adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

KİTAB OĞRUSU

MAHİR QABİLOĞLU
42471 | 2014-09-05 01:22
(hekayə)

Bu əhvalat çoxdan baş verib. Sovet dövründə Biləcəridə kitab mağazasının müdiri işləyirdim. Dükan balaca olduğundan cəmi bir satıcım vardı. Günlərin bir günü gəldi ki, bəs bir aydan sonra dekretə - analıq məzuniyyətinə çıxıram. Mən də işimi bilib başladım satıcı axtarışına. İşləmək istəyən çox idi. Amma eləsini tapmalıydım ki, həm əli təmiz olsun, həm də kitabı sevsin. Axtarışda ikən mağazaya bir oğlan daxil oldu:
- Salam, Fikrət müəllim.
- Salam.
- Elanı oxudum. Məni satıcı götürərsinizmi?
- Adın nədir?
- Füzuli.
- Əvvəllər bizim sahədə işləmisən?
- Xeyr. Tələbəyəm. Axşam şöbəsində oxuyuram. Dərsim də bir gündən birdir. Pula ehtiyacım olduğu üçün işləmək istəyirəm. Axşam dərsə getdiyimə görə gecə gözətçisi düzələ bilmirəm.
- Bacaracaqsan?
- Çalışaram.
- Nə çalışmaq. Bura uşaq bağçası-zad deyil e. Riyaziyyatı yaxşı bilirsən?
- Bəli, Fikrət müəllim, o baxımdan narahat olmayın. Elə şeylərdə düzəm.
- Kitabı necə, sevirsən?
- Çox. Kəndimizin kitabxanasında kitab qalmamışdı, hamısını oxumuşdum.
- Əhsən. Onda belə elə. Lazım olan sənədləri yığ, cümə günü gəl "Azərkitab"ın idarəsinə. Yaxşımı?
- Baş üstə. Çox sağ olun, Fikrət müəllim.
Tələbə sevinə-sevinə otağımdan çıxdı. Öz institut illərim yadıma düşdü. O beş ildə nə işləməmişdim ki, gözətçi, tikintidə fəhlə, qaynaqçı köməkçisi... Yaxşı başa düşürdüm Füzulini. Ona görə də kömək eləməyə qərar verdim.
Vədələşdiyimiz kimi, cümə günü idarənin qabağına gəldi. Kasıbyana, amma səliqəli geyinmişdi. Çox həyəcanlı idi. Lap ilk görüşə gedənlər kimi. İdarəyə girdik. Ərizə yazdı. Lazım olan müqaviləni imzaladı. Təzə əmək kitabçası açdılar. Ordan da birbaşa gəldik dükana. Analıq məzuniyyətinə gedən qızla təhvil-təslim etdik. Füzuli oldu mənim satıcım.
Səhər onun yarısında gəlir. Dükanı açır. Təzə gələn kitabları rəflərə düzür. Xadiməyə nəzarət edirdi. İlk günlərdə bir narazılığım yox idi ondan. Əksinə ağır kitab bağlamalarını daşımaqda köməkçim idi. Kişi xeylağı olduğu üçün lap arxayın idim dükandan. Amma bircə şey narahat edirdi məni. Hər dəfə dükana girəndə hövllü ayağa durur, rəngi-rufu ağarırdı. Dəqiq desək əsirdi. Nəsə pis iş tutmuş biri kimi məni görəndə əsirdi. Başa düşmürdüm niyə belə edir.
Dükanın vitrinindən Füzulini izləməyə başladım. Gördüm ki, piştaxtanın arxasında oturub. Başını stola dayayıb. Beləcə yarım saat gözlədim. Tərpənmədi. Bir saat göz qoydum yenə də tərpənmədi. Ancaq mağazaya kimsə daxil olsaydı başını qaldırar, ayağa durardı. Sonra yenə də əvvəlki yerinə oturar, başını piştaxtaya qoyub eləcə quruyardı. Mən isə mağazaya girəndə tez ayağa qalxar, rəngi-rufu ağarar, əlləri əsər, sifətini soyuq tər basardı. Soruşmağa da qorxurdum ki, birdən ürəyi gedər. Ağlıma yüz fikir gəlirdi. Bəlkə piştaxtanın arxasında başqa işlərlə məşğuldur. Ya da ki, kassadan oğurluq edir. Axı, məndən niyə qorxmalıydı ki? Söymürdüm, döymürdüm. Heç buna səbəb də yox idi. İşindən razıydım Füzulinin. Üstündən bir az keçəndən sonra özünə gəlirdi. Çay dəmləyəndə onu da şokolada, keksə qonaq edirdim. Deyirdi, gülürdü. Əvvəlki əsməyindən əsər-əlamət də qalmırdı. Soruşmaq da istəyirdim, amma çəkinirdim. Bəlkə nəsə xəstəliyi var? Düzü ayın axırını gözləyirdim ki, otçot-uçot edim. Beləcə bir ay keçdi. Kitabları saydıq. Vurdum-çıxdım, gördüm ki, qəpiyinə söz ola bilməz, hər şey qaydasındadır. Bəs onda Füzuli məni görəndə niyə bu günə düşür? Nəsə bu suala cavab tapa bilmirdim.
