adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AZƏRBAYCAN POLİSİNİN FƏALİYYƏTİ XALQA VƏ DÖVLƏTÇİLİYƏ SƏDAQƏT NÜMUNƏSİDİR

MƏZAHİR ƏHMƏDZADƏ
65894 | 2014-09-06 01:08
Azərbaycan polisi yarandığı ilk günlərdən uzun illər boyu keşməkeşli yol keçərək müasir səviyyəyə çatmışdır. Elə bu səbəbdəndir ki, dövlətçiliyə və xalqa sədaqət nümunəsi göstərən doğma polisimiz öz fəallığı ilə daim diqqət mərkəzindədir. Daxili sabitliyin və asayişin qorunmasında müstəsna rolu olan Azərbaycan polisinin fəaliyyətinə xüsusi münasibət göstərilir. Son illər cinayətkarlığa qarşı mübarizədə qazanılan uğurların başlıca səbəblərindən biri də polisin xalqla daha da yaxınlaşması, xalqdan dəstək almasıdır. Bir zamanlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan polisinin gələcəyi barədə söylədiyi inamlı və dəyərli fikirlər özünü ən yüksək səviyyədə doğrultmuşdur. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də həmişə Azərbaycan polisinin fəaliyyətini qiymətləndirir, müasirləşməsini, bu istiqamətdə inkişaf edən xarakterik xüsusiyyətlərini nümunə göstərir. Cinayətkarlığın qarşısının alınması üçün gündəlik iş rejimi, proflaktika və eyni zamanda baş vermiş cinayət hadisələrinin açılması uğrunda gecəli-gündüzlü mübarizə polisin gerçək xarakterini əks etdirir.

Prezidentimizin apardığı ardıcıl daxili və xarici siyasətin uğurları polis orqanlarını da xeyli ruhlandırmışdır. Cənab Prezidentin hüquqi dövlət quruculuğumuzun müasirləşməsi və dövlətçiliyin qorunması ilə bağlı fərman və sərəncamları polis həyatının gündəlik fəaliyyət proqramına çevrilmişdir.
Azərbaycan polisi bu gün görkəmli dövlət xadimi, general-polkovnik Ramil Usubovun rəhbərliyi altında cinayətkarlığa qarşı mübarizə və asayişin qorunması istiqamətində daha ciddi nəticələr uğrunda mübarizə aparır. Bunun nəticəsidir ki, paytaxt Bakıda, eləcə də respublikanın bir sıra şəhər və rayonlarında proflaktik və əməliyyat-axtarış istiqamətli tədbirlərin effektliyi yüksəlmiş, qazanılan uğurlarda real əksini tapmışdır. Məhz polis orqanlarında fəaliyyətin belə bir yüksəlişinin, müasirləşməsinin nəticəsidir ki, Azərbaycan Respublkasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubov analoji tədbirlərdəki çıxışlarında demişdir: "Artıq neçə illərdir ki, Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunmasında dünyanın öncül dövlətlərindəndir. Bütün bunlar ölkədə uğurla gedən qanunçuluq işlərinin, iqtisadi yüksəlişin, əhali və vətəndaş cəmiyyəti institutları ilə səmərəli işgüzar əlaqələrimizin müsbət nəticələridir".
Kürdəmir Rayon Polis Şöbəsində də fəaliyyətin ana xəttini DİN rəhbərliyinin dövlətçilik və strateji mövqeyi təşkil edir. İctimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə öz fəallığı ilə son illər diqqət mərkəzində olan Kürdəmir polisi çoxistiqamətli fəaliyyət baxımından yeni uğurlar sorağındadır. Dövlətçiliyə və xalqa sədaqətində fəadakarlıq nümunəsi göstərən şəxsi heyət ictimaiyyətin rəğbətini məhz bu istiqamətdə əldə etdiyi nəticələrlə müəyyənləşdirməkdədir.
Təbii ki, uğurların qazanılmasında şöbənin rəisi, polkovnik Oqtay Məmmədovun təcrübəsini və rəhbərlik səriştəsini xüsusi vurğulamaq lazım gəlir. Polis rəisi cinayətkarlığa qarşı mübarizədə rayonun digər hüquq-mühafizə orqanları ilə əlbir fəaliyyətin əhəmiyyətini vacib fakt kimi dəyərləndirir. Bütün bunlar rayonda peşəkarcasına həll edilir və arzulanan mühitin saflığına xidmət göstərir.
