adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Cəhənnəmin isti bucağı

CEYHUN MUSAOĞLU
25764 | 2007-09-07 08:01
Yaşıdlarının ehsanını üyütməklə ömürlərini yola verən protez dişli ziyasızlar bir vaxt yığışıb Bakını "qəhrəman şəhər" elan etmək istəyirdilər. Onlara tapşırılmışdı: başını piyləyin, adlarla, ənamlarla susdurun paytaxtı! Çünki Bakı ən əsas şahiddi: Rövşən Cavadova kimin güllə atdığını bilir, Ziya Bünyadovun qatillərini tanıyır, Afiyəddin Cəlilovun gözlərini özü qapayıb, Elmar Hüseynova dəyən birinci güllənin səsini hamıdan qabaq eşidib. Bakı xalqa çəkdirilənlərin də, xalqın çəkdirdiklərinin də yeganə satılmayan şahididir. Bu şəhərdən hamı qorxur. Bu şəhərə hamı nifrət eləməsə də, çox tezliklə hamı nifrət eləyəcək. Bütün azərbaycanlıları dənə-dənə sata bilər axı. Sadəsini sadə qiymətə, mürəkkəbini mürəkkəb qiymətə. Neyləyəsiyik ona? Tutaq ki sadə vətəndaşlar əclaflıqları məmurların boynuna atacaq. Bəs məmurlar - Bakını güllələyəcəklər, "bandotdel"ə aparıb dırnağını çıxaracaqlar, MTN-in təcridxanasına salıb psixoloji təzyiq edəcəklər? Yox, bu şəhəri belə yüngül cəzalarla sındırmaq olmaz. Bakı mazoxistdi. Belinə çıxardığınız göydələnlər, gözünə soxduğunuz körpülər, başına axıtdığınız kanalizasiya suları onu özündən iyrəndirməz. Neyləsəz də Bakı özünə nifrət eləməyəcək, tüpürüb, qapını çırpıb getməyəcək. Türk, azərbaycanlı, yoxsa ərəb olduğunu dəqiqləşdirməyən toplumu varlığı ilə həmişə səksəkədə saxlayacaq.
   
   Biz hakimiyyətin də, müxalifətin də, elə bütövlükdə özümüzün də axırına çıxmalıyıq ki, təzələnək, zibil yox, gül qoxuyaq. Məsələn, hakimiyyətin harınlamış məmurlarını bu şəhərə tapşıraq. Onların axırına çıxsa, bu şəhər çıxacaq. Bütün dövlət strukturlarının əlindən cana yığılıb Bakı. Əməlləriylə şəhəri söydürüblər - o qədər "belə şəhərə tüpürüm" demişik ki... Demişik və tüpürmüşük də. Amma bir dəfə də olsun cavab qaytarmayıb. Elə yazıq-yazıq üzümüzə baxıb və deyib: "Bu da mənim yaxşılığım - yurdunu atıb qaçanlara qucaq açmışam, aclara zibilxanalarda çörək saxlamışam, evsizlərə küçələrimdə yer vermişəm. Əvəzində siz neyləmisiz? "Rəsmi Bakı Azərbaycanın işğalına dözməyəcək" - deyə-deyə, məni dünyanın gülüş hədəfinə çevirmisiz, balam İçərişəhəri əlimdən alıb gözümün qabağında süngüyə taxmısız".
   
   Nonsens: erməni vandalları da turk balalarına belə zülm eləmişdi. İndi necə deməyək: "erməniləşmişik"!
   
   Bakıdan qorxub, ona "qəhrəman şəhər" adı vermək istəyirdilər. Bakıdan qorxub, ona "qəhrəman şəhər" adı vermədilər. Bakının görünüşündən yazıqlıq tökülür. Qəhrəmanlığı onun harasına dürtəcəkdilər axı?
   
   Yazıq - şahid şəhərdi Bakı. Şahidlər isə heç vaxt qəhrəman ola bilməzlər. Qəhrəmanlar şəhidlərdi. Bakının şəhid olacağını da gözləməyin. Üstündə tikilən bəlkə də bütün çoxmərtəbəli binalar əyridirsə, bütün "most"lar mosta gedibsə, Bakı ancaq murdar ola bilər. Çünki bizim kimi sakinləri var: toyda içib ağlayırıq, yasda yeyib gülürük.
   
   

TƏQVİM / ARXİV