adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Ömür köynəyi

XURAMAN HÜSEYNZADƏ
22520 | 2014-09-06 14:09
Fəsillərə uyğun dəyişir əhvalımız. Məsələn, xeyir iş etmək istəsək payızı seçərik barlı-bərəkətli olduğu üçün. Deyərik ki, aprel-ac aydır, may-ağır. Qış soyuqdur, yay istdir və sair...
Avqustun istiləri bizi canımızdan usandırdıqca yayın yol üstdə olması-gethageti ilə təsəlli tapdıq. İstilər azaldıqca günlər gödəlməyə başladı. Artıq payızın nəfəsi dəyir üzümüzə... Sərin küləklər payızın salamını gətirir. Günəş buludlardan o yanda gizlənməyi öyrənir bu aralar...
Biz istilərdən qopub sərinliyə can atırıq. Bir fəsildən bezib o biri fəsili qarşılamağa hazırlaşırıq. Planlar qurur, yeni arzularla yaşayırıq. Fərqində olmuruq ki, bu günlər sap kimi sökülür ömrümüzün köynəyindən. Axı məsələn, 2014-cü ilin avqustun 31-nin saat 16-sının 10-cu dəqiqəsinin 15-ci saniyəsini heç vaxt yaşamayacağıq! Heç vaxt! Beləcə, bu "köynək" sökülə-sökülə yox olacaq və sonra əynimizə 3-4 metr ağ geydirib torpağa əmanət edəcəklər. Bizim bu gözəl dünyadan nə zamansa ayrılmaq kimi ortaq bir lüksümüz var, əziz insanlar!!!
Təsəvvür edirsizmi, günəşi görmək üçün bir gün gözümüzü aça bilməyəcəyik... Düşünmək belə dəhşətdir. Bütün dünyadan gedənlərin məkanı cənnət olsun. Yaşamağımız həm də öz əlimizdədi. Ən azından əlimizdə olanlardan yararlana bilərik. Boş şeylərə, mənasız mübahisələrə, əsəbimizə toxunan adamlara fikir verməmək öz əlimizdə deyilmi? Virtual aləmdə əsəb keçirənləri heç cür başa düşmürəm. Zərrə qədər əsəbimizə toxunacaq adam bizim sağlamlığımızdan önəmlidirmi? Neyləmək lazım olduğunu izah etməyə gərək yoxdu: "ignor" düyməsi əlimizin altındadı. Yaxud yediyimiz qidalara fikir vermək bu qədərmi çətindi?
Bugünlərdə dünyasını dəyişən doktor Əlfəddin Abdullayevin məşhur bir sözü var: "Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan".
Ən böyük xoşbəxtlik-sağlamlıqdır. Gerisi boş.
Payız gəlir. Qızılı, əlvan payız. Belə gözəl fəsildə pessimizmin, depressiyaya düşməyin heç yeri yoxdu. Biz bu gözəllikləri bir də düz bir ildən sonra görəcəyik. Tanrı ömür versin, təki...
Sonbaharınız mübarək!!!

TƏQVİM / ARXİV