BEŞ CANAVAR

FAİQ QİSMƏTOĞLU
29464 | 2014-09-06 01:14
...Uşaq vaxtı biz tez-tez "Selbasan" adlanan yerə gedərdik. Kənddən xeyli qıraqda olan həmin yerlərdə ağacların qalınlığından, otların çoxluğundan, qarğı və qamış əlindən tərpənmək olmurdu. Hələ mən kol-kosu, digər şeyləri demirəm. Kol-kosun üstündə ən çox böyürtkan olardı. Bu böyürtkənləri da biz yaşda uşaqlar dərər, evlərinə aparar, analarımız mürəbbə bişirərdi.
Bəzi həmyaşıdlarımız isə lap kəmhövsələlik edib elə böyürtkəni kolun üstündə dərib yeyərdi. Düzdür, əllərimizi kolun tikanları "dişləyərdi". Buna heç kim məhəl qoymaz və yenidən əllərimizi o tikanlı kol-kosa sarı uzadardıq. O vaxt əlimizi çəkərdik ki, ya qarnımızı doyurardıq, ya da ki apardığımız qabı böyürtkənlə doldurardıq...
Bir dəfə də uşaqlıq dostlarımızdan biri - Xudadat "Selbasan"a gedir. Kol-kosun arasından çoxlu böyürtkən dərir və qaba yığır. Bu vaxt kol-kosun arasından bir şaqqıltı gəlir. O da heç nəyə baxmadan "dabanına tüpürüb" evlərinə qədər qaçır. O qədər qaçır ki, az qala ürəyi ağzından çıxsın. Həmin an balaca qardaşı Sübhan onun rənginin ağardığını görüb soruşur:
- Ay Xudu, niyə belə rəngin ağarıb?! Həmişə evə qayıdanda rəngin-rufun açıq olardı. Amma indi qara bulud kimi dolmusan.
Xudadat handan-hana özünə gəlir və dillənir:
- Ay qardaş, rəngim necə qaçmasın? "Selbasan"da kolların arasında beş canavar gördüm. Qaçıb aradan çıxmasaydım canavarlar çoxdan məni parçalamışdı.
Qardaşı təəccüblə ona baxır:
- Xudu, "Selbasan"da canavar nə gəzir? Orda uzaqbaşı olsa-olsa çaqqal-çuqqal, ya da tülkü görünə bilər.
Xudadat isə dili ağzına sığmadan deyirdi:
- Sən uşaqsan, qanmırsan. Mən o qədər canavar görmüşəm ki, uzaqdan baxan kimi bilirəm ki, o canavardı, ya yox.
Xudadatın söz-söhbətinə və hay-harayına qonşu uşaqlar yığışır. Deyirlər ki, gedək o canavarı bizə göstər. Aralarında olan fərasətli bir uşaq dədəsinin tüfəngini də götürür. Hamısı gəlib çıxırlar "Selbasan"a və Xudadatın dediyi kolluğun yanına. Əvvəlcə bir az ehtiyat edib uşaqlardan heç birisi kolluğa yaxınlaşmır. Diqqətlə fikir verib görürlər ki, doğrudan da kolluğun arasında nəsə tərpənir.
Ürəkli uşaqlardan biri yavaş-yavaş kolluğa sarı gedir. Əlini də tüfəngin tətiyində hazır vəziyyətdə saxlayır. Düşünür ki, birdən Xudadatın dediyi düz çıxar və canavarlar ona hücum edər. Kolluğa bir-iki metr qalmış yenə ordan şaqqıltı gəlir. Uşaq tez tətiyi çəkir və güllə açılır, düz kolluğa sarı. Baxıb görürlər ki, bir kirpi qan içindədi.
Tüfəngi atan uşaq bərk dilxor olur. Sonra da əlini uzadıb kolluğun arasında qanın içində olan kirpini çıxarır, amma hər şey gec idi. Kirpi çoxdan canını tapşırmışdı. Uşaqlar nifrət hissi ilə Xudadatın üzünə baxırlar:
- Bəs deyirdin kolluqda beş canavar görmüsən, budur canavar?!
Xudadat başını qaşıyır və kolluğu göstərib deyir:
- Dədəmin canı üçün mən orda qaraltı gördüm. Elə fikirləşdim ki, yəqin canavardı, cumub məni parçalayacaq. O günü də qonşumuz Musa kişi deyirdi ki, "Selbasan"da canavarlar Qurban kişinin qara erkəyini parçalayıb.
Ətrafdakı uşaqlar yenidən Xudadatı "topa-tüfəngə" tuturlar. Axırda Xudadat deyir ki, ay zalım uşağı, məndən nə istəyirsiniz, gördüm ki, kolluqdan şaqqıltı gəlir mən də qorxub qaçdım. Tay buna görə məni öldürməyəcəksiniz ki?
Üç gündən sonra kəndə səs yayıldı ki, "Selbasan"da Pəsi kişinin atını canavarlar yeyib, amma onu da heç kim görməmişdi. Sadəcə olaraq "Selbasan"da o qədər qalın kol-kos, qamış və ağaclıq vardı ki, onun vahiməsindən insanlar qorxuya düşürdü. Heç kim tək "Selbasan"a getməzdi. Və heç kim də gözü ilə orda canavar görməmişdi.
Bir də ki, bu uşaqlar hər gün bir şey uydururdular. Bir dəfə də Tubunun oğlu Dilavər və Yavər kənddəki zastavaya gəlib demişdilər ki, "Selbasan"da "şpion" görüblər. Çünki o vaxtı bizə "şpion" barəsində çox şey danışırdılar. Biz də elə bilirdik ki, bu "şpion" "Selbasan"dakı kolluqda gizlənir. Tubunun oğlanları zastavaya xəbər edən kimi əsgərlər avtomatı götürüb təlim görmüş itləri qabağına salaraq həmin istiqamətə üz tutdular. Oranı-buranı nə qədər axtardılar bir şey tapmadılar. Əsgərlər zastavaya qayıtdılar və bu əhvalatdan sonra tay bizə inanmadılar. Çünki bizim gözümüzdə "Selbasan"da ya canavar görünürdü, ya da "şpion". Hərdən bir zastavanın naçalnikinin ürəyi yumşalanda biz uşaqları kinoya baxmağa buraxırdılar. Ancaq həmin hadisədən sonra tay bizi naçalnik kinoya baxmağa icazə vermədi. Elə biz də həmin gündən Tubunun oğlu Dilavərlə və Yavərlə davaya başladıq. Dedik ki, siz olmasaydınız bu "şpion" məsələsini naçalnikə çatdırmasaydınız indi qəşəng-qəşəng kinolara baxırdıq.
... Yay vaxtı olduğuna görə zastavada filmləri həyətdə göstərirdilər. Biz də ayağımızın altına daş qoyub hasardan boylanaraq o filmlərə baxırdıq. Əsgərlərin bizə rəhmi gəldiyi üçün ayağımızın altına qoyduğumuz daşa qalxıb kinoya tamaşa etməyə əngər törətmirdilər. Bax, beləcə beş canavar və "Selbasan"dakı "şpion" əhvalatı əlli ildir yadımızdan çıxmır. Çünki adamı qara basanda o nə desən danışa bilər. Qarabasmalar isə biz uşaqların həmişə ən çox xoşladığı anlar olub. İndi o anlar əlli il bundan əvvəldə qalıb və hər an görüşəndə yenidən yadımıza düşür və biz təzədən həmin günlərə qayıdırıq...


TƏQVİM / ARXİV