Əsas məsələ nədən ibarətdir? Məqsədə doğru, yəni cinayətkarlığa qarşı mübarizə işində hər zaman düzgün istiqamət götürülməsi əhali arasında inam və etibarı yüksəltmişdir. Müasir metodların tətbiqi, prinsipiallıq, vətəndaş müraciətlərinə, ərizə və şikayətlərə operativ və normal münasibət göstərilməsi indi rayonda hər kəsi razı salan məsələlərdir. Bütün bunlar oğurluq cinayətlərinin azalmasında, narkomaniyaya qarşı barışmaz mübarizədə, şəxsiyyət əleyhinə yönəlik cinayət hallarının demək olar ki, əsasən aradan qaldırılmasında özünü daha açıq göstərir. Fəaliyyətin bu istiqamətlərinə uyğun bəzi faktları da diqqətə çatdıracağıq. Ancaq buradaca bir məsələni də xüsusi vurğulamaq lazım gəlir ki, polis rəisinin özünün də etiraf etdiyi kimi, əməliyyat-axtarış və ictimai təhlükəsizlik bölmələrinin əməkdaşlarından yüksək peşəkarlıq nümunəsi tələb olunur. Təbii ki, digər sahələrin də fəaliyyətindən eləcə. Hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini ciddi qəbul etməlidir. İntizamın yüksəlməsi nəticə etibarı ilə baş vermiş cinayətlərin isti izlərlə açılmasında öz nəticələrini verməkdədir. Bu mənada bəzi statistik göstəricilərə diqqət yetirsək, daha aydın təsəvvür yaranar.
2014-cü ilin 8 ayı ərzində Kürdəmir Rayon Polis Şöbəsində 112 cinayət hadisəsi qeydə alınmış və indiyədək cinayət hadisələrinin açılması 91,5 faiz təmin olunmuşdur. Diqqətəlayiq haldır ki, müddət ərzində qeydə alınan ağır və xüsusilə ağır cinayətlərdən heç biri bağlı qalmamışdır. Bu göstəricilərin dinamikası şöbə əməkdaşlarının son dövrlərdəki gərgin və məqsədyönlü fəaliyyətini bir daha diqqətə çatdırır.
Polis rəisinin səmimiliyi, eyni zamanda tələbkarlığı və prinsipiallığı şöbədə peşəkar və işgüzar bir şərait yaratmışdır. Bu səbəbdəndir ki, bütün şəxsi heyət öz fəaliyyəti ilə polisin şərəfini uca tutmağa, cinayətkarlığa qarşı mübarizədə nümunə göstərməyə çalışır. Vaxtında görülən tədbirlərin, aparılan mübarizənin nəticəsidir ki, rayonda artıq quldurluq, soyğunçuluq, oğurluq kimi ağır cinayətlərin kəskin azalması, bəzilərinin isə, demək olar, sıfır həddinə yaxınlaşması müşahidə olunur. Məsələn, keçən il dekabr ayının 20-də Kürdəmir şəhərində anadan olmuş və əvvəllər məhkum edilmiş tüfeyli həyat sürən Sadıq Sadıqov, tanışı Xəyal Hüseynovla əlbir olaraq Kürdəmir şəhər sakini, qoca və köməksiz vəziyyətdə olan Vəzifə Talıbovaya qarşı silahlı basqın edərək onun xeyli miqdarda pul vəsaitini və qızıl-zinət əşyalarını alaraq quldurluq cinayəti törətmişdilər. Eyni zamanda onlar qadına xəsarət yetirməklə sağlamlığına da təhlükə yaratmışdılar. Ciddi rezonans verən bu quldurluq hadisəsi peşəkar cinayətkarlar tərəfindən hazırlanaraq törədilməsinə baxmayaraq, şöbə əməkdaşlarının əzmkarlığı nəticəsində qısa vaxt ərzində açılmış, quldurlar tutularaq layiqli cəzalarını almışlar.
