sənət adamları haqqında da söhbət gedir. Təbii ki, Xalq Şairi Sabir Rüstəmxanlı o elin, o bölgənin Azərbaycana bəxş etdiyi ən istedadlı şairdir. Amma Yardımlıda da ədəbi həyat sönməyib. Hal-hazırda Yardımlıda-əyalətdə yaşasalar da, Aslan Quliyevin, Sakit İlkinin yazıları müasir ədəbiyyatımızın maraqlı nümunələridir.
Hafiz Rüstəm Azərbaycanın tanınmış siyasi xadimi, görkəmli ədəbiyyatşünas Vəli Məmmədovu da unutmur, yüksək tribunalardan bir Vətən mücahidi kimi xalqı müstəqilliyə, mənəvi birliyə səsləyən bu gözəl insan təəssüf ki, aramızdan tez getdi.
Ümumiyyətlə, bu poema haqqında deyilməli fikirlər çoxdur. Hamısını deyə bilməsək də, deyə bildiklərimizi qısaca şərh elədik.
Vətən məhəbbəti, Azərbaycana sevgilər kiçik bir kəndə, balaca bir rayona, o kənddə və rayonda yaşayan insanlara, Dağa, Meşəyə, Zirvəyə, Qayalara, Gülə-Çiçəyə məhəbbətdən başlayır və "Bakıdan Yardımlıya səyahət" yaddaş-poemasında da Hafiz Rüstəm elə bu ideyanı şeir dililə ifadə edib:

Mənim göz açdığım balaca kənddən,
Ucqar əyalətdən başlanır Vətən.
Ordan yola çıxan, bitmək bilməyən
Seyrü səyahətdən başlanır Vətən.

Ana laylasından, ana dilindən,
Qorqudun çaldığı qopuz telindən,
Şumer yazısından, Oğuz elindən
Tarixi şöhrətdən başlanır Vətən.




TƏQVİM / ARXİV