ÜRƏKLƏRDƏ İZİ QALDI

FAİQ QİSMƏTOĞLU
66933 | 2014-09-04 02:46
Deyirlər ki, Allah-Təaladan, valideynlərdən sonra insana ən yaxın olan müəllimdir. Müəllim də valideyn qədər insanın üstündə əziyyət çəkir, ona elm öyrədir, tərbiyə verir və cəmiyyətə vətənpərvər insan hazırlayır. Görəsən müəllimdən çox əziyyət çəkən, şagirdlərinin üstündə yarpaq kimi əsən, ömrünü şam kimi əridən, saçını-saqqalını ağardan ikinci bir peşə sahibi varmı? Onların qazandıqları əsəb, qan qaraçılığı və xəstəlik olur. Ancaq görəndə ki, şagirdləri savadlıdır, tərbiyəlidir və cəmiyyətdə layiqli yer tutub, bax onda o müəllimlərin ürəyi açılır və özlərini çox rahat hiss edirlər.
Bizə - Süleyman İsmayılova, Şirxan Adıgözəlova, Vaqif Bəhmənliyə, Şükür Şənola, Əbdürrəhim Əzizova, Azad Ələkbərova, Kamran Əhmədova dərs deyən sonuncu müəllim də - Cavanşir Camal oğlu Əliyev də Allahın dərgahına qovuşdu. Artıq bu gün onun haqq dünyaya qovuşmasından yeddi gün ötür. Bu yeddi gündə onu istəyənlərin nələr çəkdiyini bir Allah bilir, bir də onların özləri...
Füzuli rayonunun Böyük Bəhmənli kəndində bizə dərs deyən müəllimlərin əksəriyyəti haqq dünyasına qovuşub. Bir daha onların bəzilərini yada salmaq istəyirəm: Əvəz müəllim, Cəlal müəllim, Cəmil müəllim, Nuğay müəllim, Qəzənfər müəllim, Ənvər müəllim... Sonuncu isə Cavanşir Əliyev oldu.
Cavanşir Əliyev 1937-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Ali məktəbi bitirəndən sonra kənd orta məktəbində riyaziyyat müəllimi işləyib. Nə az, nə çox düz 55 il pedaqoji fəaliyyətlə məşğul olub. Sovet dönəmində bir müddət rəhmətlik Əvəz Əliyevdən sonra Böyük Bəhmənli kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb. Qeyri-adi qabiliyyəti və riyaziyyat elminə dərindən bələd olması ona rayonda böyük nüfuz qazandırıb.
İndiyə kimi yaxşı yadımdadır. Biz orta məktəbdə 10-cu sinifdə riyaziyyatdan buraxılış imtahanı verəndə imtahana düşən məsələlər və misallar çox çətin idi. Hətta rayon mərkəzində belə bu məsələləri həll etməyi bir çox riyaziyyat müəllimi bacarmadı. Ancaq Cavanşir müəllim 10-15 dəqiqənin ərzində mürəkkəb riyazi funksiyaların və məsələlərin həllini tapdı. O deyirdi ki, riyaziyyat poeziya kimi bir şeydi. Amma poeziyanı çoxları başa düşür, anlayır, riyaziyyat çətin olduğu üçün hər adam bu qeyri-adi gözəlliyi, hissləri duya bilmir. Elə ki hər hansı bir triqonometrik funksiyanı, riyazi məsələni həll edirsən, bax, onda özünü göyün yeddinci qatında bilirsən.
Mən yalan deyə bilmərəm, heç vaxtı riyaziyyatı humanitar elmlər qədər mükəmməl bilməmişəm. Ona görə də rəhmətlik Cavanşir müəllimin dediyi ləzzəti hiss eləməmişəm. Həmin ləzzəti mənim bibim oğlum Təbriz Süleymanov hiss eləyib. Çünki o, riyaziyyatı beş barmağı kimi bilirdi. O, evdə məsələ və misalları həll eləyir, biz də ondan köçürüb Cavanşir müəllimdən beş alırdıq. Amma bunların hamısını Cavanşir müəllim çox yaxşı bilirdi. Sadəcə olaraq, əmiuşağı olduğumuza görə bizim qəlbimizə dəymirdi.
Dəfələrlə onun şagirdləri və məzunları respublika səviyyəli riyaziyyat müsabiqələrində yüksək yerə layiq görülüblər. Cavanşir müəllim də bu şad xəbəri eşidəndə sevincindən ürəyi dağa dönərdi. Deyərdi ki, müəllimin ən böyük qazancı onun şagirdinin ali məktəbə qəbul olması və yüksək mövqe tutmasıdır. Bu gün respublikanın hər yerində Cavanşir müəllimin dərs dediyi məzunlar çalışır. Onların arasında elmlər namizədi də var, prokuror da, general da, iş adamı da. Cavanşir müəllim öz şagirdlərinin qəlbində əbədi iz qoyub. Şirin zarafatları, duzlu söhbətləri ilə bizim hamımızın yaddaşında qalıb. Hələm-hələm o, adam vurmazdı. Həddindən çox əsəbiləşəndə pambıq kimi yumuşaq əli ilə yavaşca sifətimizə şirin bir şillə vurardı. Bəzən də onun qolu ağrıdığına görə bu şillədən vaz keçərdi və deyərdi ki, dərsinizi oxuyun, adam olun!
Onun yurdunda çox dəyərli, savadlı və ziyalı övladları var. Hətta müəllim olaraq onun yolunu davam etdirən qızı bu gün Cavanşir müəllimin gözəl ənənələrini yaşadır. Oğlu Aləmşah Əliyev isə orta məktəbi qızıl medalla bitirib və Bakıda məsul vəzifədə işləyir.
O da yaxşı yadımdadır ki, Cavanşir müəllimin neçə oğul övladı olurdusa, 2-3 yaşlarına çatandan sonra dünyasını dəyişirdi. Hər dəfə də rəhmətlik Cavanşir müəllim halal yolla qazandığı puldan ətək-ətək xərcləyir, lakin uşaqlar bir müddətdən sonra dünyasını dəyişirdi. Bir dəfə də bir oğlu dünyaya gəldi, adını Aləmşah qoydular. Cavanşir müəllim mənim atamla əmioğlu idi. Atam bir gün dedi ki, axşam yuxuma ağsaçlı bir adam girdi və dedi ki, sən Cavanşirin oğluna qurban de, o uşağa heç bir şey olmayacaq. Atam da səhəri günü gördüyü yuxunu bizə danışdı və qurbanını dedi. Bir müddətdən sonra həmin qurbanı kəsdilər, uşaq da böyüyüb orta məktəbi bitirdi.
İnsana təsəlli olan onun bu dünyada elədiyi yaxşılıq və bir də övladlarıdı. Rəhmətlik Cavanşir müəllim bir adamın toyuğuna kiş deməmişdi, bir qarışqanı ayaqlamamışdı. Təbii ki, bu cür gözəl, saf insandan ancaq xoş xatirələr və yaddan çıxmaz anlar qalır.
İndi o övladlarının və nəvələrinin ömründə yaşayır və bir də minlərlə şagirdinin qəlbində əbədi iz qoyub. Aydındır ki, insanlar dünyasıını dəyişəndən sonra yaddan çıxırlar, amma əbədi iz qoyanlar heç vaxt yaddan çıxmırlar. Eləcə də Cavanşir Camal oğlu Əliyev heç vaxt onu tanıyanların yadından çıxmayacaq. Qəbrin nurla dolsun, Cavanşir müəllim!


TƏQVİM / ARXİV