Eləcə Kürdəmir rayon sakinləri Ceyhun Musayevin, Cavid Nağdalıyevin, Fariz Abdullayevin, Vüqar Səfərovun, Amil Salahovun, Vüqar Şirinovun, Sərvət Əliyevin, Əliş Səlimovun və başqalarının törətdikləri bir çox quldurluq, soyğunçuluq və təkrar-təkrar oğurluq cinayətləri aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üzə çıxarılaraq sübuta yetirilmiş, cinayətkarlar həbs olunaraq istinataqa verilmiş, rayon ərazisində əvvəllər törədilərək bağlı qalmış cinayət hadisələri istiqamətində də tədbirlər davam etdirilmişdir. Bir məsələni xüsusi qeyd etmək lazım gəlir ki, törədilən bu cinayət hadisələrinin hər biri istər kriminal xüsusiyyətləri, istərsə də Kürdəmir polisinin əzmkar mübarizəsi baxımından ayrı-ayrılıqda bir qəzet məqaləsinin mövzusunu təşkil edir. Yəni bütün bunları bir silsilə kimi təqdim etməyin özü də olduqca çətin məsələdir, hadisələrin motivi və mübarizə əzmkarlığı ayrı bir jurnalistik yanaşma tələb edir.
Əvvəllər cinayət törədərək məsuliyyətdən gizlənən şəxslərin tapılıb tutulması istiqamətində yüksək fəallıq nümunəsi göstərilir. 2013-cü ildə axtarışda olan 28 nəfərdən 22 nəfəri, bu ilin 8 ayı ərzində isə 18 nəfərdən 12 nəfəri tutularaq istintaqa verilmişdir.
Fəaliyyətin bütün istiqamətlərinə paralel olaraq Kürdəmir rayonunda narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Polkovnik O.Məmmədov Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin edilərkən ilk öncə onu təəccübləndirən göstəricilərdən biri məhz bu ərazidə narkomaniya cinayətlərinin qeyri-müəyyən və reallıqdan uzaq statistikası olmuşdur. Əhalisi 120000 nəfərə yaxın olan Kürdəmirdə il ərzində 10-11 narkomaniya faktının qeydə alınması rəis üçün inandırıcı görünməmişdir. Elə ilk tədbirlərin birində rayonun Söyüdlər kənd sakini Füzuli Əsgərovun həyətyanı sahəsində 166 ədəd, çəkisi 31 kq olan çətənə kolları, yaşayış evindən isə 1 kq 25 qr çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürlümşüdür. Bundan sonra narkomaniyaya qarşı mübarizə daha da intensivləşmiş, 2013-cü ildə bu sahədə aşkar edilmiş 24 cinayət faktı üzrə 15 nəfər cinayət məsuliyyətinə cəlb edilməklə 1557,33 qram qurudulmuş marixuana, 121,981 qram heroin, 103,35 qram tiryək qanunsuz dövriyyədən çıxarılmışdır. Yaşıl kütləsi 31 kq 632,08 qram çəkidə olan 170 ədəd çətənə kolları aşkar edilib götürülmüş və narkotik xassəli bitkilərin kultivasiya edilməsi cinayətləri üzrə 4 fakt qeydə alınmışdır.
2014-cü ilin 8 ayı ərzində görülmüş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 23 fakt (ötən ilin eyni dövründə 20 fakt) qeydə alınmışdır. Onlardan 8 fakt saxlama, 11 fakt satış məqsədli, 4 fakt isə narkotik xassəli bitkilərin əkilib-becərilməsi ilə əlaqədar olmuşdur. Bununla da qanunsuz dövriyyədən külli miqdarda - 1803,93 qr narkotik maddələrin və 40 ədəd çətənə bitkisinin çıxarılması mümkün olmuşdur. Cinayəti törədənlər də cəzasız qalmamışlar (Bütün bunlar barədə başqa bir yazımızda daha geniş şəkildə söhbət açacağıq).
Polis işçiləri bu il bütün Kürdəmir əhalisini razı salan mühüm bir tədbir həyata keçirərək xalqına və dövlətinə necə sədaqətlə xidmət göstərdiklərini bir daha sübut etmişlər. Son vaxtlarda keçirilmiş bir sıra tədbirlərlə guya kriminal aləmdə "seçilmiş şəxslər"lə müntəzəm əlaqədə olmaqla qanunsuz silah saxlayan, əhalinin bəzi təbəqələrində qorxu yaradan, ayrı-ayrı şəxslər arasında müxtəlif məzmunlu "razborkalar" aparan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan rayon sakinləri Ramil və Rahim İslamov qardaşları ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Göründüyü kimi, Kürdəmir polisinin əməkdaşları cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətləri üzrə gecəli-gündüzlü mübarizə aparır, asayişin keşiyində ayıq-sayıq dayanaraq xalqa və dövlətçiliyə sədaqət nümunəsi göstərirlər.



TƏQVİM / ARXİV