Günlərin bir günü "Azərkitab"a çağırdılar. Mühasibat sənədlərində nəsə səhv getmişdi. Özü də ki, özlərinin səhvi ucbatından. Taqsırı isə mənim boynuma atmaq istəyirdilər. Çənə-boğazdan sonra axır ki, səhvlərini sübut elədim. Amma nə olsun ki, yenə kəsiri ayağıma yazdılar. Dedilər ki, defisit kitablar artıq verərik kəm-kəsiri örtərsən. Geri mağazaya döndüm. Amma hirsim soyumamışdı. İçəri girəndə Füzuli adətincə tez ayağa qalxdı, yenə rəngi-rufu ağardı, əlləri əsməyə başladı. Bu hirsindən patlayan məni daha da özündən çıxartdı. Dilimin əzbəri olan sözlə:
- Ə, düdüy! Neyləyirsən piştaxtanın arxasında gizlin-gizlin? Həə? Nə vaxtdır izləyirəm səni. Nə oyun çıxarırsan orda?
- Heç nə, Fikrət müəllim, vallah heç nə eləmirəm.
- Keç bu yana, görüm nə var orda!
- Vallah, heç nə yoxdu.
- Çıx piştaxtanın arxasından!
Füzuli piştaxtanın arxasından çıxdı. Əsməyi bir az da artdı. Elə hey "vallah, heç nə eləməmişəm" deyə-deyə qalmışdı. Piştaxtanın arxasına keçdim. Heç nə yox idi. Yerə açıq şəkildə bir kitab düşmüşdü. Əlimə götürdüm.
- Bu nədir?
- Teodor Drayzerin "Kerri bacı" kitabıdır.
- Demirəm e kimin kitabıdır. Bunu niyə yerə atmısan? Əzilsə kim alacaq bunu?
- Fikrət müəllim, siz Allah bağışlayın. Çıxartmayın məni işdən. Pula ehtiyacım var.
- Bağla dükanı içəridən, gəl otağıma.
Füzuli tez mağazanı bağlayıb otağıma gəldi. Yenə də həyəcanlıydı. Mən onun bu həyəcanının səbəbini öyrənmək istədikcə əsməyi daha da artırdı. Bu da məni qorxuzurdu. Qorxurdum ki, ürəyi-zadı gedər, günahı üstümdə qalar.
- Fikrət müəllim, siz Allah məni bağışlayın. Qələt eləmişəm. Bir də eləmərəm.
Satıcının bu sözləri məni daha da özümdən çıxarırdı. Axı nə qəbahət edib, nə qələt eləyib? Bu suala cavab ala bilmirdim.
- Nə eləmisən axı sən? Piştaxtanın arxasında nə edirdin ki?
- Kitab oxuyurdum, Fikrət müəllim.
- Nə?!
- Kitab oxuyurdum.
- Başa düşmədim.
- Rəfdə satışa qoyulan kitablar var e, onlardan bir-bir götürüb oxuyurdum. Bilirəm olmaz, səhvim böyükdür. Oğurluq sayılır. Siz Allah bağışlayın məni. Bir də götürüb oxumaram.
- Sən məni dolamısan, düdüy. Düzün de, piştaxtanın arxasında nə edirdin ki, hər dəfə əsmə-qorxuya düşürsən.
- Vallah, kitab oxuyurdum. Bilirəm ki, olmaz. Bağışlayın məni. Bir də oğurlayıb oxumaram.
- Ə, bura bax, necə yəni olmaz. Kim deyir olmaz.
- Fikrət müəllim, vallah pulum yoxdur ki, alım oxuyum, kasıbçılıqdır. Ona görə də sizdən gizlənib, daha doğrusu kitabı oğurlayıb oxuyurdum. Axı, bura kitabxana deyil. Bura kitab mağazasıdır. Burda gərək kitabı pulunla alasan, sonra oxuyasan. Mənim də pulum yoxdur. Var e, maaşım ancaq yeməyimə çatır.
Lap məəttəl qalmışdım. Demə səhərdən "günah işlətmiş" saf, təmiz kənd uşağının "etiraf"larına qulaq asırmışam. Pul ödəmədən kitabı götürüb oxumağı oğurluq hesab edirmiş. Gözlərim doldu. Ağlamağımı güclə saxladım. Heç nə deyə bilmədim. Əlimlə işarə etdim ki, otaqdan çıxsın. Füzuli pərt vəziyyətdə gedib yerində oturdu. Mağaza bağlanana yaxın ona yaxınlaşdım.
- Füzuli, bir dostumun ad günüdür. Ona kitab bağışlamaq istəyirəm. Hansıları məsləhət görərdin?
- Fikrət müəllim, o qədər maraqlı kitab var ki... Hamısını.
- Onda bu gündən sonra gizlincə kitab oxuma. Piştaxtanın altı qaranlıqdır. Gözün xarab olar. Hansı kitabı istəyirsən götür oxu. İcazə verirəm, lap evə də apar. Mağazadakı bütün kitablar qurbandır sənə.
Üstündən illər keçdi. Füzuli ali məktəbi bitirib kəndlərinə döndü. Çox satıcılarım oldu. Amma onun kimi "kitab oğrusu"na rast gəlmədim ki, gəlmədim.

TƏQVİM / ARXİV